“Azərbaycan və Türkmənistan Şərq-Qərb nəqliyyat marşrutunda mühüm mövqeyə malikdir” - ŞƏRH

“Azərbaycan və Türkmənistan Şərq-Qərb nəqliyyat marşrutunda mühüm mövqeyə malikdir” - ŞƏRH

“Azərbaycan və Türkmənistan prezidentlərinin mətbuata bəyanatları məzmun baxımından kifayət qədər strateji mesajlar daşıyır. Bəyanatlarda əsas xətt iki ölkə arasında münasibətlərin yalnız tarixi-mədəni yaxınlıq üzərində deyil, həm də regional geosiyasi və geoiqtisadi maraqlar üzərində qurulduğunu göstərir”.

Bu sözləri SİA -ya açıqlamasında politoloq Yusif Bağırov bildirib.
Onun sözlərinə görə, ən diqqətçəkən məqam Azərbaycan–Türkmənistan əməkdaşlığının artıq ikitərəfli münasibətlər çərçivəsindən çıxaraq daha geniş regional bağlantılar sisteminin bir hissəsi kimi təqdim edilməsidir:

” Prezident İlham Əliyevin çıxışında xüsusilə nəqliyyat-logistika sahəsinə vurğu edilməsi də təsadüfi deyil. Azərbaycan və Türkmənistan Xəzərin iki sahilində yerləşən ölkələr kimi Şərq-Qərb nəqliyyat marşrutlarının inkişafında mühüm mövqeyə malikdirlər. Bu əməkdaşlıq yalnız iki ölkənin iqtisadi maraqlarına deyil, eyni zamanda Avropa ilə Asiya arasında alternativ ticarət yollarının formalaşmasına təsir edir.
Burada əsas geosiyasi məqam ondan ibarətdir ki, qlobal logistika zəncirlərində baş verən dəyişikliklər fonunda Xəzər hövzəsinin əhəmiyyəti artır. Ənənəvi marşrutlarda yaranan risklər fonunda daha təhlükəsiz və sabit dəhlizlərə ehtiyac yaranır. Azərbaycan öz coğrafi mövqeyindən istifadə edərək Cənubi Qafqazı Mərkəzi Asiya ilə birləşdirən əsas tranzit mərkəzlərindən birinə çevrilmək uğrunda mühüm addımlar atır. Türkmənistanla əməkdaşlığın genişlənməsi də bu strategiyanın mühüm elementidir.
Digər mühüm istiqamət enerji sahəsidir. Türkmənistan dünyanın böyük qaz ehtiyatlarına malik ölkələrindən biridir, Azərbaycan isə enerji resurslarının dünya bazarlarına çıxarılması baxımından mühüm nəqliyyat imkanlarına malikdir. Bu baxımdan iki ölkə arasında enerji əməkdaşlığının inkişafı təkcə iqtisadi məsələ deyil, həm də regional enerji təhlükəsizliyi baxımından əhəmiyyət daşıyır. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov da çıxışında energetika, nəqliyyat, sənaye və digər sahələri prioritet istiqamətlər kimi qeyd edib.
Bəyanatların digər mühüm tərəfi türk dünyası və Mərkəzi Asiya amilidir. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçıları Məşvərət Şurasına qoşulması və Türkmənistanın bu prosesdə dəstəyi regional əməkdaşlıq formatlarının genişləndiyini göstərir. Coğrafi baxımdan fərqli regionlara aid olsalar da, Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında tarixi, mədəni və iqtisadi bağların siyasi platformaya çevrilməsi müşahidə olunur.
Eyni zamanda, bəyanatlarda humanitar və simvolik məqamlar da xüsusi yer tutur. Türkmənistanın Qarabağın bərpasında iştirakı, Füzulidə məscid tikintisi təşəbbüsü iki ölkə arasında siyasi etimadın göstəricisi kimi qəbul olunur. Belə addımlar dövlətlərarası münasibətlərdə yalnız praktiki deyil, emosional və ictimai yaxınlıq yaradan faktorlar hesab olunur.
Ümumilikdə isə Azərbaycan və Türkmənistan prezidentlərinin çıxışlarını yeni regional reallıqlar fonunda strateji tərəfdaşlıq mesajı kimi qiymətləndirmək olar. Bu münasibətlər artıq yalnız dostluq və qardaşlıq ritorikası ilə məhdudlaşmır, eyni zamanda nəqliyyat, enerji, ticarət və regional inteqrasiya istiqamətlərində konkret maraqlar üzərində formalaşır”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə