Azərbaycanın milli inkişaf modelini yaratmış lider İLHAM ƏLİYEV
Bu gün Azərbaycan hüquqi dövlət ideyasının reallaşdığı, şəxsiyyət, vətəndaş və cəmiyyət münasibətlərinin demokratik prinsiplərə əsaslandığı, müxtəlif millətlərin dilinin, dininin, mədəniyyətlərinin qovuşması nəticəsində yaranmış intellektual mühitin formalaşdığı bir sosial rifah məkanıdır. Cəmiyyət üzvlərinin öz hüquq və azadlıqlarını, borc və vəzifələrini düzgün dərk etməsi, sosial və siyasi fəallığın artmasını tarixi zərurətə çevirir. Bu mənada, bütün bunlar Azərbaycan dövlətinin idarəçiliyində olan LİDERin və uğurlu siyasi kursun əyani nəticələridir. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi iqtisadi inkişaf strategiyasının realizasiyasının nəticələri ölçülən statistik göstəricilərdə, milli və beynəlxalq ekspertlərin qiymətləndirmələrində yetərincə qabarıq təzahür edir. Bir çox tanınmış iqtisadçı alimlər haqlı olaraq son illərdə ölkəmizdə uğurla aparılan iqtisadi inkişaf siyasətini "milli sosial-iqtisadi inkişaf modeli" kimi identifikasiya edirlər.
Yeni iqtisadi sistemə transformasiya, çoxmülkiyyətli iqtisadiyyatın formalaşması
Qeyd edək ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra digər sahələrdə olduğu kimi iqtisadiyyatda da öz suveren hüquqlarını gerçəkləşdirməyə və müstəqil siyasət aparmağa başladı. Bu siyasətin başlıca istiqamətlərini müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya təşkil etdi.
Dövlət müstəqilliyinin bərpasından sonra ötən qısa müddət ərzində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində ölkəmizin sosial-iqtisadi inkişafı və dünya sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olundu. Ən böyük nailiyyət isə ondan ibarətdir ki, bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli - Azərbaycan modeli yarandı.
Bu əsasla iqtisadi inkişafın 1995-ci ildən sonrakı mərhələsində ölkədə iqtisadiyyatın yeni modelinin rəsmi bazası kimi bir çox mühüm siyasi sənədlər, konsepsiyalar, strategiya və proqramlar qəbul olundu. Azərbaycan iqtisadiyyatda davamlı və dinamik inkişaf məntiqinə əsaslanan yeni modelin istiqamətləri: sərbəst bazar münasibətlərinə əsaslanan və özünün inkişaf qabiliyyətinə malik olan sosial yönümlü bütöv iqtisadi sistemin-müstəqil iqtisadiyyatın formalaşması, ölkədə mövcud olan təbii iqtisadi, texniki-istehsal və elmi-texniki potensialın fəal surətdə təsərrüfat dövriyyəsinə cəlb olunması, milli iqtisadiyyatın dünya təsərrüfat sisteminə səmərəli şəkildə inteqrasiyası təmin olundu.
Ulu Öndərin milli dövlətçilik konsepsiyasının bütün atributları öz real təsdiqini tapmaqla, Azərbaycanın iqtisadi, siyasi, sosial və humanitar inkişaf yolunu müəyyən etdi. Ümummilli Lider Heydər Əliyev davamlı sosial-iqtisadi inkişafa nail olmaq üçün təkamül yolu ilə yeni iqtisadi sistemə transformasiyanı və çoxmülkiyyətli iqtisadiyyatın formalaşmasını təmin etdi. Ölkəmizin potensial imkanları, milli mənafeləri, xarici dövlətlərlə qarşılıqlı münasibətləri, iqtisadi əməkdaşlığın yolları, qlobal iqtisadi meyillər, geosiyasi reallıqlar və bu qəbildən olan digər vacib amillər nəzərə alınmaqla, Azərbaycanın demokratik islahatlar platformasını, inkişafın mükəmməl və özünü təsdiq edə biləcək istiqamətlərini müəyyənləşdirdi.
Azərbaycan hökuməti 1994-cü ildən başlayan bərpa və dinamik inkişaf dövrünün tələblərinə uyğun qətiyyətli addımlar atdı. Özəlləşdirmənin həyata keçirilməsi nəticəsində iqtisadiyyatın strukturunda ciddi keyfiyyət dəyişiklikləri baş verdi və liberal iqtisadiyyatın formalaşması üçün əlverişli şərait yarandı. Bunun nəticəsində ölkədə maliyyə vəziyyəti sabitləşdi, iqtisadiyyata cəlb olunan investisiyaların həcmi ildən-ilə artdı, xalqın həyat səviyyəsi yaxşılaşmağa başladı. İqtisadi transformasiyanın sürətləndirilməsi sayəsində planlı iqtisadi sistemdən liberal bazar iqtisadiyyatına keçid üçün münbit şərait formalaşdı. İqtisadiyyatın əsasını təşkil edən neft sektoru ilə yanaşı, digər sahələrdə də genişmiqyaslı islahatlara başlanıldı.
1994-cü il sentyabrın 20-də Ulu Öndərin gərgin əməyinin və qətiyyətinin nəticəsi olaraq "Əsrin müqaviləsi"nin imzalanması ilə yeni neft strategiyasının əsası qoyuldu. Bu müqavilə siyasi-iqtisadi və hüquqi baxımdan qlobal əhəmiyyəti ilə bərabər, milli maraqlarımızın təmin olunması üçün güclü strateji saziş idi. Beləliklə Azərbaycan öz maddi sərvətlərinə, neft-qaz ehtiyatlarına sahibliyini qətiyyətlə təsdiqlədi. Bu müqavilə ölkəmizin tarixində yeni dövr açaraq dinamik inkişafın təməl prinsiplərindən birinə çevrildi. "Əsrin müqaviləsi" ölkəmizin müstəqilliyinin, iqtisadi bünövrəsinin möhkəmlənməsi və Azərbaycanın dünyada analoqu olmayan templə davamlı inkişafı üçün dərin zəmin yaratmaqla yanaşı, respublikamızın qlobal layihələrdə iştirakına, Böyük İpək Yolunun bərpasına və trans-nəqliyyat dəhlizlərinin ölkəmizin ərazisindən keçməsinə zəmin yaratdı. Bu saziş Azərbaycanın enerji və iqtisadi təhlükəsizliyinin möhkəmlənməsi, güclü maliyyə ehtiyatlarının formalaşması, iqtisadiyyatın kapital resurslarına olan ehtiyacının ödənilməsi üçün möhkəm əsaslar demək idi.
1995-ci ildə qəbul olunan müstəqil Azərbaycanın ilk Konstitusiyası isə respublikamızın iqtisadi-siyasi, sosial-humanitar bölmələri ilə bağlı bütün təfərrüatları özündə əks etdirməklə strateji əhəmiyyətinə görə seçilirdi. Beləliklə, iqtisadi sahədə yeni qanunların qəbul olunması, Azərbaycanın iqtisadi qanunlarının Avropa standartlarına uyğunlaşdırılması və digər qanunvericilik təşəbbüsləri respublikamızın milli inkişafını təmin etməklə bərabər, dünya ölkələrinə inteqrasiyasını dərinləşdirdi, Avropa bazarlarına çıxış üçün əlverişli imkanlar yaratdı. Bazar iqtisadiyyatının tənzimlənmə mexanizmləri və iqtisadi subyektlərin fəaliyyətinə dövlət nəzarət sisteminin gücləndirilməsi, yeni iqtisadi münasibətlərin siyasi-iqtisadi əsaslarının möhkəmlənməsi, yeni iqtisadi təfəkkürün formalaşması milli iqtisadiyyatın yüksəlişinə təkan verdi.
İqtisadi inkişafın 1995-ci ildən sonrakı mərhələsində Azərbaycan Respublikasında qeyd edilən modelin gerçəkləşməsinin hüquqi bazası kimi bir çox irimiqyaslı siyasi sənədlər - konsepsiya, strategiya və proqramlar qəbul olundu. Bunlardan "Azərbaycanda Kiçik və Orta Sahibkarlığa Dövlət Yardımı Proqramı (1997-2000-ci illər)", "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)", "Azərbaycan Respublikasında maşınqayırma sənayesinin inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)", "Azərbaycan Respublikasında aqrar bölmənin inkişafının Dövlət Proqramı (2002-2006-cı illər)", "Azərbaycan Respublikasının demoqrafik inkişaf konsepsiyası", "Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı", "Azərbaycan Respublikasında Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı (2003-2005-ci illər)", "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci, 2009-2013-cü və 2014-2018-ci illər)" və s. göstərmək olar. Hazırlıq mərhələsində olan "Azərbaycan Respublikasının məşğulluq strategiyası", "Qeyri-neft sektoru üzrə ticarət və investisiyanın inteqrə olunmuş strategiyası" və s. bu qəbildəndir.
Sosio-mədəni transformasiya, yaxud inkişafın yeni mərhələsində
Ulu Öndər Heydər Əliyev məktəbinin layiqli davamçısı, Onun strateji siyasətini və ideyalarını müvəffəqiyyətlə həyata keçirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin elmə əsaslanan iqtisadi siyasəti respublikanın sosial-iqtisadi inkişafı prosesində dinamizmi və məqsədyönlülüyü təmin etmiş, qarşıda duran vəzifələrin həllinə real imkanlar açmış, cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunmasına etibarlı zəmin formalaşdırmışdır.
2003-2014-cü illər ərzində Azərbaycanda dinamik sosial-iqtisadi inkişaf, demokratik və müasir dövlət quruculuğu sahəsində mühüm addımlar atılmışdır. Son 11 ildə iqtisadiyyatımız 3,4 dəfə artmış, əsasən şaxələndirilmiş, müasir sosial-iqtisadi infrastruktur yaradılmış və qeyri-neft sektorunun dinamik inkişafı təmin edilmişdir. Qeyri-neft sektorunda artımlar isə, əslində biznes mühitinin əlverişli olduğunu göstərir. Son illərdə ölkənin əsas iqtisadi hədəfi idxalı azaltmaq, yerli istehsalı gücləndirmək, yeni iş yerləri yaratmaqdır. Bu məqsədlərə nail olmaq üçün dövlət səviyyəsində kompleks tədbirlər planı icra edilmişdir. Dövlət İnvestisiya Proqramında nəzərdə tutulmuş infrastruktur layihələri özlüyündə özəl sektorun inkişafına və rəqabət qabiliyyətli məhsulların istehsalına kömək göstərir. Əgər dövlət xərcləri olmasaydı, bölgələrdə müasir infrastruktur layihələri icra edilməsəydi, əlbəttə ki, heç bir biznes mühitindən söhbət belə gedə bilməzdi. Hər il qeyri-neft sektorunda olan artım onu göstərir ki, ölkəmizin bundan sonrakı uğurlu inkişafı da təmin ediləcəkdir.
Belə ki, iqtisadiyyatda artım 3,4 dəfə, sənaye istehsalında 2,7 dəfə, kənd təsərrüfatında 1,5 dəfə təşkil edir. Son on ildə regional inkişaf proqramlarının uğurlu icrası nəticəsində bir milyonu daimi olmaqla bir milyon 300 mindən çox yeni iş yeri açılıb. İşsizlik 5 faiz səviyyəsindədir. Yoxsulluğun səviyyəsi 49 faizdən 5,3 faizə enib. Ölkəmizdə aparılan islahatlar və düşünülmüş iqtisadi siyasət dünyanın ən mötəbər iqtisadi qurumları tərəfindən də yüksək qiymətləndirilir. Məlum olduğu kimi, Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtiasadiyyatını rəqabət qabiliyyətliliyinə görə 38-ci yerə layiq görüb. Azərbaycan dünyanın ən rəqabət qabiliyyətli 40 ölkəsinin sırasındadır. Ölkə Prezidenti İlham Əliyev bildirir: "Bu proses davam edir və bu da təbiidir. Çünki bizim iqtisadi siyasətlə bağlı təşəbbüslərimiz, o cümlədən Azərbaycanda aparılan sənayeləşmə siyasəti, əlbəttə ki, yeni iş yerlərinin açılmasına gətirib çıxarır".
Bir fakt da hamıya məlumdur ki, ölkənin hərtərəfli inkişafını daha da sürətləndirmək üçün hər il konkret bir sahənin adı ilə bağlanır. Bu il Cənab İlham Əliyevin 10 yanvar 2014-cü il tarixli Sərəncamı ilə "Sənaye ili" elan olundu. Tədbirlər planına uyğun olaraq yeni sənaye müəssisələrinin yaradılması işsizliyin aradan qaldırılmasına öz müsbət təsirini göstərir. Bu gün ölkəmizdə böyük inkişafı, tərəqqini görmək üçün dövlət büdcəmizə də nəzər salmaq mütləqdir. Son on ildə dövlət büdcəmizin 20 dəfədən çox artması uğurlu sosial-iqtisadi islahatların nəticəsidir. 2014-cü ilin dövlət büdcəsinin gəlirlərinin 19 milyard, xərclərinin isə 21 milyard manatdan artıq nəzərdə tutulması iqtisadiyyatın inkişafının göstəricilərindəndir. Müqayisə üçün qeyd edək ki, 2003-cü ildə dövlət büdcəmiz 1,2 milyard dollar idi. Hazırda ölkəmizin valyuta ehtiyatlarının həcmi 53 milyard dollardır. Göründüyü kimi, köklü iqtisadi islahatlar, infrastruktur layihələri və sosial proqramlar üzrə uğurlu fəaliyyət çox mühüm nəticələrə gətirib çıxarır, iqtisadiyyatımız daha da çiçəklənir.
Bu baxımdan reallıqdır ki, Azərbaycanın sosial-iqtisadi inkişafı sahəsindəki uğurları beynəlxalq aləm tərəfindən təqdir olunduqca ölkəmizin dünya arenasındakı siyasi nüfuzu daha sürətlə artır. Dünyanın aparıcı beynəlxalq təşkilatları, qurumları və tanınmış siyasətçilər, iqtisadçılar Azərbaycanın reallaşdırdığı hərtərəfli islahatları inkişaf etməkdə olan ölkələr üçün nümunə kimi göstərirlər. Beynəlxalq reytinq mərkəzləri və nüfuzlu kütləvi informasiya vasitələri ölkəmizin müxtəlif sahələrdəki uğurlarını yüksək qiymətləndirirlər.
Bir sözlə, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasını bu gün uğurla davam etdirərək Prezident İlham Əliyev ölkəmizdə keçid iqtisadiyyatının uğurla başa çatdırılmasına nail olmuşdur. Dövlətimizin başçısının reallaşdırdığı uzaqgörən və müdrik siyasət Azərbaycanın iqtisadi tərəqqisinə, dünyada köklü mövqeyinin möhkəmlənməsinə, inkişaf etmiş güclü dövlətlər sırasında yer almasına xidmət edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında son onillikdə əldə olunmuş nailiyyətlər bir daha təsdiq edir ki, Azərbaycan yeni çağırışları qarşılamağa hazırdır və bunun üçün adekvat inkişaf strategiyasına malikdir.
Prezident İlham Əliyev müstəqil Azərbaycanın müasir dövlətçiliyinin simasını yeniləşdirən tarixi şəxsdir
2003-cü ildən etibarən Prezident İlham Əliyev müstəqil Azərbaycanın müasir dövlətçiliyinin simasını yeniləşdirən tarixi şəxs kimi qəbul edilir. Ulu Öndərin siyasi-tarixi irsinə, xalqımızın iradəsinə söykənən İlham Əliyev ötən illərdə peşəkar dövlət xadimi, görkəmli siyasətçi, nüfuzlu lider kimi ölkədə və xaricdə özünü təsdiq etmişdir. Bu gün lider nə inzibati, nə də sırf siyasi kateqoriyadır. Qloballaşma dövründə, bu, ilk növbədə, həmişəkindən daha çox mənəvi, milli, ideal simvoldur. Liderin malik olduğu ən böyük kapital isə xalqın etimadıdır, davamlı uğurlar və sıx milli birlikdir. Bu nöqteyi-nəzərdən biz görürük ki, bu gün Prezident İlham Əliyev dövlətçiliyin möhkəm özüllər üzərində inkişafını təmin edir, öz xalqının firavan və təhlükəsiz yaşayışı üçün zəruri şərtləri yaradır. O, öz nüfuzu sayəsində beynəlxalq arenada liderlik məsuliyyətini üzərinə götürüb hadisələrin müsbət məcraya yönəlməsini təmin etmək bacarığını nümayiş etdirir.
