Gücümüz ancaq oturub, zır-zır ağlamağa catır

Hər bir yenilik özü ilə müəyyən problemlər gətirir. Bəzən bu problemlər o dərəcədə ağır və narahatedici xarakter daşıyır ki, ilk baxışdan, müsbət hal kimi dəyərləndirilən yenilik öz aktuallığını itirir və cəmiyyətlər üçün arzuolunmaz bəla mənbəyinə çevrilir. Elə götürək yaşadığımız internet əsrində internetin tuğyan etməsini və bunun fonunda yaşanan hadisələri. Bu başdan, birmənalı şəkildə demək olar ki, nə qədər əlləm-qəlləm əməllər, cinayətlər, soyğunçuluq, talançılıq və digər acı xarakterli yazışmalar, video - paylaşmalar, fota faktlar desən, sosial şəbəkələrlərdə görmək, oxumaq və ya seyr etmək olar. O gün TV-lərin birində işləyən aparıcı xanım utanıb-çəkinmədən, ən azı, abır-həya etmədən, sosial şəbəkədə sevgillərindən bəhs edib, onlara olan münasibətindən video pylaşma edirdi. Xalq artisti adını daşıyan Aygün Kazımova deyir ki, ona ərəb şahzadələrindən biri 1 milyon ABŞ dolları təklif edib, filan-filan məsələdə əməkdaşlq etməyə görə və bu da guya puldan (bax ha, puldan… inanan daşa dönsün) imtina edib. Parlament seçkilərinin təbliğat-təşviqat kampaniyasına start verilən kimi depudatlığa namizəd olan gözəl-göyçək bir xanım "facebook"-da uzanılı formada bərq vuran baldırını nümayiş etdirib, onu sevənlərdən dəstək istəyirdi. Bu cüvənazan elə fikirləşib ki, bu yolla diqqət mərkəzinə çevrilə biləcək. Həm də, düşünüb ki, necə ola bilər ki, tamada, aşpaz, zurna calan, bir sözlə, dədəsindən narazı, anasından incik, sevgilisinə qəzəbli olanlar depudatlığa namizəd ola bilir, arxasında pullu-paralı “mujik” olan bir canalan depudatlığa namizəd olmasın? Afaq Aslan adlı və soyadlı bir mütüb isə, lap özünü çöldən-çölə qoyub. Hərftə səkkiz-mən doqquz "instaqram"da və ya "facebook"-da lüt-üryan olub, dəyərsiz lüt bədənini nümayiş etdirir. Bu mütrüb də, baldlrını nümayiş etdirən cüvənazan kimi fikirləşir ki, guya bu cür modelyerlik etməklə, özünə “kliyent” toplaya biləcək… yazıqlar olsun! El məsəlidir, “namusunu satmaqla, varlanmaq olmaz”.

Sosial şəbəklərdə toya, nişana və bəzən də yas məclislərinə dəvətlərə də rast gəlmək olur. Deyəsən, belə getsə, bir azdan xərc-xəcalət çəkib, dəvətnamə yazdırmağa və bu dəvətnamələri dost-tanışa çatdırmaq əziyyətinə ehtiyac olmayacaq. "Facebook"-da elan veriləcək ki, ay qohum-əqrəba və ya dostlar, tanışlar filan vaxt, filan şadlıq evində övladıma şənlik quracam, 50 - dən, 100-dən götürüb, gəlin ora. Elə bu kimi rüsvayçı faktların mövcudluğuna əsaslanaraq, bir sıra suallara cavab tapmaq olar: niyə bəzi kateqoriyadan olan insanların düşüncəsində və təfəkküründə sapmalar olur? Və yaxud müsair dövrün tələbləridir deyib, uşaqlar valideynlərinin üzünə ağ olur, mübahisələrə girir, iddialı və hikkəli tələblər irəli sürürlər. Qızlar oğlanlar kimi keyinməyə, rəqslər etməyə, saçlarını qırxdırmağa, oğlanlar isə qızlarsayağı qaşlarını almağa, üz-gözlərinə ənlik-kirşan çəkməyə daha çox maraq göstərirlər. Bu yerdə Aşıq Abbas Tufarqanlının bir bəndi yadıma düşdü:

Ay həzərat, bir zamana gəlibdir,

Ala qarğa şux tərlanı bəyənməz.

Oğullar atanı, qızlar ananı,

Gəlinlər da qaynananı bəyənməz.

Təəssüf ki, baş verən reallıqlar ondan ibarətdir ki, bu kimi adət-ənələrə və əxlaqi dəyərlərə zidd olan hallara qarşı mübarizə də aparılmır. Ağsaqqal öz ağsaqqal statusundan istifadə edib, gənclərə öyüd-nəsihət verməyə xəsislik edir, ziyalılar, elm adamlarıda susmağa üstünlük verirlər. Sanki belə də olmalıdır.

Bir sözlə, internet deyilən, başıbəlalı virus yaman yerdə bizi haqlayıb. Nə edək, necə edək, sualı ətrafında baş sındırsaq da, ağrılı problemdən çıxış yolu da görünmür. Gücümüz ancaq oturub, zır-zır ağlamağa çatır. Deyilənə görə, ağlamaqda tibbi nöqteyi-nəzərdən müalicə vasitəsi deməkdir. Bu baxımdan, sosisal şəbəkələrdə tüğyan edən biabırçılıqlardan kim narazı və narahatdırsa, bir küncə çəkilsin və zır-zır ağlasın. Bu yolla qəlbi sakitləşər, infakt olmaq, hansısa xəstəliyə tutulmaqdan xilas olar.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə