Laçının işğalından 26 il ötür

1992-ci il mayın 17-də Ermənistan ordusu Şuşanın Turşsu kəndi və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçərək, Laçını işğal edib. İşğal 18 mayda tam başa çatıb. Bu, hər bir azərbaycanlının 26 ildir ki, xatırladığı ağrılı-acılı gündür - Laçınının işğalı günü. Düz 26 il əvvəl törədilən işğalın acı nəticələrini bu gün də yaşayırıq. Laçının işğalı damarında azərbaycanlı qanı dövr edən hər kəs üçün çox ağırdır.

Qeyd edək ki, Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçən erməni ordusu Laçını işğal edib. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vastəsilə daxil olub. Laçın işğal olunmamışdan bir gün qabaq Azərbaycanın dağınıq halda olan silahlı dəstələrinin böyük əksəriyyəti cəbhə bölgəsini tərk edib. Bu işğala səbəb o vaxtkı iqtidarın və hakimiyyət uğrunda mübarizə aparan anti-milli qüvvələrin fəaliyyəti idi. Laçının işğalı Dağlıq Qarabağla Ermənistan arasında əlaqənin yaranmasına gətirib çıxartdı. İşğal nəticəsində 1835 kv. kilometrlik ərazi zəbt edildi, yüzlərlə maddi-mədəniyyət nümunəsi erməni vandalizminə tuş gəldi. 24 ildir ki, 60 mindən artıq laçınlı respublikanın 59 şəhər və rayonunda müvəqqəti məskunlaşaraq, məcburi köçkünlük həyatı yaşayır. Rayonun işğalı nəticəsində 1 şəhər, 1 qəsəbə, 125 kənd, 13 min 745 fərdi ev, 48 sənaye, 63 kənd təsərrüfatı obyekti, 101 məktəb, 5 məktəbdənkənar, 2 məktəbəqədər müəssisə, 1 peşə məktəbi, 142 səhiyyə, 217 mədəni-maarif, 460 ticarət obyekti, 30 rabitə qovşağı, xalq teatrı, tarix-diyarşünaslıq muzeyi, 200-dən çox tarixi abidə talan edilərək dağıdılıb. Müharibə zamanı 267 laçınlı şəhid olub, 66 nəfər girov götürülüb, 105 nəfər əlilə çevrilib. Bu statistik rəqəmlər Laçının erməni qəsbkarları tərəfindən necə zəbt olunmasını açıq-aydın göstərir. Bütün dünyanın və beynəlxalq təşkilatların işğalçı ölkə kimi tanıdığı Ermənistanın silahlı qüvvələri bu şəhərdə Azərbaycan xalqının izlərini silmək, onu unutdurmaq üçün ən ağlagəlməz cinayətlərə əl atırlar. Təbii ki, Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, Laçının işğal altına düşməsi təkcə laçınlıların deyil, bizim hamımızın böyük faciəsidir: "Çünki Laçının gözəl abidələri indi dağıdılıbdır. Bizim dini abidələrimiz dağıdılıbdır. Muzey eksponatlarımız talan edilibdir, evlər dağıdılıbdır. Laçınlıların evlərində indi düşmənlər yaşayır. Bu da bir dərddir. Evin sökülməsi dərddir, amma evdə düşmənin yaşaması ondan da böyük dərddir". Prezident İlham Əliyev Laçın rayonunun belə vəziyyəti ilə barışmağın mümkün olmadığını bildirib.

"...BÜTÜN DÜNYA BİRLİYİ AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜNÜ TANIYIR"

İndi Azərbaycan dünya səviyyəsində böyük hörmətə malik olan ölkə kimi tanınır. Azərbaycanın iqtisadi potensialı və hərbi gücü onu deməyə əsas verir ki, işğal altında olan torpaqlarmızın azad olunacağı gün uzaqda deyil. Bu, qaçılmaz reallıqdır. "Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir, bütün köçkünlər öz doğma torpaqlarına qayıtmalıdırlar" - deyən Prezidentin bu fikirləri Azərbaycan həqiqətlərinə söykənir: "Biz bu illər ərzində böyük dərəcədə güclənmişik. Biz güclü hərbi potensial yaratmışıq. Bundan sonra, növbəti illərdə Ermənistan ilə Azərbaycan arasındakı fərq ancaq böyüyəcəkdir. Bu fərq hər yerdə özünü göstərir - iqtisadiyyatda, ölkələrimizin siyasi çəkisində, beynəlxalq dəstəkdə, hərbi potensialda və eyni zamanda, demoqrafik göstəricilərdə".

Hazırda Azərbaycan danışıqlar prosesini, ardıcıl olaraq, davam etdirir. Azərbaycan Ermənistanla müqayisədə istənilən sahədə irəlidədir və qələbə əzmi də ölkəmizdə yüksəkdir. Bütün beynəlxalq təşkilatların qərarları və qətnamələri Azərbaycanın haqlı mövqeyini müdafiə etsə də, erməni lobbisi və havadarları ermənilərə dəstək olurlar. Ermənistan beynəlxalq təşkilatların, BMT-nin, onun Təhlükəsizlik Şurasının qətnamələrini icra edilməlidir. "Beynəlxalq ictimaiyyət tələb etməlidir ki, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan çəkilsin, imkan versin və Azərbaycan vətəndaşları o torpaqlara qayıtsınlar. Çünki bütün dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü tanıyır", - deyən Cənab İlham Əliyev dünya erməniliyinin və onların arxasında dayanan anti-Azərbaycan qüvvələrinin fəaliyyəti nəticəsində, bu məsələnin belə dondurulmuş vəziyyətdə qaldığını bəyan edir.

"DAĞLIQ QARABAĞ AZƏRBAYCANIN AYRILMAZ HİSSƏSİDİR VƏ BÜTÜN CƏMİYYƏTİN DİQQƏTİ BU MƏQSƏDƏ YÖNƏLİB"

Təbii ki, işğal altında olan torpaqlarımız işğalçılardan azad ediləndən sonra, bütün torpaqlarda, o cümlədən, Laçında yeni inkişaf dövrü yaşanılacaq. Buna Azərbaycanın iqtisadi gücü var. Bu gün respublikamızın, ümumilikdə, 59 rayon və şəhərində müvəqqəti məskunlaşan 71,2 min laçınlıdan 13 mini Ağcabədi rayonu Taxtakörpü ərazisində yerləşib. Məcburi köçkünlər üçün burada yeni yaşayış qəsəbələri, parklar salınıb və Şəhidlər Kompleksi ucaldılıb. Taxtakörpü ərazisində Laçın rayonundan olan 552 məcburi köçkün ailəsi üçün salınan qəsəbədə bütün imkanlar yaradılsa da, dövlət başçısının apardığı prinsipial və ardıcıl siyasəti, birmənalı şəkildə, müdafiə edən laçınlılar el-obalarına - Laçına getmək arzusundadırlar. Ölkəmizin artan beynəlxalq nüfuzu və hərbi qüdrəti onların dədə-baba torpaqlarına tezliklə dönəcəklərinə əminlik yaradıb. İyirmi altı illik məcburi köçkünlük həyatı yaşamalarına baxmayaraq, inanırlar ki, işğal altındakı bütün ərazilərimiz düşmən tapdağından azad ediləcək.

Azərbaycan Prezidenti Cənab İlham Əliyev işğal altında olan torpaqlarımızın geri qaytarılacağını çıxışlarında əminliklə qeyd edir: "Bizim orduda xidmət edən gənclərimiz vətəni ləyaqətlə qoruyurlar və düşmənə çox güclü zərbələr vururlar. Belə də olmalıdır, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bütün cəmiyyətin diqqəti bu məqsədə yönəlib. Cəmiyyətdə müşahidə olunan həmrəylik, səfərbərlik bizim qələbəmizi şərtləndirən amillərdən biridir, iqtisadi və hərbi gücüdür. Biz istənilən yolla öz ərazi bütövlüyümüzü bərpa edəcəyik".

Erməni faşistləri zəbt etdikləri torpaqlarımızı, şəhərlərimizi, o cümlədən, doğma Laçını sülh yolu ilə tərk etməsələr, Azərbaycan xalqı və onun rəşadətli ordusu düşməni məhv edərək, öz torpaqlarını azad edəcəkdir. Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu, Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə, Hərbi-Dəniz Donanması və Quru Qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq gücündədir. MDB çərçivəsində Azərbaycan Hava Hücumundan Müdafiə Qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Azərbaycan Prezidenti İlham Əliyevin "Bu gün Azərbaycan Ordusunda olan texnika ən güclü ordulardan da geri qalmır" - fikrini ifadə etməsi, məhz bu gerçəkliklərdən qaynaqlanır.

Peşəkarlıqla yanaşı, ordunun maddi-texniki bazası da möhkəmlənib. Bu istiqamətdə son illər ərzində böyük işlər görülüb. Azərbaycan iqtisadiyyatının yüksəlişi, bütün sahələrdə olduğu kimi, ölkənin hərbi qüdrətinin də artmasında müsbət təsirini göstərib. Son bir neçə il ərzində Azərbaycanda müasir və çox güclü Hərbi-Sənaye Kompleksi yaradılıb. Azərbaycan Silahlı Qüvvələri bu gün müasir texnika ilə təchiz edilib və bunun nəticəsi olaraq, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam-intizama malik ordumuz var. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, "Ordu quruculuğu, müdafiə potensialının möhkəmlənməsi və güclü ordunun yaranması dövlət üçün, hökumət üçün və hər bir vətəndaş üçün bir nömrəli vəzifədir. Biz bu istiqamətdə öz səylərimizi davam etdirəcəyik".

ERMƏNİSTANIN, ONUN İŞĞALÇILIQ SİYASƏTİNİN HEÇ BİR PERSPEKTİVİ YOXDUR

Ölkəmizin son illərdə dinamik inkişafı, silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunması Cənab Prezidentin öz vədinə sadiq olduğunu bir daha təsdiq edir. Bəli, bu gün Azərbaycanın güclü və müasir ordusu vardır. Azərbaycan Ordusu qarşıda duran bütün vəzifələri həll etməyə qadir olan bir ordudur və heç şübhəsiz ki, belə gücə malik nizami ordu işğal altındakı torpaqlarımızı erməni təcavüzkarlarından təmizləməyə və üçrəngli bayrağımızı Dağlıq Qarabağda dalğalandırmağa qadirdir. Bir mərkəzdən idarə edilən, vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində, gündən-günə daha da möhkəmlənir və döyüş qabiliyyətini artırır.

Vətən övladları sərhədlərimizin keşiyində ayıq-sayıq dayanırlar. Günün müxtəlif vaxtlarında Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən, mütəmadi olaraq, atəşkəs rejimi pozulsa da, əsgər və zabitlərimizin ayıq-sayıqlığı nəticəsində düşmən susdurulur və kəşfiyyat-təxribat qruplarının qarşısı vaxtında alınır. Azərbaycan işğalçı ölkəyə də, onun havadarlarına da, bütün ermənipərəstlərə də göstərir ki, güclü ordumuz işğalçı erməni qəsbkarlarını istənilən an məhv etmək imkanına malikdir. Düşmən tərəf ordumuzun qüdrətinə bələddir. Ermənistanın, onun işğalçılıq siyasətinin heç bir perspektivi yoxdur və Azərbaycan əraziləri işğaldan azad olacaq.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...