“Miras” Azərbaycanı beynəlxalq festivalda təmsil edəcək

“Miras” Azərbaycanı beynəlxalq festivalda təmsil edəcək

Avqustun 2-dən 6-dək Çernoqoriyanın Hersoq-Novi şəhərində 25-ci Beynəlxalq Hersoq-Novi-Monteneqro film festivalı keçiriləcək. SİA-nın məlumatına görə, 32 ölkənin 34 filminin əsas mükafatlar uğrunda mübarizə aparacağı kinofestivalın müsabiqə bölməsində Azərbaycanı rejissor Fariz Əhmədovun "Miras" sənədli filmi təmsil edəcək.

Beynəlxalq sənət yarışmasında Azərbaycan ilə yanaşı, ABŞ, Kanada, İtaliya, İspaniya, Çexiya, Polşa və digər ölkələrin kino məhsulları da nümayiş olunacaq.

Məlumat üçün bildirək ki, "Miras" sənədli filmi bir çox beynəlxalq müsabiqələrdə uğur qazanıb.

Rejissor Fariz Əhmədov Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Rusiya Dövlət Kinematoqrafiya Universitetində kinorejissorluq ixtisası üzrə təhsil alır.

Filmin ssenari müəllifi Esmira Əyyub, quruluşçu operatoru Fərid Bağırovdur. Bu ekran əsəri 2010-cu ildə "Bir addım" studiyasında istehsal olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə