Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələri yaradılacaq

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında fərman imzalayıb.

Fərmanda qeyd edilir ki, dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması sahəsində dövlət nəzarətini gücləndirmək, idarəetmənin səmərəliliyini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin 5 regional idarəsi yaradılsın.

Nazirlər Kabinetinə tapşırılır ki, bu Fərmanın 1-ci hissəsinə əsasən yaradılan regional idarələrin ərazi mənsubiyyətini müəyyən etsin; bu Fərmanın 1-ci hissəsinə əsasən yaradılan regional idarələrin işçilərinin say həddinin Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin abidə mühafizəçisi ştat vahidlərinin optimallaşdırılması hesabına müəyyən olunmasını təmin etsin; tarix və mədəniyyət abidələrinin qorunması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və mədəni sərvətlərin qorunması üzrə tələblərin pozulmasına görə məsuliyyətin gücləndirilməsi ilə bağlı təkliflərini 3 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; bu Fərmanın 1-ci hissəsinə əsasən yaradılan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin fəaliyyəti ilə bağlı zəruri tədbirlər həyata keçirsin; bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti dövlət mühafizəsində olan tarix və mədəniyyət abidələrinin qorunması sahəsində dövlət nəzarətinin gücləndirilməsini, daşınmaz tarix və mədəniyyət abidələrinin, tarix və mədəniyyət qoruqlarının mühafizəsinin müasir səviyyədə təşkilini, tarix və mədəniyyət abidələrinin qorunmasında müasir texnologiyanın və aparıcı beynəlxalq təcrübənin tətbiqini, tarix və mədəniyyət abidələrinin genişmiqyaslı tədqiqini təmin etsin.

Mədəniyyət Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll edəcək.

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 725 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 386; 2002, № 1, maddə 14; 2006, № 9, maddə 743, № 11, maddə 943; 2007, № 11, maddə 1115; 2008, № 1, maddə 8, № 6, maddə 498; 2010, № 8, maddə 723; 2013, № 3, maddə 241, № 5, maddə 498; 2015, № 9, maddə 1004; 2016, № 3, maddə 463; 2018, № 11, maddə 2245) 2.3-cü bəndində “Nazirlər Kabineti” sözləri “Mədəniyyət Nazirliyi” sözləri ilə əvəz edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə