Binəqədi rayonunda Beynəlxalq Ahıllar Günü qeyd edilib

Binəqədi rayonunda 1 Oktyabr - Beynəlxalq Ahıllar Günü qeyd edilib. Bu barədə SİA-ya Binəqədi rayonu İcra Hakimiyyətindən məlumat verilib.

BMT Baş Məclisinin 1992-ci ildə qəbul etdiyi “Ahılların müdafiəsi ilə bağlı Qətnamə”yə əsasən, 1 Oktyabr - Beynəlxalq Ahıllar Günü kimi təsis edilib. Beynəlxalq Ahıllar Günü 1993-cü ildən başlayaraq Azərbaycanda da hər il yüksək səviyyədə qeyd edilir.

Binəqədi rayonunda 1 Oktyabr - Beynəlxalq Ahıllar Günü münasibətilə Binəqədi rayon İcra Hakimiyyətinin dəstəyi və rayon bələdiyyələrinin təşkilatçılığı ilə ərazilərdə yaşayan ahıl sakinlər ziyarət edilib. Təşkil edilən ziyarətdə Binəqədi rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon bələdiyyə sədrləri, bələdiyyələrin “İctimai-humanitar” sektorunun rəhbərləri və 25 saylı şəhər poliklinikasının tibb personalı iştirak ediblər.

Ziyarət olunan ahılların evlərində ilk öncə səhər saatlarında bələdiyyələr tərəfindən təmizlik işləri görülüb. Sonra evləri ziyarət edilən ahıllarla birgə çay süfrəsi təşkil edilib, onlara bayram münasibətilə sovqat təqdim edilmiş və ixtisaslı həkim personalı tərəfindən tibbi müayinə olunublar.

Çıxış edən ahıllar Azərbaycanda ahıl insanlara dövlət qayğısının ildən-ilə artığını bildirib, göstərilən diqqətə görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını ifadə ediblər. Görüşlərin sonunda ahıllarla birgə xatirə fotosu çəkdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...