Valideynlərin, müəllimlərin, abituriyentlərin ən gərgin günləridir- ali məktəbə qəbul imtahanları başlayıb. Son günlərdə bir neçə abituriyent intihar etdi, istədiyi nəticəni toplaya bilmədiyi üçün. Onların arasında ziyalı ailənin övladı, məktəb birincisi, yarışlar qalibi, mükafatlar sahibi də var.

Bu ilk deyil, son da olmayacaq. Hər il universitetə qəbul və orta məktəbin buraxılış imtahanlarının yaratdığı stress və zəif imtahan nəticələri bizə bu şoku yaşadır. Artıq alışmışıq buna, immunitet yaranıb hamımızda.

Uşaqlar var qüvvələri ilə oxuyurlar, bütün güclərini yüksək bal toplamağa səfərbər edirlər. Həm müəllim, həm valideyn tələb etdiyi üçün, həm də ödənişsiz yer qazanmaq üçün. Çünki 4-5 il repititor ilə ali məktəbə hazırlaşdıqları üçün valideyn soyulmuş soğana çevirilib. Çünki təhsil sistemində hər il bir hoqqabazlıq edən nazirlik məktəblərdəki özbaşınalığı, korrupsiyanı ciddi problem hesab etmədiyi, məktəbləri bazara çevirdiyi üçün bu uşaqlar məktəbdə təhsil ala bilməyib illərlə repetitor yanına getməli olublar.

Abituriyent yeməyindən, geyməyindən kəsib hər ay 150-300 manat müəllim pulu ödəyən valideyni üçün ödənişsiz fakültəyə qəbul olmağı vacib hesab edir, özünü buna borclu hiss edir. Valideyn də bunu umur övladından. Düzmü edir? Həm düz edir, həm də səhv. Düz edir, çünki orta statistik azərbaycanlı üçün bu rəqəmlər böyükdür. Səhv edir, bunu övladına deyə-deyə onu borclu hiss etdirdiyi üçün.

Bəs müəllimlər? Onlar nə edir? Məktəbdəki dərsini yola verir, əlavə işlədiyi kursa ya da evinə tələsir, repetitorluq etməyə. Məktəbdə bir dəfə başa saldığı mövzunu ikinci dəfə izah etmir, soruşan şagirdə qarşı aqressiv olur, təhqir edir. Amma repetitorluq etdiyi uşaqlara 10 dəfə də başa sala bilir. Bunun göstəricisidir ki, məktəbdə heç bir nəticəsi olmayan uşaqlar repetitor yanında əla nəticələr göstərir.

Biz özüldən səhv edirik əslində. Uşağı marağı olduğu sahədən uzaqlaşdırırıq, sevdiyi sənət dalınca getməyə qoymuruq, özümüzün gözümüzdə qalan arzularımızı onun vasitəsi ilə gerçəkləşdirmək istəyirik. Biçmə-tikmə dərsi almaq istəyən qızımızı tibb oxumağa məcbur edirik, robotlarla maraqlanan oğlumuzu hüquqşünas olmağa vadar edirik. Hamı beynəlxalq əlaqələr oxuyur. Axırı nə olur? Ya intihar, ya da diplomlu və işsiz gənclər ordusu.

Halbuki, adi müşahidələrimiz göstərir ki, peşə qazananlar daha yaxşı yaşayır, daha çopx pul qazanır, biznes qururlar. Diplomluların isə çoxu işsizdir, işləyənlər də “quru maaşla” güclə dolanır. Demək, bir çox valideynlərə sadəcə doplom adlı kağız parçası lazımdır, övladının gözəl bir peşə ilə, bizneslə irəli çıxması, daha yaxşı yaşaması yox. “Uşaqlarıma diplom vermişəm” deyib fəxr edənləri hamımız görmüşük.

Valideyn var ki, övladı imtahana gedəndə arxasınca qışqırır: “Suallara cavab yaza bilməsən evə gəlmə!”. Əgər valideyn bir az zəhmlidirsə və dediyi övladı üçün nisbətən qorxu ifadə edirsə, bu intihar üçün səbəb ola bilər. Çünki valideyn övladına “hökmən ali məktəbə qəbul olmalısan” demək əvəzinə “çalış ali məktəbə qəbul ol” demir. Yeniyetmə bu ərəfədə onsuz da gərginlik içində olur, üstəlik valideyn basqısı da əlavə olunursa məsələ qəlizləşir.

Təəssüflə deyim ki, bizim ölkəmizdə ali məktəbə qəbul olmanın “prestiji” böyükdür. Gəncləri “ali təhsil olmasa olmaz” fikri ilə böyüdür valideyn. Başqa cəmiyyətlərdə gənclər ali məktəbə qəbul ola bilməyəndə peşə öyrənirlər, bizim ölkəmizdə intihar edirlər.

Bundan sonra da edəcəklər…

Lalə Mehralı

Bütün xəbərlər Facebook səhifəmizdə