Süni intellekt məzmunu üçün yeni qaydalar: Şəffaflıq artacaqmı? - EKSPERT AÇIQLADI

Süni intellektlə hazırlanmış foto, video və audio materiallara dair yeni tələb qoyulur. Layihəyə əsasən, süni intellekt texnologiyaları vasitəsilə hazırlanmış foto, video və ya audio materiallar kütləvi nümayiş etdirildikdə belə texnologiyalardan istifadə edilməklə hazırlandığını aydın şəkildə göstərən və asanlıqla görünən nişanlanma ilə təmin edilməlidir. Bəs bu layihə nə dərəcədə effektiv olacaq?

Məsələ ilə bağlı Mediada İnnovativ Təşəbbüslərə Dəstək İB sədri, media eksperti Müşfiq Ələsgərli SİA-ya açıqlamasında bildirib ki, süni intellekt vasitəsilə tərtib edilən foto, video və audio materiallara dair yeni qaydaları ehtiva edən layihənin hazırlanaraq müzakirəyə çıxarılması beynəlxalq praktikaya tam uyğundur:

"Məlumat üçün qeyd edim ki, Azərbaycandan öncə dünyanın bir sıra dövlətləri artıq buna bənzər qanunları qəbul ediblər, yaxud, müzakirəyə çıxarıblar. O cümlədən, Avropa Parlamenti tərəfindən Aİ qanunvericiliyinə edilən əlavə və dəyişikliklərdə də bu məsələ öz əksini tapıb. Azərbaycan beynəlxalq praktikada yer vtutan bu mövzunu gündəmə gətirməklə, informasiya məkanını manipulyasiyalardan qorumaq məqsədi güdür. Süni intellektlə yaradılan məzmunun nişanlanmasını tətbiq etməklə, informasiya mühitində şəffaflığı artırmaq və deepfake texnologiyalarının yaratdığı riskləri azaltmaq mümkündür.

Qeyd etmək lazımdır ki, xəbər istehsalı, informasiya işi tarix boyu texnoloji tərəqqi ilə bağlı olub. İndi də belədir: süni intellekt media üçün yeni texnologiyadır və bənzərsiz imkanlar təqdim edir. O, faktları axtarmaq, məlumat toplamaq, ideyalar formalaşdırmaq, mətn tərtib etmək və sair bu kimi prosesində əhəmiyyətli dəyişiklikləri ehtiva edir. Bir sözlə, süni intellekt qlobal informasiya landşaftında inqilabi dəyişiklik etmək potensialına malikdir.

Bununla yanaşı, süni intellekt etimadlı informasiya əldə etmək hüququ baxımından problem də yaradır, dezinformasiyanın sürətli yayımı üçün platforma yaradır. Təəssüf ki, bu gün yeni texnologiyalar vasitəsilə formalaşdırılan və yayılan dezinformasiyalar, deepfeyklər informasiya məkanında ciddi faktora çevrilirlərək informasiya çirkliliyini artırır.

Bunun qarşısını almaq üçün yüni qanunların, qaydaların və kodekslərin tərtib və tətbiq edilməsi zəruridir. Azərbaycan da öz daxili qanunvericiliyini bu zəruri prosesə uyğunlaşdırır".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə