Avtoqəzadan sonra ziyanımız sığortanın ödədiyi puldan çoxdursa, nə etməliyik? - VƏKİL AÇIQLADI
“Avtoqəzadan sonra faktiki zərər sığorta şirkətinin ödədiyi məbləğdən çoxdursa, artıq qalan hissəni təqsirli şəxsdən tələb etmək hüququnuz var”.
Bu sözləri SİA-ya açıqlamasında vəkil Ramil Vəliyev deyib.

O bildirib ki, Azərbaycan qanunvericiliyi zərərçəkəni yalnız sığorta ödənişi ilə məhdudlaşdırmır:
”Praktik olaraq ilk addım real zərərin düzgün hesablanmasıdır. Bunun üçün avtomobilin təmir dəyəri, ehtiyat hissələrinin qiyməti, evakuator xərci, saxlanma xərci və digər zəruri məsrəflər sənədlərlə təsdiqlənməlidir.
Sadəcə ustanın şifahi sözü ilə deyil, rəsmi servis hesab-fakturası, qaimə, çek, foto və video sübutlarla hər məbləğ əsaslandırılmalıdır.
Əgər sığorta şirkətinin hesablaması ilə sizin hesablamanız arasında ciddi fərq varsa, müstəqil qiymətləndirmə və ya ekspert rəyi almaq faydalıdır.
Çünki məhkəmədə ən çox mübahisə doğuran məsələ ziyanın həqiqi məbləği olur. Bu zaman təqsirli sürücüyə və ya nəqliyyat vasitəsinin sahibinə yazılı pretenziya göndərmək düzgün addımdır.
Həmin məktubda qəzanın tarixi, sığortanın ödədiyi məbləğ, sizin faktiki zərəriniz və tələb etdiyiniz fərq konkret göstərilməlidir.
Məktuba sübut kimi yol-nəqliyyat hadisəsi sənədləri, sığorta qərarı, ödəniş sənədi, ekspertiza rəyi və təmir sənədləri əlavə olunmalıdır.
Bəzən qarşı tərəf məhkəməyə getmədən qalıq məbləği ödəyir. Ödəmədiyi halda isə məhkəməyə müraciət etmək lazım gəlir.
Mülki qanunvericiliyə əsasən, zərər vuran şəxs vurduğu zərəri tam həcmdə əvəz etməlidir.
Əgər qarşı tərəf “sığorta artıq ödəniş edib, mən daha heç nə ödəməli deyiləm” deyirsə, bu mövqe doğru deyil.
Çünki qanun sığorta həddindən artıq qalan zərərin ayrıca tələb edilməsinə imkan verir.
Xüsusən avtomobilin bazar qiyməti, orijinal hissələrin bahalılığı və əlavə xərclər olduqda fərq böyük ola bilir.
Nəticə olaraq, sığortanın ödədiyi məbləğ ziyanınızı tam bağlamırsa, qalıq zərəri ayrıca tələb etmək lazımdır.
Düzgün sübutlar toplandıqda həmin fərqin təqsirli şəxsdən məhkəmə qaydasında alınması hüquqi baxımdan mümkündür”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB