Ən böyük arzum torpaqlarımızı düşməndən azad etmək olub...

Qarabağ müharibəsi iştirakçısı...

Haşımov Cahid Qabil oğlu 2-ci Qarabağ müharibəsinin iştirakçısı, Vətən müharibəsi əlilidir. 2020-ci ildə Azərbaycan Ordusunun şanlı Zəfərindən sonra "Vətən müharibəsi iştirakçısı", “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, 1994-cü il martın 17-də Bakı şəhərində anadan olan C.Haşımov 2011-ci ildə 635 balla Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olub və 2015-ci ildə bu ali təhsil ocağını fərqlənmə diplomu ilə bitirib. 2015-2017-ci illərdə ixtisası üzrə respublika birincisi kimi həmin akademiyada magistraturada Beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə təhsil alıb. Hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində çalışır.

C.Haşımov hərbi xidməti 2015-2016-cı illərdə Naxçıvan Muxtar Respublikasında keçirib. 2020-ci ildə hərbi toplanışla əlaqədar çağrılıb ki, bu da Vətən müharibəsinin başlanmasından 1 həftə öncəyə təsadüf edib. Onun sözlərinə görə, əmr gələndə Vətən qarşısında borcunu yetrimək üçün döyüş bölgəsinə yollanıb. Ən böyük arzusu torpaqlarımızı düşməndən azad etmək olub. Həmin günlərdə onun da digər Vətən oğulları kimi fikri, düşüncəsi, ruhu sanki bir nöqtəyə hədəflənmişdi - torpaqlarımızı azad görmək! Bu, ona həm məsuliyyət, həm də güc verirdi.

İştirak etdiyi döyüşlərin getdiyi ən çətin bölgələrdən biri Füzuli rayonu idi. O zaman düşmənin ən çox istehkam qurduğu, mürəkkəb mühəndis sədləri, aşırımlarla möhkəmləndirdiyi cəbhə xətlərindən biri məhz bu istiqamətdə idi. Vətən müharibəsi başlayanda ilk hücumların məhz Füzuli istiqamətindən başlanması təsadüfi deyildi. Cəbhənin ön xətti olduğundan möhkəmləndirilmiş müdafiə xəttini yarmaq asan deyildi.

Cahid bildirib ki, belə anlarda insana ən böyük motivasiyanı döyüş yoldaşlarının iradəsi və qorxmazlığı verir. Onların şücaəti və qorxmazlığı adamı irəli aparır.

“Bəlkə də elə buna görə, minaatan atəşinə məruz qalıb ilk dəfə yaralandığım döyüşdən çıxdıqdan sonra gözümüz yalnız irəli baxırdı. Yaram yüngül idi, ona görə də döyüş əməliyyatlarında iştirakımı davam etdirməyə icazə verdilər. Həm də biz torpaqları azad etməyə davam edirdik və bu, izah olunmaz dərəcədə güclü bir motivasiya idi. Ən çətin döyüşlərimizdən biri Aşağı Seyidəhmədli kəndi istiqamətində oldu. Bilirsiniz ki, düşmən oranı çox möhkəmləndirmişdi, hətta məşhur bunker də bu ərazidə idi. Aşağı Seyidəhmədli uğrunda döyüşlər ən gərgin məqamlardan biri sayılırdı – düşmənin müqaviməti çox güclü idi. İkinci dəfə burada yaralandım. Yenə minaatan atəşinə məruz qalmışdıq, bu dəfə mina çox yaxın düşmüşdü. Zərbə dalğası məni uzun bir məsafəyə tulladı və xeyli müddət sonra ayıla bilmişdim. Bu dəfə yaralanandan sonra təxliyə olundum”, - deyə C.Haşımov vurğulayıb.

O günlərin yaddaşında həm sevincli, həm də kədərli xatirələrlə həkk olunduğunu deyən Cahid vurğulayıb ki, torpaqlarımızın azad olunması xəbərlərini eşitmək, hər azad olunan kənd və rayonun adını eşitdikcə yaşadığımız sevinc hissi izaholunmaz idi. Döyüş mövqelərinə gələn xəbərlər əsgərlərə həm ruh, həm də güc verirdi. Bununla belə, döyüş yoldaşlarının şəhid olmasının şahidi olmaq insanı dərindən sarsıdır. Yeganə təsəlli şəhidlərimizin qanının yerdə qalmamasıdır. Onların igidliyi, Ali Baş Komandanın qətiyyəti və ordumuzun peşəkarlığı nəticəsində torpaqlarımız azad olundu. Bu, həm şəhidlərimizə, həm də gələcək nəsillərə ən böyük borcumuzun ödənməsi demək idi.

İgid Vətən oğlunun sözlərin görə, təltif olunduğu medallar sadəcə mükafat deyil, həm də keçdiyi çətin döyüş yolunun, itkilərimizin və qələbəmizin xatirəsidir. Onlara baxanda həm qürur duyur, həm də şəhid yoldaşlarını xatırlayır.

Dövlət səviyyəsində qazilərə hər zaman xüsusi qayğı göstərildiyini deyən C.Haşımov dövlət başçısının qazilərə diqqət və qayğısının bilavasitə nəticəsi olaraq mənzillə təmin olunduğunu diqqətə çatdırıb: “Bundan əlavə, səhhətim və sosial məsələlərlə bağlı hər zaman aidiyyəti qurumlar maraqlanır, lazım olan dəstək göstərilir. Müxtəlif reabilitasiya proqramları, tibbi müayinələr və digər sosial tədbirlər bizim daim diqqətdə olduğumuzun sübutudur. Dövlət Vergi Xidmətində çalışdığım dövrdə də rəhbərliyimizin qazilərə münasibəti həmişə nümunəvi olub. Həm iş mühitində yaradılan şərait, həm də kollektivin hörmət və qayğısı bizə əlavə motivasiya verir. Rəhbərliyin qazilərə və şəhid ailələrinə göstərdiyi ehtiramı hiss etmək çox qürurvericidir. Bu münasibət bizə bir daha xatırladır ki, gördüyümüz iş və keçdiyimiz yol dövlət və xalq tərəfindən yüksək qiymətləndirilir”.

Cahid ən böyük arzusunun ölkəmizin daha da inkişaf etməsi, daha da güclənməsi, həmçinin gələcək nəsillərimizin sülh və firavanlıq içində yaşamasını dilə gətirib. Bu gün isə əsas hədəf ölkə Prezidentinin rəhbərliyi ilə bu azad edilmiş torpaqlarda həyatın bərpası, inkişafı və güclü dövlətimizin möhkəmlənməsinə nail olmaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə