Əməkdar incəsənət xadimi, kinorejissor, ssenarist Ayaz Salayevin SİA-ya müsahibəsi:
- Hazırda Azərbaycan kinosu hansı səviyyədədir, kinomuzun vəziyyəti sizi qane edirmi?
- Azərbaycan kinosunun gələcəyinə ümidlə baxıram. Artıq yeni nəsil formalaşır. Yeni nəsil də öz sözünü deməyə çalışır. Bəzən öz sözünü deyə bilmir, və ya deməyə söz tapa bilmirlər. Ancaq buna baxmayaraq yenə də yeni nəsil formalaşır. Mədəniyyət və Turizm Nazirliyi belə bir təşəbbüs də göstərir ki, yeni nəsli kino sahəsinə gətirsin. Nazirliyin kino sahəsində apardığı düzgün siyasət sahəsində yeni nəsil öz sözünü deməyə çalışır. Onu da qeyd edim ki, bu gün dünyada kino sahəsi sürətlə inkişaf edir və dəyişir. Bu gün müasir tələblərə uyğun olan filmlər çəkmək həm mövzu etibarı ilə, həm də forma etibarı ilə çətin məsələdir. Düşünürəm ki, rejissorlar yeni zamana qəlblərini, düşüncələrini geniş şəkildə açmalıdırlar. Elə bir hissiyyat ki, gələcəkdə bizi hələ tarixdə baş verməyən hadisələr gözləyir.
- Baxmayaraq ki, dünyada kino sahəsi inkişaf edir, ancaq etiraf edək ki, Azərbaycanda bu sahədə bir az kasadlıq hiss olunur....
- Artıq yeni nəsil yetişir. Hazırda Azərbaycanda da maraq doğura bilən filmlər də var. Misal olaraq Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə keçirilən "Bu meydan, bu ekran" müsabiqəsinin vasitəsi ilə yeni nəsil rejissorlar aşkara çıxarılır. Sadəcə olaraq bir az təmkinli olmaq lazımdır. Ola bilsin ki, bugünkü vəziyyətdə həmin nəslin işləri qənaətbəxş olmaya bilər, ancaq bütün bu nailiyyətlər gələcəkdə bu sahənin inkişafı üçün öz təməl bünövrəsini qoyacaq.
- Yaxşı filmin ərsəyə gəlməsi üçün yaxşı vəsaitin xərclənməsi lazımdır?
- Yeni filmlərin çəkilməsi üçün kifayət qədər vəsait ayrılır. Bu zamandan da lazımi şəkildə istifadə etmək məqsədə uyğun olardı.
- O zaman belə düşünək ki, yaxşı vəsait qoyulan filmlərimiz gələcəkdə beynəlxalq müsabiqələrdə layiqli yerlərdən birini tutacaq?
- Onu da qeyd edim ki, tək vəsait hər şeyi həll etmir. Pul ancaq yaradıcı, bədii məsələləri həll edə bilər. Vəsait ona kifayət edə bilər ki, hər hansı rejissor istədiyi aktyoru, operatoru kinoya dəvət edə bilər.
- Misal olaraq rejissor Rüstəm İbrahimbəyovun 800 min avrodan çox pul xərclədiyi "Kabusun gözüylə" filmi bir çox tənqidçilər tərəfindən tənqid edildi. Deməli bu qədər boşuna idi?
- Yenə də qeyd edirəm ki, artıq yeni nəsil formalaşır.
- Deməli köhnə nəslə artıq ehtiyac yoxdur?
- Köhnə nəsildə sözünü demək istəyirsə, qoy, desin. Misal olaraq adı çox da məşhur olmayan rejissorun çəkdiyi film "Kann" kino festivalında nümayiş olundu. Daha sonra Amerikada təhsil alan cavan rejissorun çəkdiyi film marağıma səbəb oldu. O, tamamilə fərqli formada bir film çəkmişdi. Təbii ki, yaşlı nəsil artıq öz sözünü deyib. Onlara yenidən mane olmaq olmaz.
- O zaman belə aydın olur ki, filmlərimizin "Oskar" mükafatı uğrunda mübarizə aparmasında gənc nəslin böyük rolu olacaq...
- "Oskar" mənim aləmimdə ölçü deyil. Bir çox zəif filmlər belə bu mükafata sahib olublar. Mənim aləmimdə festival, mükafat və müsabiqələrin müsbət və mənfi tərəfləri var. Müsbət tərəfi ondan ibarətdir ki, mütləq beynəlxalq kontekst lazımdır. Hansısa milli və qapalı bir dünyadan üstün olan bir ölçü təbii ki, lazımdır. Mənfi tərəfi isə ondan ibarətdir ki, hər hansı mükafatçı həmin mükafatın quluna çevrilir. Sənətə olan münasibət də getdikcə dəyişir. Bu baxımdan da təəssüflər olsun ki, mükafat verənlər tərəfindən bu məsələ bir az bəsitləşir. Bu hal da yəqin ki, mədəniyyətin və incəsənətin ən faciəli yeridir.
- Fikir versək, görərik ki, hazırda xaricdən rejissorlar dəvət olunurlar. Sizcə, buna ehtiyac var?
- Düşünürəm ki, xarici rejissorlara ehtiyac yoxdur. İlk olaraq milli rejissorlarımız iş tapmalıdırlar.
- "Yarasa" filmindən sonra Azərbaycan kinosu qaranlığa qərq olmadı ki?
- Heç də belə düşünmürəm. Maraqlı filmlərimiz çoxdur. "Yarasa" filmindən sonra bir çox uğurlu kinolar çəkilib ki, onlarda beynəlxalq kino festivallarında layiqli təmsil olunublar. Azərbaycan kinosunu indi bir çox tənqidçilər pisləyirlər. Niyə məhz kino sahəsini pisləyirlər? Bəs o biri sahələri yada salan yoxdur?
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB