SİA-nın məlumatına görə, bu barədə nazirliyin mədəni irs şöbəsinin müdiri Rüfət Nuriyev məlumat verib. Onun sözlərinə görə, bugünədək qəza vəziyyətində olan 85-ə yaxın evdə təmir-bərpa işi başa çatdırılıb.
R.Nuriyev bildirib ki, Xınalığa müasir tələblərə uyğun yol çəkildikdən sonra kənd sakinləri öz evlərini müxtəlif üsullarla fərdi şəkildə təmir etməyə başlayıblar: \"Bu da kəndin unikal tarixi görkəminin itməsi ilə nəticələnə bilərdi. Mədəniyyət və Turizm Nazirliyi vəziyyətin ciddiliyini nəzərə alaraq xüsusi komissiya yaradıb, Xınalıqdakı təmirə ehtiyacı olan evlərin tarixi görkəmini saxlayaraq bərpa olunması üçün zəruri addımlar atıb. Kənddəki qəza vəziyyətində olan Cümə məscidinin bərpası üçün "Azərbərpa" Elmi-Tədqiqat Layihə İnstitutunun mütəxəssisləri tərəfindən layihə hazırlanıb.
Təmir-bərpa işlərinin bu ilin sonunadək başa çatacağı bildirilir\".
Xınalıq kəndində həm də Mədəniyyət və Turizm Nazirliyi tərəfindən kəşfiyyat tipli arxeoloji qazıntı işləri aparılır.
"Xınalıq" Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun ərazisində qədim yaşayış məntəqəsi və 1 ədəd kurqan aşkarlanıb. Ərazidə işləyən arxeoloq İdris Əliyevin bildirdiyinə görə, tapıntıların tunc dövrünə - e.ə. III-II minilliklərə aid olması ehtimal edilir. Arxeoloq tapıntıların böyük əhəmiyyətə malik olduğunu deyib. Onun sözlərinə görə, yaşayış məntəqəsi və kurqanın tədqiqindən sonra Xınalıq kəndi ilə bağlı bəzi mübahisəli məsələlərə aydınlıq gətirilə bilər.
Qeyd edək ki, kurqanın yerləşdiyi ərazidə 15-ə qədər mağara mövcuddur. Mağaraların qədim insanların yaşayış məskəni olması ehtimal edilir. Tezliklə mağaralarda arxeoloji qazıntılar aparılacaq
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB