Gənc Tamaşaçılar Teatrı yeni mövsümdə

Gənc Tamaşaçılar Teatrı yeni mövsümdə

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 84-cü teatr mövsümünün başlanması ilə əlaqədar teatrın kollektivinin iştirakı ilə geniş müşavirə keçirilib. Bu barədə SİA-ya teatrın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, müşavirəni teatrın rəhbəri, əməkdar artist Mübariz Həmidov açaraq kollektivi məzuniyyətdən sonra işə başlaması və Müqəddəs Ramazan Bayramı münasibətilə təbrik edib. Daha sonra M.Həmidov 83-cü teatr mövsümdə teatrın fəaliyyəti və həmin ildə əldə olunan uğurları haqqında ətraflı məlumat verib, yeni - 84-cü teatr mövsümdə qarşıda duran vəzifələr və Bakıda keçiriləcək Beynəlxalq Teatr tədbirləri haqqında məlumat verib.

O qeyd edib ki, ilin sonunadək teatrsevərlərə daha 3 yeni tamaşa hazırlanaraq, təhvil veriləcək. Daha sonra teatrın rəhbəri məzuniyyət müddəti ölkə başçısının Sərəncamı ilə Fəxri adlara layiq görülən teatr əməkdaşlarını və sentyabrın 1-də ad günlərini qeyd edən aktyorları təbrik edib.

Azərbaycan Milli Peşəkar Dünyəvi Teatrın 139-cu mövsümünün sentyabrın 15-də yenicə təmirdən çıxan Mingəçevir Dövlət Dram Teatrında baş tutacağını, Gənc Tamaşaçılar Teatrının bir qrup üzvünün həmin açılışda iştirak edəcəyi barədə məlumat verib.

Sonda M.Həmidov teatrın kollektivinə yeni teatr mövsümündə uğurlar arzulayaraq, sentyabrın 24-dən kollektivin tamaşaçılarla görüşə gələcəyini bildirib.

Qeyd edək ki, yeni mövsümün ilk premyerası xalq yazıçısı İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" tamaşası sentyabrın 25-də, saat 19.00 oynanılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə