Peskov: "Dolların qlobal ehtiyat valyutası kimi rolu tədricən azalır"

Peskov: "Dolların qlobal ehtiyat valyutası kimi rolu tədricən azalır"

Dolların qlobal ehtiyat valyutası kimi payının azalması istiqamətində tendensiya getdikcə daha aydın şəkildə müşahidə olunur.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov 12-ci Primakov Oxuları beynəlxalq elmi-ekspert forumunda çıxışı zamanı bildirib.

Peskov qeyd edib ki, beynəlxalq iqtisadi nizamın əsasları, eləcə də dünyanın əsas ehtiyat valyutası hesab olunan dollar öz əvvəlki mövqeyini tədricən itirməkdədir:

“Beynəlxalq hesablaşmalarda əsas ehtiyat valyutasının payı hələ də yüksək olaraq qalır. Lakin onun payının azalması istiqamətində aydın tendensiya mövcuddur. Bu proses ölkələrin könüllü şəkildə dollardan imtina etməsi ilə bağlı deyil. Əsas səbəb valyutanın emitentinin öz qaydalarını digərlərinə tətbiq etməyə çalışmasıdır. Bir çox dövlətlər isə bu yanaşmanı qəbul etmir”. – deyə Kremlin sözçüsü vurğulayıb.

XXI əsrin ortalarına doğru qlobal nizamın inkişaf ssenarilərinə həsr olunmuş sessiyada çıxış edən Peskov hazırkı beynəlxalq transformasiya mərhələsinin düzgün qiymətləndirilməsinin vacibliyini də qeyd edib.

Onun sözlərinə görə, hazırda dünyanın transformasiyanın ilkin mərhələsində olub-olmaması və ya artıq tam xaos vəziyyətinə keçib-keçməməsi ilə bağlı suallar aktual olaraq qalır:

“Əgər gələcək dünya nizamının müəyyən konturları artıq formalaşmağa başlayıbsa, bunu anlamaq vacibdir. Belə bir qiymətləndirmə olmadan gələcəklə bağlı dəqiq proqnozlar vermək olduqca çətin, hətta mümkünsüzdür”. – deyə Peskov əlavə edib.

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə