Alman siyasi fondları - “demokratiya” təəssübkeşləri - TƏHLİL

Alman siyasi fondlarının iç üzü


Dünya hər zaman güclülərin mübarizə meydanı olmuşdur. Tarixin böyük bir hissəsində bu mübarizə daha çox müharibələrlə nəticələnmişdir. Lakin XX əsrdən başlayaraq nüfuz mübarizəsinin başqa bir müstəviyə keçməsi müşahidə olunur. Xüsusən də II Dünya müharibəsindən sonra əksər keçmiş imperiyalar ayrı-ayrı regionlarda öz maraqlarını qorumaq üçün siyasi təsir vasitələrindən istifadə etməyə başlamışlar. Bu vasitə isə gah xarici yardım, gah demokratiya, insan hüquqları tələbi formasında özünü göstərməkdədir. Bütün hallarda görünən odur ki, maraqlı qüvvələrin xarici yardımları da, demokratikləşmə tələbləri də öz ambisiyalarına xidmətdən savayı bir şey deyil.


Avropanın köklü dövlətlərindən biri olan Almaniyada bu missiya alman siyasi fondlarının üzərinə düşür. Almaniyada bu fondlar siyasi partiyalarla birbaşa bağlıdır. Bundestaqda bir çağırışdan çox təmsil olunan hər bir partiyanın ictimai-siyasi fond (stiftung) yaratmaq hüququ var. Alman cəmiyyətində nüfuz sahibi olan hər bir partiyaya yaxın siyasi fond fəaliyyət göstərir. Belə ki, Konrad Adenauer Fondu Xristian-Demokrat İttifaqına, Fridrix Ebert Fondu Sosial-Demokrat Partiyasına, Henrix Böll Fondu Yaşıllar Partiyasına, Fridrix Nauman Fondu Azad Demokrat Partiyasına, Hans Zaydel Fondu Xristian-Sosialist İttifaqına, Roza Lüksemburq Fondu Sol Partiyaya yaxınlığı ilə tanınır. Almaniyanın hazırkı kansleri Anqela Merkel Konrad Adenauer Fondunun Direktorlar Şurasının üzvüdür.


1925-ci ildə yaradılan Fridrix Ebert Fondu istisna olmaqla digər alman siyasi fondları II Dünya müharibəsindən sonra təsis olunmuşlar. Onların başlıca məqsədləri faşizmdən yeni qurtarmış Almaniyanın demokratikləşmə ehtiyacını ödəmək və ölkənin imicini bərpa etmək olub. Yalnız sonralar bu fondlar öz istiqamətlərini beynəlxalq arenaya yönəltdilər. Fondların yeni məqsədləri sırasına xarici ölkələrdə demokratik siyasi və sosial strukturların gücləndirilməsi, azadlıq, sülh, ədalət prinsiplərinə riayət olunması, Avropanın inteqrasiyası, transatlantik münasibətlərin möhkəmləndirilməsinə töhfə vermək kimi prinsiplər əlavə olundu. Bütün bunlar məsələnin görünən tərəfi.


Siyasi tədqiqatçı Michael Pinto-Duschinsky alman xarici siyasətinin mühüm alətlərindən olan fondların pərdəarxası məqsədləri haqqında yazır: "Fondlar və onların xaricdəki nümayəndəlikləri xarici ölkələrdə müxalifət liderləri ilə əlaqə yaratmaq və dost ola bilmək iqtidarındadırlar. Çünki mövcud hakimiyyətlərin narazılıq etməsindən ehtiyat edən diplomatların belə imkanı yoxdur. Onlar xaricdə mühacirətdə olan siyasətçilərə yardım göstərirlər. Fondlar yardım göstərdikləri xarici ölkələrdə müxtəlif siyasi qüvvələri dəstəkləyirlər. Əksər hallarda hər fondun öz ölkəsi müəyyən olunur və ya eyni ölkədə fondlardan hər biri müxtəlif siyasi qüvvələri dəstəkləyirlər. Bununla da ümid edirlər ki, hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq onlara yaxın tərəf olsun.1


Hədəfdə hansı ölkələr var: Türkiyə, Misir, Liviya, Ukrayna...


Alman siyasi fondlarının beynəlxalq arenadakı fəaliyyəti bu deyilən fikirləri bir daha təsdiq edir. Müxtəlif vaxtlarda, ayrı-ayrı ölkələrdə bu fondların fəaliyyəti ilə bağlı haqlı narazılıqlar yaranmışdır. Misal üçün, Türkiyədə 2002-ci ildə Konrad Adenauer Fondunun fəaliyyəti ilə bağlı narazılıq fondların məhkəməyə verilməsinə gətirib çıxarmışdır. Fondun əməkdaşları türk dövlətçiliyinə qarşı əməllərdə günahlandırılırdılar. İddialara görə Türkiyənin Berqam şəhərində qızıl yataqlarının işlədilməsinə maneə törətməyə çalışırdılar və buna görə ekoloqların köməyi ilə bu layihəyə qarşı etiraz nümayişləri təşkil edirdilər.


Türk mediasında böyük sərmayələri olan almanların əhalini provokasiya etməsi iddiaları səsləndi. Məhkəmə bəraətlə nəticələnsə də münasibətlərdə öz izini qoya bildi. Digər alman fondları da Türkiyəyə əsas tərəfdaşları olan Qəzetçilər Birliyi vasitəsilə təzyiqlər göstərməyə çalışırlar. Konrad Adenauer Fondu kürdlərin məskunlaşdığı ərazilərdə bələdiyyələrə dəstək verməkdə, Henrix Bell Fondu isə qadın problemləri araşdıran layihələrdə (müxalif kürd qadın liderlər əsas tərəfdaş olaraq) iştirak edirlər. Keçən il Türkiyənin Baş naziri alman fondlarının PKK təşkilatına dəstək verməkdə günahlandırdı.


Məsələnin maraqlı görünən bir tərəfi də vardır ki, Konrad Adenauer Fondu, Fridrix Eber Fondu, Fridrix Nauman Fondu, Henrix Böll Fondu və Alman Şərq İnstitutu Türkiyənin Avropa İttifaqına üzvlüyünü dəstləyirlər. Yəni bir tərəfdən Türkiyədə separatizmə dəstək verir, digər tərəfdən isə Avropa yolunda ölkəni dəstəkləyir görüntüsü yaratmağa çalışırlar.


2010-cu ilin iyun ayında Konrad Adenauer Fondunun Ukraynadakı nümayəndəliyinin rəhbəri Niko Lanqenin hava limanından ölkəyə buraxılmaması ilə bağlı bir qalmaqal olmuşdu. Alman hökumətinin birbaşa müdaxiləsindən sonra insident sakitləşsə də, bu hadisənin Ukrayna-Almaniya münasibətlərində günümüzdə baş verən nəticələrini görə bilirik. Qeyri-rəsmi məlumatlara görə Fondun nümayəndəsi ölkənin daxili işlərinə qarışmaqda, müxalifət liderləri ilə gizli sövdələşmədə və casusluqda şübhəli bilinirdi.


Misirdə alman fondları əsasən gənclərə yönəlmiş və demokratiya, qadın hüquqları sahəsində layihələrə diqqət ayırırlar. 2011-ci ilin dekabrında Misirdə daxili sabitliyi pozmaq, ölkəni parçalamaq, hakimiyyəti devirmək ittihamları ilə bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının əməkdaşları tutulmuşdur.


Həbs olunanlar arasında ABŞ-ın Beynəlxalq Respublika İnstitutu, Milli Demokratiya İnstitutu, Jurnalistlər üçün Beynəlxalq Mərkəz, "Freedom House"-la yanaşı Almaniyanın Konrad Adenauer Fondunun da əməkdaşları olmuşdur. Bu beynəlxalq QHT-lər misirlilər arasında agent şəbəkəsi yaratmaq, dini toqquşmaları qızışdırmaq, xarici kəşfiyyat orqanlarına xidmət etməkdə şübhəli bilinirlər. Məhkəmə prosesi zamanı ABŞ və Almaniya rəsmiləri Misir rəhbərliyinə təzyiqlər göstərirdi. Xüsusən də Misirə xarici yardım gündəliyə gətirilmişdi. Nəticədə ittiham olunanların əksəriyyəti sərbəst buraxıldı və ölkəni tərk etdi. Digər bir insident Birləşmiş Ərəb Əmirliklərində baş vermişdir. Cari ilin mart ayında BƏƏ rəsmiləri ölkədəki Konrad Adenauer Fondunun nümayəndəliyinin fəaliyyətini dayandırdılar.


Alman fondları fəaliyyətlərinin əsas istiqamətlərindən bir demokratik islam tədqiqat layihələridir. Əsl mahiyyəti xristian dəyərlərinin təbliği olan bu qurumlar islam ölkələrinə demokratik islam adı altında öz dəyərlərini sırımağa çalışırlar.


Geosiyasi aktor olmaq iddiası


Rusiyada və hətta Qərbin özündə bir sıra analitiklər hesab edirlər ki, Almaniya Qərbdə statusunu gücləndirmək yönündə kurs götürmüşdür. Almaniya yeni qurulmaqda olan dünyada daha güclü mövqe qazanmağı hədəfləyir. Bunu Şimali Afrikadakı proseslərdə, eləcə də Avropanın öz daxilində maliyyə böhranına münasibətdə, hətta Almaniya-NATO əməkdaşlığında da asanlıqla görmək mümkündür. Avro məkanında Almaniya əsas donor və söz sahibi kimi çıxış edir. Cənubi Qafqaz, Mərkəzi Asiya regionları da almanların maraq dairəsindədir.


Alman federal hökuməti aparıcı ekspertlərin daxil olduğu "Şimali Afrikanın transformasiya komandası" yaratmışdır və Yaxın Şərq proseslərində özünü Qərbin əsas məsləhətçisi rolunda görür. Burda da alman siyasi fondları əsas alət olmalıdırlar. Cari ilin 7-9 yanvar tarixlərində Şimali Afrikanın 3 ölkəsinə (Əlcəzair, Liviya, Tunis) səfər edən Almaniyanın xarici işlər naziri Qido Vestervelle bu ölkələrdə alman siyasi fondlarının fəaliyyətinə icazə verilməsi və ya gücləndirməsi məsələlərini qaldırmışdır.


Digər bir tərəfdən Almaniya Avropanın enerji bazarında aparıcı söz sahibidir. Rusiyadan Avropaya əsas qaz marşrutlarından biri "Şimal axını" Almaniya vasitəsilə digər ölkələrə ötürülür. Almaniya digər istiqamətlərdən daxil olan karbohidrogen resursların nəqlində də üstün mövqe qazanmağa çalışır. Bu mənada Almaniyanın RWE şirkəti Nabukko layihəsinin əsas ideya müəlliflərindəndir. Son zamanlar bu istiqamətdə işlərin müəyyən mənada ümidləri doğrultmamasının Almaniyadakı bəzi dairələrin Azərbaycan əleyhinə kompaniyaya qoşulmasına rəvac verdiyini ehtimal etmək olar. Azərbaycan qazının Avropaya digər marşrutlarla çıxarılması yəqin ki kimlərisə qane etmir.


Beləliklə, real siyasi mənzərə onu göstərir ki, alman siyasi fondları öz fəaliyyətlərini daha çox Almaniyanın iqtisadi maraqlarını dəstəkləməyə yönəldirlər. Almaniya III minilliyin dünya səhnəsinə ilk növbədə iqtisadi güc kimi qayıtmağı hədəfləyir. Bu zaman isə bu fondlar bütün vasitələrə əl atırlar. Hətta lazım gələrsə hər hansı bir ölkəyə qarşı qara piardan tutmuş görüntü xarakterli demokratik tələblərədək bütün metodlar istifadə olunur. Təəssüf ki, II dünya müharibəsindən sonra da dünya bu oyunçuların müxtəlif ölkələrdə oyunlarını izləməkdə davam edir.


New Times

Bütün xəbərlər Facebook səhifəmizdə