Anar Heybətov: \"Əsas umduğumuz tamaşaçı alqışıdır\"-MÜSAHİBƏ

Anar Heybətov: \"Əsas umduğumuz tamaşaçı alqışıdır\"-MÜSAHİBƏ

Aktyor Anar Heybətovun SİA.AZ-a müsahibəsi:


-Yaradıcılığınızda və həyatınızda nə kimi yeniliklər var?


-Teatrda yeni bir tamaşa hazırlamışıq. İyun ayının 5-də tamaşanın baxışı olub. Primyera kimi tamaşanı iyunun 22-də oynayacağıq. Gənc rejissor Vüqarın çəkdiyi "Şekspirin 12-ci gecəsi" əsəri əvvəllər teatr xadimləri nəzdində gənclər yaradıcılıq birliyi tərəfindən də hazırlanıb. Eyni zamanda bizim teatrın aktyorları cəlb olunub. Tamaşanı mənimlə bir yerdə Məsmə Aslanqızı oynayır. Məncə tamaşaçıların xoşuna gələcək. Mənə elə gəlir ki, tamaşa uğurlu alınıb. Tamaşaçıların gözü tərəzidir. Şəxsi həyatımda çox pis hadisə baş verib. İyunun 4-də anamı itirdim. Keçən ilin avqustunda biz onu müayinə etdirmişdik. Ancaq elə bir xəstəlik idi ki, xəstəliyinin çarəsi yox idi. Ancaq ayın 5-i primyerada oynamışam. Tamaşaçının isti münasibətindən hiss elədim ki, tamaşa alınıb.


-Sizi "Qaydasız Döyüş" və "Yaddaş" kimi seriallarda izləmişik. Fəaliyyətiniz ancaq bununlamı kifayətlənir? Yoxsa sizi yeni filmlərdə görə biləcəyik?


-"Yaddaş" və "Qaydasız Döyüş" filiminləri Vahid Mustafayevin rəhbərliyi ilə Bakı studiyasında çəkilib. Vahid Mustafayev filmlərdə ssenari müəllifi həm də ki, rejissorudur. Bizdə bu cür filmləri çəkən kinostudiyalar çox azdır. Azərbaycanlı aktrisa Məlahət Abbaszadə mənə telefon zəngi açaraq "Yahşı Cazibe" serialında hansısa bir rolda oynamağı təklif etdi. Ancaq mən nə hə, nə də yox cavab verə bilmədim. Çünki anamı qoyub heç yerə gedə bilməzdim. Anam xəstə olan zaman İrana getdim və kinoya çəkildim. Gələcəkdə qismət olarsa, Azərbaycandan kənarda hansısa bir kinoya çəkilərəm. "Yaddaş" və "Qaydasız Döyüş" filmləri bir çoxlarının xoşuna gəldi. Bəyənənlər və iradlarını bildirənlər də oldu. Həm də buraxılan səhvləri özümüz də gördük. Elə tamaşaçı var ki, özünü hamıdan ağıllı hesab edərək çox iradlar bildirdi. Amma mənə elə gəlir ki, bu filmlərin olmağına da şükür etməliyik. Bu cür filmlər davamlı olsa, inanıram ki, türk və rus filmlərindən hətta lazım gələrsə, Amerika filmlərindən də yaxşısını çəkə bilərik. Çünki bizim yaxşı aktyorlarımız var. "Yaddaş" filimində mənə deyirlər ki, film inandırıcı deyil. Ancaq Amerika filmlərində olan hadisələrə inanırlar. İnanmaqlarına səbəb ordakı filmlərin daha yaxşı təqdim olunmasıdır.



-Aktyor kimi sizə göstərilən qayğıdan razısınızmı?


-Mən hardasa özümü xoşbəxt aktyor sayıram. Elə akyorlarımız var ki, onlar heç bir filmə çəkilmirlər. Bu onların günahı deyil. Özümü hardasa xoşbəxt sayıram ki, teatrda tamaşalarda, repertuarlarda varam. Mən 1999-cu ildən Milli Dram Teatrında işləyirəm. İndiyə qədər çox tamaşalarda böyük rol oynamışam. Bu bir aktyor kimi xoşbəxtçiliyimdir. Filmlərdə də az çox çəkilmişəm. Qayğı deyəndə ki, bizə nə lazımdır- əsas umduğumuz tamaşaçının alqışıdır. Biz çalışırıq ki, oynadığımız rolu elə ifa edək ki, ən azı bizi sonda gül-çiçəkdə olmasa da alqışlasınlar. Çünki tamaşaçı alqışı min gül-çiçəyə dəyər. İnanıram ki, bundan yaxşı tamaşalarımız olacaq.



-Səhnəyə yeni-yeni cavan aktyorlar gəlir. Hansısa bir filmdə oynadıqdan sonra lovğalanırlar ki, bizdən yoxdur. Amma sizin kimi uzun illərin aktyorları kənarda qalır. Buna münasibətiniz necədir?


-Elə seriallar var ki, orda həqiqi aktyorlar iştirak edir. Elə aktyor var ki, poltexniki, iqtisadiyyatı qurtarır. Sonra başa düşür ki, qurtardığı sahə üzrə heç nə eliyə bilməyəcək. Düşünürlər ki, aktyorluq edərək insanları güldürüm. Elə insanlara aktyor demirəm. Universitet illərindən KVN-dən çıxıb. Daha sonra isə tamaşaçı rəğbəti qazanıblar. Ancaq bu o demək deyil ki, o aktyordur. "Qaydasız döyüşdə" mənfi, "Yaddaş"da isə müsbət rol oynamışam. Bu filmlər bir-birinə bənzəmir. Bəzi aktyorlarımız var ki, televiziyalarda gileylənirlər ki, bizi filmlərə dəvət etmirlər. İstəməzdim ki, aktyorlarımız televiziya ekranlarında belə danışsınlar. Çünki hər bir aktyor özünə hörmət eləməlidir.



-Bəs, siz indi kimləri aktyor hesab edirsiniz?



-Şövqü Hüseynov, Ramiz Novruzov, Yaşar Nuri və bu kimi insanları peşəkar aktyor hesab edirəm. Bizim kimi gənc aktyorlar utanır ki, peşəkar aktyorların yanında deyək ki, biz aktyoruq.



-Çəkildiyinin filmlərdə qonorar sizi qane edir?



-"Qaydasız döyüş" filiminə çəkiləndə qaneedici qonorar aldıq. Ancaq "Yaddaş" filimində ssenarini oxuduqdan sonra razılaşdıq. O filmdə oynayan aktyorlarda qonorar söhbəti eləmədən razılaşıblar. Çünki "Qaydasız döyüş" filmində bizim yaralı yerimiz olan Qarabağ döyüşlərindən söhbət gedir. Hər bir aktyor fəxr edərdi ki, bu cür filmə çəkilsin.



- Teatr aləmində qonorar sizi qane edirmi?


-Dövlət işində işləyirik, maaş alırıq. Ancaq aldığımız maaş çox azdır. Hər il rəhbərlik deyir ki, bu məsələni qaldıracağıq. Ay yarım məzuniyyətdə oluruq. Düşünürəm ki, kaş bu müddətdə də maaşsız da gedib işləyərdim. Çünki adam evdə xəstə kimi olur. Mənə elə gəlir ki, teatra gələn aktyor maaşı fikirləşməməlidir.


-Aldığınız maaşın məbləğ nə qədərdir?


-200 manat civarında maaş alıram.


-Əgər səlahiyyətiniz olsaydı, aktyora nə qədər maaş verərdiniz?


-Düşünürəm ki, ən azı aktyor 800-1000 manat maaş almalıdır. Ayın sonu gələndə aktyor aldığı maaşı ilə bütün problemlərini həll edəcək.



-Sizi müğənni İzzət Bağırovun yanında tez-tez görürük. Bilirik ki, dostluğunuz illərə söykənir. Niyə məhz İzzət Bağırovla?


-Bu sənətə təsadüfi gəlməmişəm. Orta məktəbi Bülbül adına orta ixtisas musiqi məktəbində oxumuşam. Oranın xalq çalğı alətlərinin tar şöbəsinin bitirmişəm. 11 il orda musiqi savadı almışam. Oranı bitirdikdən sonra İncəsənət Universitetinə daxil olmuşam. 1999-cu ildə Universiteti bitirmişəm. İzzətlə məktəb dövründən bir yerdə oxumuşam. O, bizim sinfə yeddinci sinifdən gəlib. Musiqi məktəbinə gedərək tar çalmağı öyrənirdi. 13-14 yaşından bu vaxta qədər dostuq. Universitetdə də bir yerdə oxumuşuq. Məktəb illərində olduğu kimi indi o qədər görüşə bilmirik. O vaxtı yatandan-yatana ayrılırdıq, ya da ki, bir-birimizin evində qalırdıq. Amma indi isə işlərimiz olur. Tez-tez görüşə bilmirik. Telefon əlaqəsi saxlayaraq bir-birimizdən hal-əhval tuta bilirik.


-Bəzi insanlar var ki, sizi İzzət Bağırovun prodüsseri kimi tanıyırlar. Bu nə ilə bağlıdır?


- İzzətin produsseri Anar Mədətovla məni səhv salırdılar. İzzətlə tez-tez bir yerdə olduğum üçün elə bilirdilər ki, Anar Mədətov mənəm. Elə vaxt olurdu ki, mənə zəng edirdilər ki, İzzət toya neçəyə gedir? Sənətində nəsə lazım olubsa, qardaş kimi yanında olmuşam. Amma təbii ki, prodüsseri kimi yox.


-Heç olub ki, İzzət Bağırovun piar işləri ilə məşğul olasınız?


-Klip çəkilişlərində, konsertdə, disk buraxılışlarında və eyni zamanda piar işləri ilə də məşğul olmuşam.

Bütün xəbərlər Facebook səhifəmizdə