Paytaxt Bakı qışa hazırdırmı? - QURUMLAR ARASINDA SORĞU

Qış mövsümü yaxınlaşdıqca əhali və sənaye üçün ən vacib məsələlərdən biri enerji və kommunal xidmətlərin fasiləsiz təminatıdır. Hər il olduğu kimi, bu il də ölkəmizdə qışa hazırlıq prosesi diqqətlə aparılır. Bəs qurumlar qışa hazırdırmı? SİA olaraq mövcut vəziyyətlə bağlı "Azəristiliktəchizat", "Azəriqaz" və "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti"nə müraciət etdik.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti: "Payızda mövsümlə əlaqədar İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən bütün tullantı və yağış xətlərində monitorinqlər aparılır. Yağış kollektor quyularına, daşıyıcı xətlərə ayrı-ayrılıqda baxış keçirilir. Tutulmalar müşahidə olunan xətlərdə texnikalar vasitəsilə yuyulma işləri icra olunur. Ərazidəki şəbəkələr payız-qış mövsümünə tam hazır vəziyyətə gətirilir. Ancaq nəzərə almaq lazımdır ki, hər bir kollektorun müəyyən daşıma həcmi mövcuddur. İntensiv leysan xarakterli yağışlarda kollektorlar həddindən artıq yüklənə bilir.

Həmçinin o da məlumdur ki, elə ərazilər var ki, orada təchizat sistemi mövcud deyil. Belə hallarda bu kimi ərazilərdə intensiv yağıntılar zamanı suyun ətrafa toplanması müşahidə edilir. Bu kimi problemlərin aradan qaldırılması məqsədilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Tullantı su şəbəkəsi mövcud olmayan ərazilərə müvafiq sukanal idarələrinin qəza briqadaları cəlb edilərək istismar qaydalarının mümkün şərtləri çərçivəsində yığılan suyun maşınlar vasitəsilə qismən və ya tam çəkilməsi təmin edilir.

Eyni zamanda, hazırda su və tullantı su təchizatının yaxşılaşdırılması və yeni infrastruktur təminatı məqsədilə ADSEA tərəfindən bir sıra iri həcmli layihələr icra olunur".

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev bildirib ki, Azəriqaz İstehsalat Birliyi hər il may ayının 1-dən noyabr ayının 1-nə qədər payız-qış mövsümünə hazırlıq prosesinə start verir və bu müddət ərzində həmin işlər həyata keçirilir: "Hər il olduğu kimi, bu il də yenilənmiş qaz xətlərinin sızmaya qarşı yoxlanılması, boyanma işləri, şkaf siyirtmələrinin sazlığının yoxlanması, yeraltı boru xətlərinin yerüstü dayaqlar üzərinə qaldırılması, korroziyaya uğramış boru xətlərinin yeniləri ilə əvəz olunması kimi tədbirlər görülür.

Məlumat üçün qeyd edim ki, görülən işləri rəqəmlərlə də ifadə etmək istərdim. Belə ki, bu ilin may ayının 1-dən noyabr ayının 1-nə qədər ümumilikdə 233 km qaz kəməri əsaslı təmir olunub. Bunlardan 58 km-i Bakının, 175 km-i isə regionların payına düşür. Eyni zamanda, bu müddət ərzində 37 km yeraltı qaz xətti yerüstü dayaqlar üzərinə qaldırılıb. 104 km uzunluğunda yenilənmiş və ya korroziyaya uğramış hissələrdə boyama işləri aparılıb.

Azəriqaz İstehsalat Birliyi olaraq, görülən tədbirlər nəticəsində əminliklə deyə bilərik ki, qarşıdan gələn qış mövsümünə tam hazırıq. Abunəçilərimiz bu qış ciddi şəkildə mavi yanacaq problemi yaşamayacaqlar. Təhlükəsiz və davamlı qaz təchizatını təmin edə biləcəyik".

“Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı qeyd edib ki, payız-qış mövsümünə hazırlıq çərçivəsində “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin balansında olan 550 qazanxana tam hazır vəziyyətə gətirilib: "Balansda olan 80 mindən çox avadanlıq istismara hazırdır. 1000 km-dən artıq magistral və məhəllədaxili istilik xətləri dəfələrlə hidravlik təzyiqlə yoxlanılıb, axıntı və qəza riski olan xətlər cari və əsaslı təmir olunub və ya yenisi ilə əvəz edilib. Bir sözlə, 15 noyabrda istilik mövsümünün başlanmasına Azərbaycan İstilik Təchizatı ASC tam hazırdır".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə