Avtobus marşrutlarına onlayn bilet satışı 44 %-ə yaxın artıb - AYNA

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda şəhərlərarası və rayonlararası müntəzəm avtobus marşrutlarına onlayn bilet satışını təmin edən "biletim.az" portalı vasitəsilə onlayn qaydada 654 278 bilet əldə edilib. Bu barədə SİA Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata əsasən, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 43,6 % çoxdur. 2024-cü ilin 10 ayı ərzində qabaqcadan satış üzrə biletlərin xüsusi çəkisi 22 % idisə, cari ilin müvafiq dövründə bu rəqəm 33 %-ə yüksəlib.

Qeyd edilib ki, bu artım sərnişinlərin avtovağzal xidmətlərinə etimadının artdığını və səfərlərini planlaşdırarkən onlayn bilet alışı imkanlarından daha fəal şəkildə istifadə etdiklərini göstərir.

Xatırladaq ki, "biletim.az" portalında 56 şəhər və rayona, 86 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 346 reys olmaqla 394 nəqliyyat vasitəsi qoşulub. Onlayn bilet satışı sistemi mərhələli şəkildə sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları əhatə edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə