Biz, hamımız yox, bəzilərimiz nə üçün özümüzü apara bilmirik? Çox yerdə, amma hamımızın gördüyü ictimai nəqliyyatda, həmin nəqliyyat vasitələrində, ona aid dayanacaqlarda, platformada...

Vallah, adamın ağlamağımı, gülməyimi, əsəbləşməyimi, əsəbindən ölməyimi gəlir, hansı olur, deyə bilmərəm, amma onu deyə bilərəm ki, elə bir gün olmaz ki, bu hisslərin birini keçirmədən ya işə gəlib çıxa biləsən, ya da evə gedib çata biləsən.

Məsələn, dayanmısan marşrut avtobus dayanacağında, gözləyirsən. İndi də gözləmək bir qədər uzun çəkir, bu artıq hər kəsə məlumdur. Səbəbi də məlumdur, lakin bir daha da təkrarlayıb “təkrar biliyin anasıdır”, məsələsini təsdiq etmək istəyirəm ki, bəlkə... Bəlkə hamı da təsdiqləyər, bu ictimai nəqliyyat vasitələrinə bir əncam çəkilər ki, camaat onlardan ödədikləri pulun qarşılığında istifadə edə bilələr.

Hə, mətləbə gəlim. Gözləyirsən ki, indi marşrut gələr, bir azdan gələr. Gözləyirsən də, nə edəsən? Bir də baxırsan ki, arxadan bir nəfər tüpürdü və o tüpürcək gəlib düz sənin qarşında bərqərar oldu. Nə deyəsən, mən şəxsən dönüb geri baxmıram. Çünki arxamdakı mədəniyyət sarıdan kasıb əhval-ruhiyyədə olan adamın ürəyimi sıxacağından ehtiyat edirəm.

Daha sonra enirsən metroya ki, cəhənnəm olub ya işə tez çatasan, ya da evə. Platformada yanından əlində çar-çanta ilə biri elə sürətlə ötüb keçir ki, inanın, az qalırsan düşəsən qatar yoluna. Ay qardaş, ay bacı, hələ nə qatar var, niyə tələsirsən, hara tələsirsən? Guya elə qatar gələn kimi minib gedəcəksən? Bu olar günün müəyyən saatlarında. Bəlli vaxtlarda bir, iki deyib qatarları yola salandan sonra üçüncüyə minsən, bu da Allahın qisməti, sənə bəxşişi ola bilər.

Yaxşı, bir təhər qatara minmək nəsib, qismətin oldu. Ta qaldın qatarda, İndi gəl, en görüm, necə enirsən. Nə qapının ağzındakılar buna yol verəcək, nə də platformada dayanın, qapının açılmasını və özünü vaxt itirmədən içəriyə salmaq istəyən sərnişinlər. Sən qalırsan ortalıqda, xınc-mınc olandan sonra bir təhər ya bayıra çıxa bilirsən, ya da qatar yola düşür, bir stansiya da irəli getmiş olursan. Əsəblərin pozulur. Lakin nə fayda...

Olur da, Allahın işidir, təsadüflərin təsadüfü nəticəsində ya metroda qatarda, ya da marşrut avtobusda əyləşmisən, görürsən ki, yanındakı yer boşdur, papağını, ya da əlindəki çantanı da oraya qoyursan. Bunları əlində də saxlamaq olar da. Düzdür, boşdur, lakin o yer axı bizim papaq, çantalarımız üçün deyil. Gərəkdir ki, bir sərnişin gəlib başımızın üstündə dayana, ondan xeyli sonra bizə çata ki, əşyanı götür, qoy adam əyləşsin.

Maraqlıdır, vallah, bizim hər işimiz maraqlıdır. Bakıda ictimai nəqliyyatın fəaliyyəti nə qədər maraqlıdırsa, heç özümüzü kənara çəkməyək, bizim hərəkətlərimiz, ictimai nəqliyyatda davranışlarımız ondan da maraqlıdır.

Bəs çarə nədir? Çarə odur ki, ictimai nəqliyyatda da dönüş yaradıla. Biz də özümüzdə dönüş yaradaq. Papağımızı boş sərnişin oturacağına yox, qarşımıza qoyub bir fikirləşək. Fikirləşək ki, düzgün hərəkət edəcəyimizə qərar verək. Yoxsa, vallah belə yürüməz...

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə