ABŞ-ın Corctaun Universitetinin professoru Brenda Şaffer Qərbi Kaspi Universitetində (Western Caspian University) olub. SİA-nın məlumatına görə, professor universitetin magistr və doktorantları üçün mühazirə deyib. A.Şaffer alternativ enerji mənbələrinin əhəmiyyəti, onlardan səmərəli istifadə, bununla bağlı tətbiq olunan müasir texnologiyalar barədə ən son araşdırmalar və onların nəticələri barədə məlumatlar verib. Eyni zamanda qlobal iqlim dəyişiklikləri və ekoloji problemlər, onların həlli yolları nəzərdən keçirilib. Professor bu və digər mövzular ətrafında tələbələrlə fikir mübadiləsi aparıb, sualları cavablandırıb.
Qeyd edək ki, dekabrın 22-də professorun Qərbi Kaspi Universitetində daha bir mühazirəsi olacaq. "Dövlət və din modelləri: Azərbaycanın yeri bu spektrumda hardadır?" mövzusuna həsr olunacaq mühazirə universitetin Əhməd Rəcəbli 1/25 ünvanındakı tədris binasında saat 11.00-da başlayacaq.
Xatırladaq ki, Brenda Şaffer ABŞ mətbuatında ardıcıl olaraq Azərbaycanla bağlı məqalələr yazır, açıqlamalar verir və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında ölkəmizə dəstək verir.
Bütün xəbərlər Facebook səhifəmizdə