"Türk dünyasının vahid platformada birləşməsi regional inkişafa töhfə verir" - ŞƏRH

"Türk dünyasının vahid platformada birləşməsi regional inkişafa töhfə verir" - ŞƏRH

"Təbii ki, bu rəqəmlərin və simvolların dərin mənası var. Burada 8 rəqəmi 8 Noyabr – Zəfər Gününü ifadə edir".

Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Emin Qəribli bildirib.
Onun sözlərinə görə, bu, Azərbaycan xalqının tarixi qələbəsini və dövlətimizin gücünü simvolizə edən mühüm bir tarixdir:

"Bu cür simvolların istifadə olunması həm tarixi yaddaşın qorunmasına, həm də milli birliyin daha da möhkəmləndirilməsinə xidmət edir.

Biz uzun illərdir ki, Avropa İttifaqının və ümumilikdə Qərb dünyasının ikili standartlarını müşahidə edirik. Bu yanaşmanın əsas səbəblərindən biri kimi xristian dövlətlərinə daha çox diqqət və dəstək göstərilməsi amili də diqqət çəkir. Müxtəlif beynəlxalq məsələlərə münasibətdə fərqli yanaşmaların sərgilənməsi, bəzi hallarda isə eyni hadisələrə müxtəlif meyarlarla qiymət verilməsi bu ikili standartların mövcudluğunu açıq şəkildə göstərir.

Dünyada qloballaşma ilə bağlı irəli sürülən məşhur nəzəriyyələrdən birində qeyd olunur ki, gələcəkdə bəşəriyyət əsasən mədəniyyətlər üzrə qruplaşacaq və bu bölgünün təməlində dini-mədəni ortaq dəyərlər dayanacaq. Bu baxımdan Avropa İttifaqının inteqrasiya prosesi müəyyən mənada həmin tendensiyanın nümunəsi kimi qiymətləndirilə bilər. Sevindirici haldır ki, Türk dünyası da bu çağırışlara cavab olaraq birlik və həmrəylik nümayiş etdirir, ortaq maraqlar ətrafında birləşərək əməkdaşlığını daha da genişləndirir.

Hesab edirəm ki, bu simvollar Türkmənistanın və bütövlükdə Türk dünyasının vahid platforma kimi çıxış etməsinin bariz göstəricisidir. Xüsusilə vurğulamaq lazımdır ki, Türkmənistan əvvəllər Türk Dövlətləri Təşkilatının fəaliyyətində o qədər də aktiv iştirak etmirdi. Lakin bu gün Azərbaycan Prezidentinin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Türkmənistanın da bu proseslərə daha yaxından cəlb olunduğunu müşahidə edirik. Bu, Türk dünyasının birliyinin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyan müsbət bir tendensiyadır.

Artıq Türkmənistan Türk dünyasının və Türk Dövlətləri Təşkilatının daha fəal iştirakçılarından birinə çevrilməkdədir. Əvvəllər bu ölkənin regional məsələlərdə daha ehtiyatlı mövqe tutduğunu görürdük. Bu gün isə onun aktiv fazaya keçməsi, şübhəsiz ki, Azərbaycan Prezidentinin səylərinin nəticələrindən biridir. Bu fəallıq Türk dövlətləri arasında siyasi dialoqun, iqtisadi əməkdaşlığın və qarşılıqlı əlaqələrin daha da güclənməsinə şərait yaradır.

Türkmənistan bizim qardaş ölkəmizdir. Tarixi, etnik və mədəni baxımdan bir-birimizə yaxın xalqlarıq. Ölkələrimiz arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri ortaq dəyərlər və qarşılıqlı etimad üzərində formalaşıb. Gələcəkdə Azərbaycan və Türkmənistan arasında həyata keçiriləcək mühüm layihələrin təkcə iki ölkənin deyil, bütövlükdə regionun inkişafına əhəmiyyətli töhfələr verəcəyinə inanıram. Hesab edirəm ki, bu əməkdaşlıq enerji, nəqliyyat, logistika və digər strateji sahələrdə yeni imkanlar yaradacaq, regionda sabitliyin və rifahın möhkəmlənməsinə xidmət edəcəkdir".

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə