Bakıda avtobuslar hara yoxa çıxıb? – KÜNCDƏN BAXIŞ

Bu gün Bayılın 20-ci sahə dairəsi adlanan ərazisində işə gəlmək üçün avtobusa minmək istədim. Bu yaxınlaradək bu dayanacaqda həmişə azı 6-7 avtobus dayanmış olurdu, 5, 6, 88, 53, 205, 125 nömrəli marşrutlar buradan keçir, üstəlik, 5-in sonuncu dayanacağıdır. Bu gün isə ərazidə bircə avtobus belə yoxdur. İşə gedən sərnişinlər xeyli gözlədikdən sonra bir 5 nömrə özünü yetirir dayanacağa, ağzınadək sərnişin doldurub yola düşür. Salonda bürkü və havasızlıqdan bəzilərinin halı pisləşir, sürücüyə deyirlər ki, zəhmət olmasa kondisioneri yandırın, o isə bağırır- işləmir də, işləmir! Və nəinki kondisioneri, heç havalandırmanı da qoşmur. Neyləsin, yəqin müdiriyyət tapşırıb ki, biz çox pul qazanmalıyıq, avtobus ağzınadək dolu getməlidir, kondisioneri də açmayın, birdən 5-10 qəpik artıq yanacaq işlənər.

Avtobus parklarının yaxınlığında yaşayanlar deyir ki, balkonumuzdan bütün avtobusların qarajda yatdığını aşkar görürük. Yəni BNA-nın bu vəziyyəti əsaslandırmaq üçün heç bir arqumenti yoxdur. Fakt çılpaqlığı ilə ortadadır.

Hazırkı vəziyyətin səbəblərini anlamaq üçün 20-25 il əvvəlki vəziyyətə baxmalıyıq. Bir zamanlar bizdə də tramvay, trolleybus, elektrik qatarları və s. sistemləri mövcud idi. Həmin sistemlər var olduğu zaman nəqliyyatın və sərnişinlərin hərəkəti çox rahat olur. Müxtəlif nəqliyyat növlərinin işlədildiyi ölkələrdə sərnişindaşıma sistemi mükəmməl qurulur.

Ölkəmizdə yerüstü sərnişindaşımada yalnız avtobuslar qalıb. Onlar da faktiki olaraq yoxa çıxır. BNA qəsdən avtobusların çox az hissəsini xəttə buraxır. Mümkün qədər az avtobusla mümkün qədər çox sərnişin daşımaq prinsipi ilə hərəkət edilir. Məsələn, yüz sərnişini iki avtobusla daşımaqdansa, bir avtobusla daşımağa üstünlük verilir. Marşrut xətlərinin çoxu ləğv edildiyindən, sərnişinlər bir yerdən digərinə getmək üçün ən az iki avtobus dəyişməli olurlar. Şəhərin sərnişindaşıma xidməti əhaliyə xidmətdir, bu, pul qazanmaq strukturu deyil.

Avtobuslar azaldığından çoxları taksi ilə gedib-gəlməyə məcbur olur. İctimai nəqliyyatın azalması şəhərdə avtomibillərin sayını artırır ki, bu da daha bir problemə rəvac verir- tıxaclar artır.

Avtobusların vəziyyəti daha acınacaqlıdır. Şəhərin mərkəzi hissələrində bir neçə marşrutda müasir avtobuslar xəttə buraxılıb. Ancaq şəhərətrafı yerlərdə, hətta 90-cı illərin avtobuslarını görmək mümkündür. Həmin avtobuslar heç bir təhlükəsizlik normalarına cavab vermir. Qırıq-sökük, xarab vəziyyətdədir. Avtobuslar tez-tez yolda qalır, qəza törədir. Belə başa düşülür ki, şəhərdən kənarda yaşayan əhali pis şəraitdə, bir-birini əzərək, havasız avtobuslarda səyahət edə bilər. Ancaq söhbət gediş haqqına gələndə komfortlu avtobuslarla eyni məbləği ödəməlidirlər.

Daha ucuz yanacaqdan istifadə edildiyi halda, gediş haqqını bahalaşdırmağa çalışırlar. Sıxılmış qaz, benzindən və dizeldən ən pis halda 2-3 dəfə sərfəlidir. Belə halda qiyməti artırmaq yox, ucuzlaşdırmaq lazımdır.

Vaxtilə dağıdılan sərnişindaşıma sisteminin yenidən bərpası üçün indi çox böyük sərmayə tələb olunur. Bu nəqliyyat növləri bərpa edilməsə, vəziyyət getdikcə pisləşəcək. Yaxşı ki, metro var. Yoxsa şəhərdə vəziyyət faciəvi olardı. Belə bir sistemlə heç bir halda normal sərnişindaşımadan söhbət gedə bilməz.

Bu kimi sosial problemlər cəmiyyətdə güclü aqressiya yaradır. Bu şəraiti də BNA yaradır. Çalışır ki, avtobuslarda "iynə" atmağa yer olmasın. Hətta pandemiya dövründə virusun daha sürətlə və kütləvi yayılması üçün BNA xüsusi "xidmətlər" göstərdi. Bunun başqa izahı yoxdur. Nəticədə, sərnişinlər sürücü ilə, bir-birilə davaya çıxır. Çünki hər bir sərnişin rahat səyahət etmək istəyir. Bu, onların haqqıdır, çünki bunun üçün pul ödəyirlər.

Bəzən avtobusun içərisində nəfəs almağa belə yer olmadığı üçün dayanacaqda saxlanılmır. Bəzəkli-düzəkli avtobusları almaqla iş bitmir. Xidməti təşkil etmək lazımdır. Bir çox ölkələr var ki, avtobusları bizimkilərdən daha ucuz və sadədir. Ancaq çox sistemli şəkildə hərəkət edir. 300 minlik avtobusları biz ağzına qədər dolu istifadə edirik. Sonra da tez sıradan çıxır. Yerüstü sərnişin nəqliyyatını sıfırlayıb, yenidən qurmaq lazımdır.

Bütün xəbərlər Facebook səhifəmizdə