Başqırdıstanda “Yeddi gözəl”in premyerası keçirilib

Başqırdıstanda “Yeddi gözəl”in premyerası keçirilib

Dahi Azərbaycan bəstəkarı Q.Qarayevin "Yeddi gözəl" baleti Başqırdıstan Opera və Balet Teatrında səhnəyə qoyulub. Azərbaycan Dövlət Opera və Balet Teatrının mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, iyunun 8-i və 9-da Ufada bu tamaşanın premyerası keçirilib. Premyera Rudolf Nureev adına Beynəlxalq balet sənəti festivalının açılışı çərçivəsində baş tutub. Tamaşanın quruluşu baletmeyster Rinat Abuşaxmanov tərəfindən həyata keçirilib. Musiqi rəhbəri və dirijor Rauşan Yakupov, stenoqrafiyanın müəllifi – Sankt-Peterburqlu rəssam Varvara Çuvina, işıq üzrə rəssam – Serdar Çarıyevdir.

"Biz çalışmışıq ki, tamaşa öz bədii səviyyəsinə görə görkəmli Azərbaycan bəstəkarı Q.Qarayevin hədsiz dərəcədə gözəl musiqisinə uyğun olsun. Səhnə kostyumlarının rəngarəngliyi, işıq və rənglərin dəyişməsi səhnədə Nizami Gəncəvinin eyniadlı poemasının əsas süjet xəttini ifadə edir. Sehrli və müdrik şərq nağılının səhnə təcəssümünü tam şəkildə ifadə etmək məqsədilə teatrın bütün texniki vasitələri tərəfimizdən bu tamaşa üçün səfərbər edilib", - rəssam Varvara Çuvina belə deyir.

İyunun 8-də baş tutan ilk premyera anşlaqla keçmiş və böyük uğur qazanıb. Başqırdıstan Respublikasının rəhbərliyi tamaşada iştirak edib. Tamaşadan sonra hər kəs "Yeddi gözəl" baleti haqqında sevinc və heyranlığını ifadə edən fikirlər söyləyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə