“Bu birlik bizi daha böyük uğurlara aparacaq” - ŞƏRH EDİLDİ

“Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbəsinin 5 ili tamam olur. 5 il çox tez gəlib keçdi. Ancaq biz həm 44 günlük Vətən müharibəsini, həm də Vətən müharibəsindəki qələbəmizi uzun illər gözləyirdik və torpaqlarımızın geri qaytarılması üçün hər şeyimizi verməyə hazır idik”. Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, uzun illər Azərbaycan dövləti tərəfindən məktəbyönlü, hazırlıq işləri həyata keçirildi:

”Çoxsaylı gənclərin və vətəndaşların ideoloji hazırlığına önəm verildi. Azərbaycan əsgəri inanırdı və Azərbaycan Ordusu ən müasir döyüş texnikaları ilə cavab verməyə başladı. Şükürlər olsun ki, bu görülmüş işlər 44 günlük Vətən müharibəsində öz bəhrəsini verdi.

Ali Baş Komandanımızın dəyanəti, ordumuzun qəhrəmanlığı nəticəsində Azərbaycan əsgəri daim irəli gedərək, şəhərlərimizi, rayonlarımızı, kəndlərimizi işğaldan azad etdi. Azərbaycan əsgəri bir dəfə də olsun geri addım atmadı. Yalnız irəli gedən Azərbaycan Ordusu Azərbaycan xalqının, canı, qanı bahasına torpaqlarımızın işğaldan azad olunmasına nail oldu. 8 noyabr tarixi — Şuşanın işğaldan azad edilməsi, Azərbaycanın müstəqillik tarixində dönüş nöqtəsi oldu. Şuşa işğaldan azad olunduqdan sonra Ermənistan rəhbərliyi başa düşdü ki, Azərbaycanla güc və təhdid dili ilə danışmağın mənası yoxdur və məcburiyyət qarşısında qalaraq kapitulyasiya aktını imzaladı. Nəticədə biz Kəlbəcər, Laçın və Ağdam rayonlarını bir güllə atmadan azad etdik.

Bu 5 il ərzində ən önəmli tarixlərdən biri də 2023-cü ilin 20 sentyabrında oldu. Azərbaycan nəhayət ki, suverenliyini tam bərpa etdi. Xankəndi, Xocalı, Ağdərə, Xocavənd və bütün Qarabağ torpaqlarında Azərbaycanın üçrəngli bayrağı dalğalandı və biz tam suverenliyə nail olduq.

Bu gün biz artıq zəfərin 5 illiyinə hazırlaşırıq. Necə ki, 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə yubiley paradı keçirildi, 2020-ci ilin dekabrında Zəfər paradı təşkil olundu, eləcə də 2025-ci ildə Zəfərin 5 illiyi münasibətilə böyük yubiley paradı gözlənilir. Bu parad bir daha dünyaya Azərbaycanın gücünü, ordumuzun nəyə qadir olduğunu göstərəcək. Mən bu münasibətlə şəhidlərimizi ehtiramla yad edirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı, uzun ömür arzulayıram. Eyni zamanda bu Zəfərin səbəbkarı və memarı olan Ali Baş Komandan, cənab Prezident İlham Əliyevi ürəkdən təbrik edirəm. Bizə bu qələbəni yaşadan Ali Baş Komandana hər zaman uğurlar və yeni zəfərlər diləyirəm. Xalqımızın, ordumuzun və Ali Baş Komandanın birliyi daim olacaq və bu birlik bizi daha böyük uğurlara aparacaq”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə