Demokratiya və imperializm: ikili standartlar siyasətində ədalət axtarışı
Müasir dövrdə demokratiya və insan hüquqları universal dəyər kimi tövsiyə xarakterliliyindən ayrı-ayrı dövlətlərin təzyiq alətinə çevrilməyə başlayıb. Faktdır ki, bu gün demokratiya kateqoriyası başda ABŞ olmaqla Qərb dövlətlərinin tükənməz "silah"ı kimi onların maraq dairəsində olan dövlətləri "yola gətirmək" üçün istifadə edilir. Amma təəssüflər olsun ki, həmin dövlətlər daxili antidemokratik mühiti gösrməyərək başqa ölkələrin daxili işlərinə qarışırlar. Əlbəttə ki, burada söhbət geosiyasi və geoiqtisadi maraqlardan getdiyindən əsas məsələ demokratiya deyil, növbədə maddi mənafelər ön plana çıxır.
Ümumiyyətlə, siyasi elmdə göstərildiyi kimi, demokratiya cəmiyyətin siyasi təşkili forması olmaqla, xalqın hakimiyyət mənbəyi kimi tanınmasına, dövlət işlərinin həllində iştirak etmək hüququ olmasına və vətəndaşlara geniş hüquq və azadlıqlar verilməsinə əsaslanır. Demokratiya azadlıqlar arasında vətəndaşların nümayəndəli dövlət orqanlarına seçmə və seçilməyi, söz, mətbuat, yığıncaq, mitinq və nümayişlər azadlıqları, vətəndaşların hüquq bərabərliyi, şəxsiyyət və mülkiyyət toxunulmazlığı yer alır.
Demokratiyanın əsasını şəxsiyyətin azadlıq hüququ, insanın şəxsiyyətinə hörmət təşkil edir. Ümumdünya İnsan Haqları Bəyannaməsinin müqəddiməsindən də görürük ki, "bəşəriyyət dediyimiz bir ailənin bütün üzvlərinin ləyaqətinə, onların bərabər və ayrılmaz hüquqlarına hörmət etmək azadlığın, ədalətin və ümumi sülhün əsasını təşkil edir".
Demokratiya dərisinin rəngindən, cinsindən, dilindən, dinindən, ictimai vəziyyətindən, mülki vəziyyətindən və silkindən asılı olmayaraq bütün vətəndaşların bərabərliyini nəzərdə tutur. Lakin "bərabərlik" sözünü geniş mənada başa düşmək lazımdır. Yəni bu, həm imkanların bərabərliyidir, həm qanun qarşısında bərabərlikdir, həm də nümayəndəlik bərabərliyidir.
Demokratiya nəzəriyyələrindən də görürük ki, əslində bu cür idarəçilik olan ölkələrdə insanlar dərisinin rəngindən və dinindən asılı olmayaraq, bərabər imkanlara sahib olmalıdırlar. Bəs nə üçün biz bunu dünyanın "demokratiya beşiyi" kimi qəbul etdirilən ABŞ-ı haqqında deyə bilmirik?
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev "İkili standartların dünya nizamı və müasir Azərbaycan" məqaləsində qeyd etdiyi kimi, həqiqətən də, Ağ Evin "regionda sülhü və həmrəyliyi təmin edirik", "demokratiyanı yayırıq", "regiona sabitlik gətirmək istəyirik" kimi bəyanatlarının arxasında bu gün tamam başqa məqsədlər dayanır. Bunu yəqin etmək üçün müasir dünyada dövlətlərarası münaqişələrin və müharibələrin yaranması səbəblərinə obyektiv nəzər salmaq kifayətdir.
ABŞ dünya siyasətində imperialist mövqedən çıxış edərək, yalnız öz maraqlarının təmin edilməsi baxımından hərəkət edir və onun üçün demokratiya və insan hüquqları sonuncu dərəcəli faktora çevrilir. Əgər bu, belə olmasaydı, biz hazırda yerli qırmızıdərililərə qarşı törədilmiş 65 qətliamdan və 3 milyondan çox qırmızıdərilinin öldürülməsindən danışmazdıq. Elə ən son qətliamın 1911-ci ildə törədilməsini və tarixə ''Sonuncu qətliam'' kimi düşməsini də qeyd etməzdik.
Bu sahədə araşdırmaları davam etdirdikcə, ABŞ-ın dünyada demokratiya haqqında daha çox danışmağa mənəvi haqqının çatmadığını görürük. Faktlar bir daha isbatlayır ki, ABŞ-ın bu gün dünyada "demokratiya jandarmı" rolunu oynaması və siyasi-hərbi gücündən istifadə edərək, kiçik dövlətlərə təzyiqlər göstərməsi onun atdığı antidemokratik addımların üzərindən pərdə çəkməyə hesablanıb. Vaşinqton nə qədər gizlətməyə çalışsa da, bütün dünya bilir ki, beş əsr öncədən "ölü daşıyıcıları" adı ilə bilinən gəmilərdə ABŞ-a 13 milyonadək qul gətirilib. Baxmayaraq ki, ABŞ-da quldarlıq XIX əsrin ortalarında ləğv olunub, amma bu amildən irəli gələn savaşlar hazırda da bu ölkədə davam edir. Elə irqçiliyə qarşı mübarizə aparan Martin Lüter Kinq də bu ölkədə öldürülüb və Ferqüson şəhərində qaradərili şəxsləri ağdərili polislər qəsdən güllələyib. Bəli, göründüyü kimi, ABŞ daxilində demokratiyanı tam bərqərar edə bilməmiş ölkə kimi vətəndaşlarının azadlıqlarını və hüquqlarını tam təmin edə bilmir, yaxud da istəmir. Bəlkə də, ABŞ-a prezidentin seçilməsini 100 nəfərin, senatın seçilməsini isə 2 nəfərin həyata keçirməsi sərf edir. Çünki ümumxalq səsverməsi bu ölkənin çox güman ki, parçalanmasına da gətirib çıxara bilər. Ən azından kütləvi şəkildə qətlə yetirilmiş qırmızıdərililər və daim basqı altında olan, xüsusi məhəllələrdə məskunlaşdırılmış qaradərililər öz nümayəndələrini irəli sürə və ya hüquqlarını tələb edə bilərlər. Bəlkə də, elə bunun qorxusudur ki, ABŞ hökuməti Ferqüsonda irqi ayrı-seçkilik nəticəsində zənci gəncin polislər tərəfindən öldürülməsindən sonra etiraz edənlərin həbs edilməsi və onlara qarşı zorakılıq tətbiq edilməsi müşahidə olundu. Yaxud da ki, Nyu-Yorkda polislər tərəfindən həbs edilənlərin 70 faizinin, atəş açılanların 50 faizinin və öldürülənlərin 70 faizinin zənci, eyni zamanda, 20-29 yaşında olan zəncilərin üçdə birinin ya həbsxanalarda, ya da istintaq təcridxanasında olması bu ölkədəki irqi diskriminasiyadan xəbər vermirmi?
Bütün deyilənlərlə yanaşı, fakt olaraq bildirməliyik ki, 1905-ci ildə ilk dəfə olaraq, Kaliforniyada "qarışıq nigahların qadağan olunması" haqqında qanun qəbul olunmuşdu. Həmin vaxt bu ştatda ağdərililərlə "monqollar" (yaponlar) arasında nikahlar qadağan edilmişdi. Məhz bununla da, ABŞ-da anti-yapon əhvalının əsası qoyulmuşdu. Elə bu əsasda 1924-cü ildə asiyalıları nəzərdə tutan qanun da qəbul edilmişdi. Bu qanunla yaponlar heç bir halda ABŞ vətəndaşlığını ala bilməzdilər. Bu cür anti-yapon əhvalın nəticəsi idi ki, İkinci Dünya müharibəsi zamanı ABŞ-dan 120 min yapon ölkədən qovuldu, yaxud da xüsusi düşərgələrə salındı. Eyni zamanda ABŞ-ın Yaponiyaya olan nifrətindən irəli gələrək 6 avqust 1945-ci ildə Xirosimaya, 9 avqust 1945-ci ildə Naqasakiyə atılan atom bombaları nəticəsində 100 min yaponiyalı mülki vətəndaş öldürüldü və yüz minlərlə insan şikəst qaldı.
1906-cı ildə San-Fransiskoda məktəblərin irqi fərqinə görə ayrılması haqqında da qanun qəbul edilmişdi. Burada qaradərililər və ağdərililər üçün xüsusi məktəblər yaradılırdı. Hətta bəzən elə olurdu ki, ağdərililərin məktəblərini silahlı qvardiya əsgərləri mühafizə edirdilər.
Həmçinin, Alabamada qəbul edilmiş qərarlara əsasən qaradərililərlə ağdərililər avtobusda eyni yerdə əyləşə bilməzdilər. Çünki qanuna əsasən avtobusun qarşıdakı ilk 4 sıra oturacağı xüsusi olaraq, ağdərililər üçün nəzərdə tutulmuşdu, hətta bununla bağlı xəbərdarlıq da avtobusun içərisində qeyd də yerləşdirilmişdi. Əgər qaradərili bu sırada əyləşərdisə, o zaman yerini mütləq ağdərili insana verməli idi. 1955-ci ildə Roza Parks adlı qadın yerini ağdəriliyə vermədiyi üçün cərimələnmişdi və həbs olunmuşdu.
Bununla yanaşı, bütün avtobus sürücüləri ağdərili olmalı idi. Bu da əlbəttə ki, tez-tez qaradərililərin təhqir olunmasına və "qara meymunlar", "qara inəklər", "nigerlər" kimi ifadələrin eşidilməsinə gətirib çıxarırdı. Eyni zamanda, ABŞ-da müşahidə olunan irqi seqreqasiya özünü ictimai yerlərdə də göstərirdi.
Qeyd edək ki, bu gün irqi seqreqasiya sözdə olmasa da, hələ də ictimai münasibətlərdə və dərsliklərdə qalmaqdadır. 2006-cı ildə Harvard Universitetinin professoru Harri Orfild insan hüquqlarına dair məruzəsində yazırdı ki, "bu gün ABŞ-da irqi seqreqasiyanın səviyyəsi 1960-cı illərin səviyyəsinə yüksəlib".
I Dünya müharibəsindən sonra Monro doktrinasının müddəalarına baxmayaraq, ABŞ Avrasiya və Afrika materikindəki ölkələrə qarşı "səlib yürüşü"nə başladı. Artıq ABŞ müharibələrin və əsas diqqətin yayındırılması məqsədilə dünyanın müxtəlif nöqtələrində müharibə ocaqları yaratmağa və ölkələri xaqların mənsubiyyətinə görə parçalamağa başladı. Bunun nəticəsi kimi, Koreya xalqı iki yerə bölündü, bir-birinə düşmən edildi və bu gün düşmənçiliyin davam etməsi siyasəti həyata keçirilir, bir xalqın birləşməsinə imkan verilmir. Eyni zamanda, Vyetnam müharibəsində 1962-1971-ci illər arasında mülki insanlar qətl edildi, onlara qarşı 80 milyon litr kimyəvi dioksin qazından istifadə edərək 5 milyon vyetnamlı öldürüldü və şikəst qaldı. Bununla da Vyetnamda da xalqlararası nifaq salındı və bu proses hazırda da davam etdirilməkdədir. SSRİ-nin parçalanmasında sonra Yuqoslaviyanı bombalayan ABŞ (NATO rəsmi komuflyaj idi - B.Q.) Şərqi və Cənub-Şərqi Avropada xırda dövlətlər yaratmaqla əbədi qarşıdurmanın əsasını qoydu.
Həmçinin, ABŞ 11 sentyabr 2001-ci il hadisəsindən sonra Əfqanıstanı və 2003-ci ildə İraqı işğal edərək on minlərlə insanı öldürdü, İraq və Əfqanıstanda yüksək dəqiqliyə malik olan silahlarla silahlı hədəflər deyil, mülki insanlar qətlə yetirildi, ''sülhməramlı'' ABŞ əsgərləri İraq və Əfqanıstanda sivil insanları öldürməklə, onların cəsədlərini təhqir edərək uşaqları və nəvələri üçün xatirə şəkilləri çəkdirdilər, İraqın enerji mənbələrinə sahib olmaq üçün bu ölkədəki yüz minlərlə insanı öldürdü və milyonlarla insanı ölkəsini tərk etməyə məcbur qoydu. ABŞ 10 ildən çoxdur Quantanamoda insanları məhkəmə qərarı olmadan illərlə həbsxanada saxlayır, onlara işgəncə verir. 2011-ci ildən isə başlayaraq Tunis, Misir də daxil olmaqla Liviya "işğal" edildi, Suriya isə viran qoyuldu. Məhz bütün bunlar bir daha özünü dünyaya demokratik və sivil dövlət kimi təqdim edən ABŞ-ın antihumanist və imperialist siyasətinin nəticələridir.
ABŞ dünyadakı imperialist məqsədlərini reallaşdırmaq üçün əsasən planetin inkişaf və yaşamaq üçün əhəmiyyətli sayılan təbii resurslarının yerləşdiyi islam ölkələrinə qarşı hücumları ara vermir. Bütün strateji hədəflər ona yönəlib ki, islam dünyası tamamilə xaos içərisində olsun və planetar miqyasda antiislam əhvalı yaratmaqla islamafobiyanı düşüncələrə yeridilsin. Bunun üçün isə elə 2001-ci ildən başlayan siyasi-hərbi kampaniya bu gün də tam sürətilə davam etdirilməkdədir.
Xüsusi terror hadisələrinin hazırlanması, KİV vasitəsilə bütün diqqətin terror aktlarının islam dinindən olanların törətməsi yönəldilməsi, "islam terroru" kimi adlandırılan və kütləvi şüura effektiv təsiretmə gücündə olan filmlərin çəkilməsi, reportajların hazırlanması və s. başda ABŞ olmaqla Qərb dövlətlərinin islamafobiyanın yayılmasına verdikləri dəstəyin nəticələridir. Eyni zamanda, vaxtilə "Əl-Qaidə"nin başında Usama Bin laden olmaqla, indi də "İŞİD"in başda əl-Bağdadi olmaqla islam dünyasına qarşı ardı-arası kəsilməyən hücumlar başlayıb. Əlbəttə ki, sirr deyil ki, hər iki xüsusi terror qrupları ABŞ və digər Qərb ölkələrinin xüsusi xidmət orqanlarında təlim görmüş "ərəb isimli, islam əqidəli" terrorçular tərəfindən təşkil və idarə olunur. Məhz bu qruplar vasitəsilə ABŞ, B.Britaniya və başqa Qərb ölkələri,
- İslamafobiyanı gücləndirməklə, "islam terroru" adlı təhlükəli məfhum yaratmaq;
- İslam əqidəli insanların dünyadakı sayını azaltmaq;
- Karbohidrogen ehtiyatlarla zəngin islam ölkələrində etnik-dini qarşıdurmalarla ölkələri parçalamaq, onların təbii ehtiyatlarını ələ keçirmək;
- "Terror və dəhşətli qətllər yalnız islamdan gəlir" düşüncəsini beyinlərə yeritmək;
- "Qızıl milyard" ideyasını islam dini daşıyıcılarının qətli hesabına reallaşdırmaq və s. kimi məqsədlərini həyata keçirməyə çalışırlar.
Özünü dünyaya "demokratiya beşiyi" kimi təqdim edən ABŞ-ın siyasi sistemində də problemlər çoxdur. Belə ki, bu ölkəni siyasi sistemi bipartizm əsasında formalaşıb. Yəni real siyasi sektor iri kapitalistlərin maraqlarını təmin edən iki partiya tərəfindən monopoliyaya götürülüb. Bununla da ABŞ-da çoxpartiyalı sistem yalnız görüntü xarakteri alıb. Çünki burada Respublikaçılar və Demokratlar partiyasından başqa digər partiyaların seçkilərdə iştirakı və üzə çıxması demək olar ki, məhdudlaşdırılıb. Bununla da əsaslı olaraq demək olar ki, ABŞ-da siyasi plüralizm və çoxpartiyalılıq iflasa uğrayıb.
Seçkidə iştirak etmək istəyən hansısa partiya bütün ştatlarda qeydiyyatdan keçməlidir, lakin qeydiyyat proseduru çətin olduğundan və iki partiyadan başqa digərlərinin KİV-lərə çıxışı olmadığından onların siyasi proseslərdə iştirakı mümkünsüzləşir.
Bununla yanaşı, adı çəkilmiş iki partiyanı dəstəkləməyən müstəqil elektoratın sayı durmadan artır. Amma hansısa səbəbdən bunun nə prezident, nə də Konqres seçkilərində izi də bilinmir. Son rəqəmlərə görə, 6 milyonadək amerikalı məhkumluğuna görə, səsvermə hüququndan məhrum edilib (halbuki Azərbaycanda məhkumlar üçün məntəqələr yaradılıb və onlar səsvermə hüququndan istifadə edir - B.Q.). Ümumilikdə isə hər 40 amerikalıdan biri, afroamerika mənşəlilərin hər 13 nəfərindən biri, həmçinin, Kentukki, Virciniya və Florida kimi ştatlarda qaradərili əhalinin 20 faizi səsvermə hüququndan məhrumdur. Aparılmış araşdırmaların nəticələrinə görə, 2008-ci il prezident seçkilərində səsvermə hüququ olan 75 milyon amerikalı bu hüququndan istifadə etməyib, eyni zamanda, 60 milyon insan qeydiyyat səbəbindən səsvermə prosesindən kənarda qalıb.
Ciddi siyasi məsələlərdən biri də səsvermə prosesinə beynəlxalq müşahidəçilərin buraxılmamasıdır. Hazırda yalnız Missuri, Cənubi Dakota və Nyu-Meksiko ştatlarında, həmçinin, Kolumbiya federal dairəsində seçkilərdə səsverməni izləmək üçün beynəlxalq müşahidəçilərin həmin ərazilərə buraxılmasını nəzərdə tutan qanunlar qəbul edilib.
ABŞ-da həmçinin, söz azadlığı da məhdudlaşdırılır. "Sərhədsiz reportyorlar" qeyri-hökumət təşkilatı 2012-ci ildə jurnalistlərə olan təzyiqlərə, "Uoll-striti işğal et" aksiyasının qəddarlıqla yatırılmasına və s. antidemokratik hərəkətlərə görə, ABŞ-ın illik qlobal reytinqdəki yerini 27-dən 47-yə salmışdır. Tədqiqatlara görə, "Uoll-striti işğal et" aksiyasının polis tərəfindən dağıdılması zamanı 80-dən artıq amerikalı jurnalist xəsarət alımışdı.
Bundan başqa, Müstəqil Hüquqşünaslar Koalisiyasının araşdırmalarına görə, 2011-ci ildən 2012-ci ilədək təkcə Nyu-Yorkda 18 jurnalist həbs olunub. Son 4 il ərzində isə məxfi informasiyaların yayılmasına görə 6 jurnalist "Casusluq haqqında" qanuna əsasən cəzalandırılıb. Həmçinin, Vikiliksə məlumat ötürdüyü üçün həbs olunan Menninqin işindən sonra bu internet resursuna giriş də məhdudlaşdırılmışdı. Bununla da Ağ Evin, Konqres kitabxanasının, Pentaqonun, Dövlət Departamentinin və digər orqanların əməkdaşlarına Vikiliksə daxil olmaq qadağan olunmuşdu.
Həmçinin, ABŞ Maliyyə Nazirliyi xəbərdarlıq etmədən Kubaya səfərləri reklam edən 80 internet saytı bağlanmış, dövlətin "qara siyahı"sına daxil edilmişdi.
Eyni zamanda, ABŞ-da "Apple", "Google", "Yahoo", "Faceboook" və "Myspace" kimi şirkətlər xüsusilə də, dini ekstremizmi və dözümsüzlüyü əsas gətirərək informasiyaların böyük hissəsini filtrizasiyadan keçirirlər.
Bir sözlə, bütün bu faktlar isbatlayır ki, ABŞ heç də özünü təqdim etdiyi kimi demokratik ölkə deyildir. Bu dövlət demokratiyanı istismar edən bir güc kimi sadəcə olaraq, dünyada imperialist maraqlarını reallaşdırmağa çalışır. Lakin daxili mənzərəsini yaddan çıxaran ABŞ bu gün diskriminant, islamafob, antihumanist və imperialist kimi ad çıxarıb. Və təsadüfi də deyil ki, bir müddət öncə jurnalistlərin suallarını cavablandıran Z.Bjezinski bildirmişdi ki, demokratik ABŞ-ın cəmi 6 yaşı var. Bu cavab özülüyündə elə bütün məsələləri çılpaqlığı ilə ortaya qoyur.
Əlbəttə ki, ABŞ-da müşahidə olunan antidemokratik mühitdən heç də fərqlənməyən, lakin özlərini "demokratik nümunə" kimi təqdim edən Qərbi Avropa ölkələrində də ürəkaçan deyil. Onlar başda B.Britaniya olmaqla ABŞ-ın imperialist maraqlarını təminatçısına çevriliblər. Elə B.Britaniya, Fransa kimi böyük ölkələrin NATO pərdəsi altında ölkələrə hərbi müdaxilələr etməsi, şəhərləri dağıtması bu günümüzün faktlarındandır.
Vaxtilə bu günkü ABŞ-ın yolu ilə getmiş B.Britaniya Çində, Hindistanda və digər ölkələrdə yerli əhalini kütləvi şəkildə qətlə yetirməklə, onları tiryəklə və digər növlü narkotik vasitələrlə zəhərləməklə təbii ehtiyatlarına sahiblənməyə çalışırdı. Elə bunun nəticəsində Vest-Hind şirkəti, "tiryək müharibələri" ortaya çıxdı. Müasir zamanda da ABŞ-ın, B.Britaniyanın, Fransanın və digərlərinin müstəmləkəçilik siyasəti davam etdirilməkdədir. Bu gün bütün dünyaya bəllidir ki, bu ölkələr Afrikanı hərbi-tibbi poliqona çeviriblər. Neft, qaz, briliant, qızıl və digər diymətli təbii ehtiyatlara görə bu gün Afrikanın kəndləri yer üzündən silinir, şəhərləri viran qalır. Əlbəttə ki, bu cür fəaliyyətləri göz qabağında ola-ola həmin ölkələr dünyaya demokratiya, insan hüquqları sahəsində "dərs keçməyə" çalışırlar.
B.Britaniyanın, Fransanın, Almaniyanın daxilində bu gün irqi, dini və etnik diskriminasiya hələ də qalmaqdadır, hətta güclənməkdədir. B.Britaniyada hicablı qadınlara, qaradərili insanlara hücmların olması, Fransada məscidlərin təhqir edilməsi, Almaniyada neonasizmin güclənməsi, türklərə qarşı qəddarlıqların artması deyilənlərə sübutdur. Eyni zamanda, bu ölkələrdə islamafobiyada yüksək həddədir.
Özlərini demokratik ölkə kimi təqdim edən Avropa dövlətlərinin daxilində də insan haqları ilə bağlı ciddi problemlər yaşanmaqdadır. B.Britaniyada, Fransada, Almaniyada, Yunanıstanda və digər ölkələrdə vətəndaş olaraq, dövlətdən sosial hüquqlarını tələb edən etirazçılar atlarla təpiklənib, itlərə yedizdirilib, polislər tərəfindən elektroşoklarla cəzalandırılıb, həbs olunub.
Bu ölkələrdə söz azadlığı sahəsində də problemlər mövcuddur. Təkcə, B.Britaniyada onlarla bloggerin həbs olunması, cəzalandırılması buna sübutdur. Bundan başqa, Avropa ölkələrində KİV-ə nəzarət də dövlət tərəfindən həyata keçirilir. Məsələn, Yunanıstan Konstitusiyasının ikinci hissəsinin 15-ci maddəsinə müvafiq olaraq, dövlət radio və televiziya yayımlarına nəzarəti həyata keçirir, İspaniya Konstitusiyasının üçüncü hissəsinin 20-ci maddəsi dövlətə və ya ictimai korporasiyalara məxsus olan KİV-lərin təşkil olunmasının qanunla nizamlanmasını və onlara münasibətdə parlament nəzarətini nəzərdə tutur.
Eyni zamanda, "Kommunikasiya azadlığı haqqında" Fransa qanununa əsasən, radio verilişlərinə və televiziyaya dövlət rəhbərliyi Milli Kommunikasiya və Azadlıqlar Komissiyası tərəfindən həyata keçirilir. Norveçdə 1953-cü ildə Redaktorlar Məcəlləsi tərtib edilib ki, bununla baş redaktora hansısa materialın çapı ilə bağlı müstəqil qərar qəbul etməkdə qeyri-məhdud hüquqlar verməkdədir.
Göründüyü kimi, Avropa ölkələri də antidemokratikliyinə görə, ABŞ-dan geri qalmır və onların da hansısa ölkələrə demokratiya dərsi keçməsinə mənəvi haqları çatmır.
Müstəqil Azərbaycanın cəmi 23 yaşı olmasına baxmayaraq, keçdiyi inkişaf yolu bir çox ölkələrə, hətta özünü demokratik dövlət kimi təqdim edənlərə nümunədir. Azərbaycanda formalaşmış demokratik, multikultural, tolerant mühit bütün xalqların - irqindən, dilindən, etnik mənsubiyyətindən asılı olmayaraq, inkişafına əlverişli şərait yaradılıb. Polietnik və çoxkonfessiyalı ölkə kimi Azərbaycanda ABŞ-da, B.Britaniyada və digər ölkələrdə olduğu kimi irqi seqreqasiya yoxdur və islamafobiya mövcud deyildir.
Həmçinin, insanlar passiv və aktiv seçki hüququ tam təmin edilib, beynəlxalq müşahidəçilər sərbəst şəkildə Azərbaycanda seçki prosesini izləyə bilirlər. Təkcə 2013-cü ildə keçirilmiş prezident seçkilərini misal olaraq göstərmək olar. Belə ki, həmin seçkilərdə dövlət qeydiyyatından keçmiş 55 siyasi partiyadan 8-nin sədri prezidentliyə namizəd kimi qeydə alınıb, həmçinin, seçkidə partiya koalisiyası iştirak edib. Seçkiləri 2033 yerli, 1400-ə yaxın beynəlxalq müşahidəçi izləyib. Beynəlxalq müşahidəçilərin sırasında ATƏT, ATƏT DTİHB, Avropa Şurası, Avropa Şurasının Parlament Assambleyası, Avropa Parlamenti, Avropa İttifaqı, MDB, MDB Parlament Assambleyası, TürkPA, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və digər nüfuzlu təşkilatların, eləcə də 60-a yaxın dövlətin nümayəndələri olub. Həmçinin, 11 beynəlxalq KİV təmsilçisi seçkiləri işıqlandırmaq məqsədilə MSK tərəfindən akreditə olunub.
Məhz bütün müşahidəçilərin və KİV-lərin ümumi monitorinq rəyi ondan ibarət olub ki, KİV-in, jurnalistlərin sərbəst fəaliyyətinə, prezident seçkiləri ilə bağlı proseslərin işıqlandırılması, informasiyaya çıxış imkanları ilə bağlı hansısa məhdudulaşdırıcı, yaxud söz və mətbuat azadlığının məhdudlaşdırılması kimi qiymətləndirilə biləcək kənar müdaxilələr qeydə alınmayıb. Prezident seçkiləri ilə bağlı internet medianın xüsusi fəallığı nəzərə çarpıb. Sosial şəbəkələrdən istifadə, sosial şəbəkələrə giriş, öz fikirlərini sərbəst ifadə etmək, müzakirə və polemikalara qatılmaq, onlayn-sorğularda iştirak etməklə bağlı söz və ifadə azadlığına xələl gətirə biləcək təşəbbüs və faktlar müşahidə olunmayıb. Eyni zamanda, "Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikasının Qanuna müvafiq olaraq paytaxt və bölgələrdə kütləvi aksiyaların keçirilməsi üçün müvafiq yerlər ayrılıb.
Əlbəttə ki, misal olaraq göstərdiyimiz bu faktlar bir daha Azərbaycanda demokratik inkişafın real göstəricisidir. Demokratik inkişafın indikatorlarından biri də söz və mətbuat azadlığı olduğundan Azərbaycanda bu sahədə həyata keçirilən işlərə də diqqət çəkməklə bütün mətləblərə aydınlıq gətirmək olar.
Belə ki, ABŞ-dan və Avropa ölkələrindən fərqli olaraq, Azərbaycanda mətbuata dövlət nəzarəti mexanizmi mövcud deyildir. 1995-ci ildə qəbul olunan Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsində hər kəsin ölkəmizdə siyasi plüralizmin bərqərar edilməsi şəraitində söz və mətbuat azadlığının təmin olunması, demokratik və azad medianın formalaşdırılması məqsədilə qanunvericilik səviyyəsində mühüm addımlar atılıb, söz, fikir və məlumat azadlığı, hər kəsin məlumat almaq və yaymaq hüququ təsbit edilib.
Hazırda KİV-in sayına görə Azərbaycan MDB və Şərqi Avropa ölkələri arasında qabaqcıl yerlərdədir. Ölkədə 5000-ə yaxın mətbu orqan qeydiyyatdan keçib, yüzlərlə informasiya portalı yaradılıb, 50-dən çox informasiya agentliyi qeydiyyata alınıb, eləcə də genişzolaqlı sərbəst internet fəaliyyət göstərir və onların sayı hazırda 30 faizi keçir ki, bu da orta ümumdünya göstəricilərindən 2,5 dəfə yüksəkdir. Əhalinin 75 faizə yaxını internet istifadəçisidir. Sosial şəbəkələrdən isifadə edənlərin sayı isə sürətlə artır və belə bir pozitiv ruhlu dinamika Azərbaycanda söz azadlığının yüksək səviyyədə təmin olunduğunun daha bir real təzahürü sayıla bilər. Bunlarla yanaşı, Azərbaycanda 9 ümumrespublika televiziyasının, bir peykin, 14 regional və 14 kabel televiziyasının, eləcə də 14 radionun fəaliyyəti söz azadlığını təmin edən əsas vasitələr sırasında yer alır.
Bütün bunlara isə əsas dövlət tərəfindən müvafiq qanunvericilik bazası formalaşdırılıb. Buna misal olaraq Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" və 6 avqust 1998-ci il tarixdə imzalanan və kütləvi informasiya vasitələri senzuradan azad edən "Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərman xüsusi qeyd olunmalıdır. Ümumilikdə, kütləvi informasiya vasitələrinin qanuvericilikdə təsbiti ilə əlaqədar Azərbaycan Respublikasının Konstitusiyasını, "Kütləvi informasiya vasitələri haqqında" Qanunu, "Televiziya və radio yayımı haqqında", "Məlumat azadlığı haqqında", "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Vətəndasların muraciətlərinə baxılma qaydası haqqında", "Dövlət sirri haqqında", "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Azərbaycan Respublikası qanunlarını, habelə digər sahəvi qanunvericilik aktlarını, eyni zamanda, mətbuatın maddi-texniki və maliyyə bazasının möhkəmləndirilməsi məqsədilə 2006-cı il fevralın 8-də Prezident İlham Əliyev tərəfindən imzalanmış "Qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borclarının ödənilməsi barədə" Sərəncamını göstərmək olar.
Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il 31 iyul tarixli "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında", eləcə də "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi haqqında" və bu qəbildən fondun yaradılması haqqında sərəncamları söz azadlığının inkişafına yeni töhfə olmaqla yanaşı, həm də mediaya göstərilən dövlət qayğısının davamlı və sistemli səciyyə daşıdığını bir daha təsdiq edir.
Bundan başqa, Azərbaycan xarici siyasətilə də nümunə göstərir. Azərbaycan bütün dövlətlərin əməkdaşlıq və tərəfdaşlıq ruhunda inkişafını dəstəkləyən sülh siyasəti həyata keçirir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində vacid ölkə olmasına baxmayaraq, heç bir halda təbii ehtiyatların siyasi təzyiq vasitəsi kimi istifadə etməyib.
Bir sözlə, Azərbaycan bu cür demokratik inkişafı ilə özü nümunə təqdim edir. Özünü demokratik ölkələr kimi təqdim edənlər bu sahədə Azərbaycan təcrübəsindən yararlansalar bəlkə də dünyadakı kataklizmlərin sayında da azalmalar olar.
Bəlkə də, başda ABŞ olmaqla adları keçən Avropa ölkələri Azərbaycanın hüquqi, iqtisadi və demokratik inkişafı real olaraq görür və bunu ictimai rəylə manipulyasi üçün təkzib etmək məcburiyyətində qalır. Əgər belə olmasaydı, ABŞ Dövlət Departamenti, xüsusilə də, Avropa beynəlxalq siyasi institutları Azərbayana təzyiq etmək üçün müxtəlif vasitələrə əl atmazdı. Əlbəttə ki, onlar bunu strateji maraqları olan hər bir ölkədə olduğu kimi Azərbaycanda da formalaşdırdıqları "beşinci kolon" vasitəsilə həyata keçirirlər. Məhz "beşinci kolon"a daxil olan siyasi partiyalar, QHT-lər, KİV-lər, ayrı-ayrı hüquq müdafiəçiləri vasitəsilə əldə edilən qeyri-obyektiv informasiyalardan istifadə etməklə hesabatlar hazırlanır və Azərbaycanın demokratik imicinə zərbə vurmaq üçün dünya ictimaiyyətinə sırınır. Elə Azərbaycana qarşı təzyiq aləti kimi istifadə edilən Leyla Yunus məsələsi kimi. Leyla Yunus erməni kəşfiyyatına məlumatlar ötürdüyündən vətənə xəyanətə və vergidən yayınmaya görə tutulub. Amma anti-azərbaycançı dairələr onu "siyasi məhbus" elan etməklə ictimaiyyəti aldatmağa çalışırlar. Düşünmürlər ki, Azərbaycanda heç kəs fikirlərinə və ya siyasi baxışlarına görə təqib olunmur. Azərbaycan hüquqi və demokratik ölkədir, burada Ümumdünya İnsan Haqları Bəyannaməsində deyildiyi kimi hər kəs qanun qarşısında bərabərdir. Xüsusi hal olaraq, qeyd edək ki, hər bir xalq demokratiyanı seçərkən bütün vətəndaşların bərabərliyinə inam hissindən çıxış edir. Bir tərəfdən bu inam insanın azad olması fikrinə əsaslanır, digər tərəfdən isə yaddan çıxarmaq olmaz ki, bir nəfərin azadlığı başqalarının da azad olmasına mane olmamalıdır. Bu yerdə Karl Popperin bir misalı diqqəti çəkir: "Məhkəmədə qonşusunu döymüş bir xuliqanın işinə baxılır. Xuliqan deyir: "Mən azad vətəndaşam və öz yumruğumu istənilən istiqamətdə hərəkət etdirə bilərəm". Hakim bu sözlərə müdrik bir cavab verir: "Sizin yumruğunuzun sərbəst hərəkəti qonşunuzun burnunun vəziyyəti ilə məhdudlaşır".
Başqa sözlə desək, insan öz hərəkətlərində yalnız o dərəcədə azaddır ki, bu hərəkətlər başqasına mane olmur. Axı hər kəs bərabər hüquqlara malikdir. Elə Leyla Yunus, Xədicə İsmayıl kimilər də. Məhz Leyla Yunus, Xədicə İsmayıl kimilər Azərbaycandakı demokratik mühitdən istifadə etməklə, vətənə xəyanətə qədər işlərə əl atıb. Bu mənada, Leyla Yunus və Xədicə İsmayıl kimilər bu demokratik mühitdən istifadə etməklə insanların hüquqlarını tapdaya və ya dövlətin təhlükəsizliyini təhdid altında qoya bilməz. Ona görə də, Azərbaycana edilən təzyiqlər fayda verməyəcək. Çünki onların hüquqi əsası və obyektiv səbəbləri mövcud deyildir. Eyni zamanda, Azərbaycanın demokratik inkişafını təkzib etmək mümkün olmayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB