Binəqədi Rayon İcra Hakimiyyəti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə “Vətənin müdafiəsinə hazıram!” adlı tədbir keçirilib.
Binəqədi RİH-dən SİA-ya verilən məlumata görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İdarə rəisi, polkovnik Yusif Mirzəyev, SHXÇDX-nin rayon idarəsinin rəisi Novruz Rəhimov, RİH Aparatının şöbə müdirləri, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, SHXÇDX-nin rayon idarəsinin əməkdaşları, rayon ərazisində yerləşən hərbi hissələrin əsgərləri, rayonun orta ümumtəhsil məktəblərinin direktorları və ibtidai hərbi hazırlıq müəllimləri, “Şahinlər” hərbi idman oyununun qalibləri, rayon ərazisində fəaliyyət göstərən İctimai birliklərin sədrləri və fəal gənclər iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunmuş və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Cocuq Mərcanlıya həsr olunmuş video rolik nümayiş olunub.
Tədbirdə çıxış edənlər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İdarə rəisi polkovnik Yusif Mirzəyev, Respublika Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli bildiriblər ki, vətən – bir millətin illər uzunu yaşadığı, adətinin, ənənəsinin, varlığının, şüurunun, birliyinin torpağı ilə birləşdiyi məkandır. Elə bir məkan ki, ana qucağı kimi isti, ata qoynu kimi əmin və etibarlıdır. Vətən sadəcə müəyyən sərhədləri olan coğrafi bir məkan deyildir. Vətən xüsusi sevgi və hörmətə layiq müqəddəs torpaqdır. Natiqlər qeyd ediblər ki, xalqın, millətin üzvü olmaq hansısa bir dildə danışmaq, hansısa bir dinə mənsub olmaq demək deyildir. Hər bir insan mənsub olduğu millətin, xalqın mənəvi dəyərlərini bilməli, onları qətiyyən unutmamalıdır.
Daha sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərov bildirib ki, vətəni sevmək Vətən fədaisi olmaq deməkdir: “Vətəni sevmək ona səcdəgah kimi baxmaq, torpağa, öz xalqına qəlbən bağlı olmaq deməkdir. Vətəni sevmək Vətəni qorumaq, onun hər qarışını sevmək, Vətən naminə canını qurban verməyə hazır olmaq deməkdir. Vətəni sevmək, ona bağlanmaq hər bir şəxsin vətəndaşlıq borcudur.
Hər bir müstəqil dövlətin suverenliyinin təminatçısı onun ordusudur. Sevindirici haldır ki, son illər ərzində ölkəmizdə ordu quruculuğu yolunda böyük nailiyyətlər əldə edilib. Silahlı Qüvvələrimizin formalaşması isə müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli liderimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Hərtərəfli güclənən, hərbi qüdrəti, döyüş qabiliyyəti artan Azərbaycan ordusu böyük inkişaf yolu açıb. Silahlı Qüvvələrimizin kadrları NATO standartları səviyyəsində hazırlanıb. Bu ordu işğal olunmuş ərazilərimizi düşməndən azad etməli, ölkəmizin ərazi bütövlüyünü qorumalıdır.
Əminik ki, artıq Azərbaycan əsgəri öz sözünü deməyə qadirdir və Ali baş komandanımızın əmri ilə hər an torpaqlarımızı erməni işğalçılarından azad etməyə hazırdır. Bu gün Azərbaycan ordusuna göstərilən qayğı və diqqət onu deməyə əsas verir ki ,qüdrətli ordumuz tezliklə vətənin torpaqlarını düşməndən xilas edəcəklər”.
Çıxışlardan sonra Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tədbirin təşkilatçılığında əməyi keçən, yüksək təşkilatçılıq və dəstək göstərən Binəqədi Rayon İcra Hakimiyyətinə təşəkkürnamə, Şəhid Emin Bağırovun və Fəxrəddin Qurbanlının atasına Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərinə görə” mükafatlar təqdim edilib. O cümlədən, Gənclərin çağırışa qədərki hazırlığı fənninin tədrisində xüsusi fərqlənən Binəqədi rayonu şəhid, Milli Qəhrəman Namiq Fərəczadə adına 100 saylı orta məktəbin hərbi rəhbəri Cəlal Cəlilov və həmin məktəbin 10-cu sinif şagirdi İsrail İsayev təltif edilib.
Təltiflərdən sonra tədbir bədii hissə ilə davam etmişdir. Rayonun istedadlı şagirdləri “İgid əsgər möhkəm dayan”, “Azərbaycan əsgəri”, “Gəlin dönək evə” mahnıları səsləndirilmiş, şeirlər söylənmiş və rayonun şəhidləri Emin Bağırovun və Fəxrəddin Qurbanlının obrazları canlandırılıb.
Tədbirin bədii hissəsinə Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı yekun vurmuş və Azərbaycan bayrağı səhnədə açılaraq, tədbir atəşfəşanlıqla yekunlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə