"Dəyişikliklər ümumi sağlamlıq vəziyyətini ciddi şəkildə pisləşdirir" - HƏKİM AÇIQLADI
"İnsulin direnci, orqanizmin insulin hormonuna qarşı həssaslığının azalması ilə xarakterizə olunan maddələr mübadiləsi pozuntusudur. Normal halda insulin, qanda olan qlükozanın hüceyrələrə daxil olmasını təmin edir və onun enerji kimi istifadə olunmasına kömək edir". Bu sözləri SİA-ya açıqlamasında həkim Fidan Həsənli deyib.
Onun sözlərinə görə, lakin insulin direnci zamanı hüceyrələr bu hormona lazımi cavab vermir və nəticədə qanda şəkərin miqdarı artır. Bu vəziyyət uzun müddət davam etdikdə, mədəaltıvəzi daha çox insulin ifraz etməyə məcbur olur: "Bu da həm orqanın yorulmasına, həm də müxtəlif maddələr mübadiləsi problemlərinə gətirib çıxarır. İnsulin direncinin yaranmasına çoxsaylı amillər təsir göstərir. Ən əsas səbəblərdən biri qeyri-sağlam qidalanmadır - xüsusilə də şəkər və sadə karbohidratlarla zəngin, lif və təbii qidalarla kasad olan rasion. Hərəkətsiz həyat tərzi, artıq bədən çəkisi, xüsusən də qarın nahiyəsində yığılan piylər, stress, yuxu pozğunluqları və genetik meyllilik də insulin direncinin formalaşmasında mühüm rol oynayır.
Uzunmüddətli insulin direnci insan sağlamlığı üçün ciddi təhlükə yaradır. Bu vəziyyət 2-ci tip şəkərli diabetin əsas səbəbi sayılır, çünki zaman keçdikcə bədən artıq insulini yetərincə istehsal edə bilmir və qanda şəkər səviyyəsi davamlı şəkildə yüksək qalır. Bundan əlavə, insulin direnci ürək-damar xəstəlikləri, yüksək qan təzyiqi, xolesterin pozuntuları və piylənmə riskini artırır. Qadınlarda hormonal tarazlığın pozulmasına, xüsusilə polikistoz yumurtalıq sindromunun yaranmasına səbəb ola bilər. Bu dəyişikliklər bir-biri ilə əlaqəli olub, ümumi sağlamlıq vəziyyətini ciddi şəkildə pisləşdirir.
Erkən diaqnostika bu prosesin qarşısını almaqda həlledici rol oynayır. Qan analizləri vasitəsilə insulin və qlükoza səviyyələrinin yoxlanılması, həmçinin həkim tərəfindən risk faktorlarının qiymətləndirilməsi insulin direncinin vaxtında aşkarlanmasına imkan verir. Əgər problem erkən mərhələdə müəyyən edilərsə, həyat tərzi dəyişiklikləri ilə onu geri çevirmək mümkündür. Sağlam və balanslaşdırılmış qidalanma, müntəzəm fiziki aktivlik, ideal bədən çəkisinin qorunması, stressin idarə olunması və kifayət qədər yuxu bərpaedici təsir göstərir. Siqaret və alkoqoldan uzaq durmaq da mühüm əhəmiyyət daşıyır.
İnsulin direncinə qarşı mübarizə sadəcə xəstəliyin qarşısını almaq üçün deyil, ümumilikdə daha sağlam və enerjili həyat sürmək üçün də vacibdir. İnsulin direncinin ürək-damar xəstəlikləri və hormonal pozuntular üzərindəki təsiri olduqca ciddi və çoxsahəlidir. Bu vəziyyət təkcə maddələr mübadiləsini deyil, orqanizmin demək olar ki, bütün sistemlərini zədələyə bilir.
Ürək-damar sisteminə təsir baxımından insulin direnci “səssiz risk faktoru” hesab olunur. Qanda şəkər və insulin səviyyəsinin davamlı olaraq yüksək qalması damarların daxili səthində iltihabi dəyişikliklərə, onların elastikliyinin azalmasına və daralmasına səbəb olur. Bu isə arteriyaların bərkiməsi, yəni aterosklerozun yaranması üçün şərait yaradır. Nəticədə qan dövranı pozulur, ürək əzələsinə və beyinə qan axını azalır, infarkt və insult riski artır. Eyni zamanda insulin direnci çox vaxt yüksək təzyiq və xolesterin disbalansı ilə müşayiət olunur ki, bu da ürək-damar xəstəliklərinin inkişafını daha da sürətləndirir. Hormonal sistemə gəlincə, insulin direnci xüsusilə qadınlarda endokrin tarazlığı ciddi şəkildə poza bilər. Bədəndə artıq insulin ifrazı yumurtalıqlarda kişi hormonlarının - androgenlərin səviyyəsini yüksəldir. Bu isə menstrual dövrün pozulmasına, sonsuzluğa, sızanaqlara, tüklənməyə və polikistoz yumurtalıq sindromunun (PKOS) yaranmasına gətirib çıxara bilər. Kişilərdə də hormonal dəyişikliklər mümkündür - testosteron səviyyəsinin azalması, enerji itkisi və maddələr mübadiləsinin zəifləməsi kimi hallar baş verə bilər.
Ümumilikdə, insulin direnci uzunmüddətli dövrdə həm ürək-damar, həm də hormonal sistem üçün çox təhlükəlidir, çünki bu iki sistemin pozulması bir-birini tamamlayaraq orqanizmdə zəncirvari fəsadlara səbəb olur. Bu səbəbdən vəziyyətin vaxtında aşkarlanması və həyat tərzi dəyişiklikləri ilə nəzarət altına alınması təkcə şəkərli diabetin deyil, eyni zamanda ürək-damar və hormonal problemlərin də qarşısını almaqda həlledici rol oynayır".
Müəllif: Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)

USD
EUR
GBP
RUB