Vaşinqtonda “Azərbaycan xalçaları” aylığı çərçivəsində keçirilən silsilə tədbirlər davam edir - FOTO

Vaşinqtonda “Azərbaycan xalçaları” aylığı çərçivəsində keçirilən silsilə tədbirlər davam edir - FOTO

Vaşinqtondakı Qarabağ Fondu "Azərbaycan xalçaları" aylığı çərçivəsində keçirilən silsilə tədbirləri davam etdirir. Fonddan SİA-ya verilən xəbərə görə, bu tədbirlər sırasında ABŞ-ın Azərbaycan əsilli tanınmış xalça ustası Davud Zahirpurun xalça salonunda Azərbaycan xalçalarının sərgisi keçirilib və bu sərgiyə 200-dən çox ziyarətçi gəlib. Bu tədbirdə Azərbaycanın dostu sayılan tanınmış musiqişünas Jeffry Werbock qonaqlara Qarabağ xalçaçılıq məktəbi və bu qədim sənətin Azərbaycanda ənənəsi haqqında məlumat verib. Sərgidə 40-a yaxın xalça nümayiş olunub.

Digər böyük tədbir hər il ABŞ-ın tanınmış Tekstil Muzeyinin hər il keçirdiyi Festival olub. ABŞ-ın 10 tanınmış muzeyin iştirakı ilə keçən tədbirə yüzlərlə ziyarətçi qatılıb. Tədbir zamanı Qarabağ Fondu gözəl boyanmış Azərbaycan xalçalarını nümayiş etdirib və təşkilatın könüllüləri Azərbaycan mədəniyyətini ziyarətçilərə təqdim edib. Səhnənin yaxınlığın qurulan Qarabağ Fondunun kabinəsində təşkilat şərq xalçalarının hazırlanması və istehsalında Azərbaycanın vacib rolu haqqında amerikalı ziyarətçilər üçün təqdimat keçirib.

Tədbirdə iştirak edən uşaqlar xalça konturlarını boyayıb və Azərbaycan xalçalarını digər xalçalardan fərqləndirməyi öyrəniblər. Daha sonra Azərbaycan musiqisi muğam səslənib və musiqi çoxlu amerikalı ziyarətçinin marağına səbəb olub. Eyni zamanda Azərbaycan tələbələrinin Ulduz Rəqs Qrupu, Kardelen Türk rəqs qrupu və köçəri rəqqaslar tərəfindən Azərbaycan rəqslərinin təqdimatı keçirilib. Çoxlu amerikalı ziyarətçi Azərbaycan mədəniyyəti haqqında ətraflı məlumat alıb. Festivalda iştirak edən amerikalı ziyarətçinin sözlərinə görə Azərbaycan xalçaları şərq xalçaları içərisində böyük nailiyyətlər əldə edib. Ziyarətçi qeyd edib ki, dünyada olan çoxlu Azərbaycan xalçaları şərq, fars və erməni xalçaları adı altında təqdim olunur.

Fondun Direktoru Diana Altman bildirib ki, yaxın zamanlarda Qarabağ Fondu xalçaçılıq məktəbinin yaradılmasını nəzərdə yeni layihə hazırlayacaq. Bu layihədə Qarabağın işğal olunmamış rayonlarından birində gənc xanımlar üçün xalçaçılıq məktəbi və sexi yaradılacaq. Daha sonra ABŞ Tekstil Muzeyi və xalçaçılıq təşkilatları ilə birlikdə bu məktəbdə hazırlanmış Qarabağ xalçalarını ənənəvi olaraq geniş ictimaiyyətə təqdim edəcəkdir.

Hazırda Fondun veb saytında Azərbaycan xalçaları haqqında ayrı bloq açılıb http://www.karabakhfoundation.org/pages/news/blog/posts/azerbaijani-carpets/.

Yaxın zamanlarda tanınmış Amerikalı sənətşünasların bu bloqda Azərbaycan xalçaçılıq sənəti haqqında məqalələri çap olunacaq.

Qeyd edək ki, Qarabağ Fondu ABŞ-da yaradılmış və mərkəzi ofisi Vaşinqton şəhərində yerləşən qeyri hökumət təşkilatıdır. Bu təşkilat ABŞ-da QHT-lərə verilən yüksək 501 (C) 3 statusuna sahibdir. Fondun əsas məqsədi Azərbaycan, onun Qarabağ bölgəsi və bütünlükdə Qafqazı amerikalılara tanıtmaq, Azərbaycan mədəniyyəti və musiqisini Amerikada tərənnüm və təbliğ etməkdən ibarətdir. Buna nail olmaq üçün Qarabağ Fondu ABŞ-da müxtəlif sərgi, ictimai proqram, forum və mübadilə proqramlarının həyata keçirir.


Bütün xəbərlər Facebook səhifəmizdə