Azərbaycan dövlətçiliyi tarixində milli, mənəvi və mədəni ənənələrin varisliyi mövcud olmuşdur. Bundan fərqli olaraq, milli quruculuq, siyasi dövlətçilik və iqtisadi uğurların varisliyi yalnız son illərin hadisəsi və tarixi nailiyyətlərimizdir. Nə qədər çətin olsa da, dövlətin əbədiyaşarlığı üçün onun əsas zəmanəti - liderlik ənənəsinin və siyasi hakimiyyətin təkamül yolu ilə əvəzlənməsinin təmin olunmasıdır. Yeni liderlik böhran dövrlərində özünü daha qabarıq göstərir. Nail olduğumuz qələbələrin, Azərbaycanın beynəlxalq uğurlarının, "regionda və dünyada dinamik inkişaf edən ölkə" imicinin nə qədər çətin məqamda əldə olunması yeni zamanın lideri obrazını gözümüz önündə canlandırır. Ətrafdakı ölkələrin fasiləsiz gərginlik ocağına, bölgədə sabitlik üçün təhlükə mənbəyinə çevrildiyi çətin şəraitdə Azərbaycan inkişaf, əməkdaşlıq və qlobal təhlükəsizliyin yeni modelini dünyaya təqdim edir.
Məhz 2003-2014-cü illərdə sosial-iqtisadi islahatların həyata keçirilməsi nəticəsində əldə edilən yüksək və davamlı sosial-iqtisadi göstəricilərin arxasında Prezident İlham Əliyevin siyasi iradəsi, zəhməti və fədakarlığı dayanır. Beləliklə, son 11 il tariximizin ən yeni mərhələsində İlham Əliyev dövrünün parlaq başlanğıcı və uğurlu illəri kimi yadda qalacaq. Bu dövr, nə "qərbləşmə", nə də Şərq və Asiya modelinin təqlidi olmayan, yalnız Azərbaycana xas olan milli inkişaf modelinin formalaşdığı illər olmuşdur.
Hazırda isə Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu mərhələnin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, təhsilin, elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün sahələrində yeni nailiyyətlərin əldə olunmasıdır. Müasir tariximizin 2003-2014-cü illərinin yüksəliş və inkişaf göstəricilərinin davamlılığını təmin etmək bundan sonra da dövlətimizin qarşısında duran ən böyük vəzifədir.
Beləliklə, Prezident İlham Əliyevin zəkası, istedadı və uzaqgörənliyi Azərbaycan xalqına işıqlı yol açmış, Onun sayəsində bu gün ölkəmiz regionun lideri statusunu qazanmış və dünya dövlətləri birliyində layiqli yer tutmuşdur. İlham Əliyevi fərqləndirən keyfiyyət ondan ibarətdir ki, Onun humanistliyi, mədəniyyəti və təvazökarlığı ətrafında olanlar üçün örnəkdir.
Prezident İlham Əliyevin simasında biz Azərbaycan dövlətçiliyi tarixində yeni fenomeni müşahidə edirik. Onun bütün fəaliyyətinin qayəsində xalqı və dövləti yüksəlişə, inkişafa aparmaq dayanır.
Bu gün əminliklə demək olar ki, Azərbaycan xalqı üçün İlham Əliyevin prezidentlik dövrü böyük sərvətdir. Çünki İlham Əliyev Ulu Öndərin siyasi kursuna söykənərək ölkədə sabitliyi, uğurlu inkişafı və Azərbaycanın regionda lider dövlət kimi bərqərar olmasını təmin etmişdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB