"Meydan sulayan ya­lanlar yığışdırılmalıdır" ÖZƏL-ŞƏRH

"Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, şöbə müdiri prof.dr. Əli Həsənov dünən “feysbuk”da “50 nəfərlik piketi idarə edə bilməyənlər xalqın və dövlətin məsuliyyətini necə daşıya bilər?” başlıqlı qısa bir yazı paylaşmışdı. Bu paylaşım yarımgün içində 432 işarələmə, 99 yorum, 249 paylaşım, 28 yayınlama (!) ilə ictimai-siyasi kəsim içə­risində böyük əks-səda doğurdu… Qısa müddət ərzindəki bu əks-səda, özlüyündə həm yazıda qaldırılan mə­sələlərə xəlqi münasibəti, həm də müəllifin imzasına sayğılı münasibəti ifadə edir". Bu fikirləri SİA-ya açıqlamasında Milli QHT Forumunun (MQF) İdarə heyətinin üzvü Əkbər Qoşalı deyib.

"Prezident köməkçisi nələri vurğulayıb? Əlbəttə, oxuyanlar oxuyub, oxumayanlara da tövsiyyə edərdim; bununla belə yazının özünün ismarıcları da daxil olmaqla, yorumlar – sosial şəbəkə istifa­də­çi­lə­rinin fikirləri üzərindən, bir neçə cümlə ilə də olsa, münasibətimi bölüşmək istərdim:

-İlk məqam ondan ibarətdir ki, Əli müəllim məsələyə elmi yanaşmanı ortaya qoyub (necə ki öncəki yazılarında da məhz belə yanaşmanı görürük). Bilirsiz, bir daha görürük ki, ictimai-siyasi həyatımıza elm nə qədər güclü nüfuz edərsə, bu o qədər yaxşıdır. Həm ümumən yaxşıdır, həm də, siyasi ehtirasın girovuna çevrilmişlər üçün daha böyük ölçüdə təsirli, xeyirlidir;

-Dövlət, dövlətçilik xəttində olanlar konstruktiv mövqeləri ilə seçilir, əks siyasi fikir daşıyıclarını tənqid etsə də, söyüş söymür, qarğış qarğamır, təhqir yağdırmır;

-Hörmətli professor, yalnız 50 nəfərlik piketdən deyil, piket keçirənlərin, necə deyərlər (hərbçi sözü ilə ifadə etsək), “TTX”sını da açır. Məncə, belə bir yazı yalnız toplumun deyil, konkret olaraq, piketçilərin də dönüb özlərinə baxmaq imkanını yaradır;

-Əli müəllimin öz sözləri ilə desək, “Azərbaycan hakimiyyətinin sərbəst toplaşmaq azadlığına baxışı “cəmiyyətin iradəsi təkcə dövlət qurumlarından xalqa doğru deyil, daha çox xalqdan dövlət qurumlarına sirayət etməlidir” fəlsəfəsinə əsaslanır”;

-Bir qədər öncə müxalifətin mitinq keçirməsi üçün paytaxtdan bir qədər aralıda təklif edilən yeri lağ-lağıya qoymalarının, “topa-tüfəngə tutmaları”nın səbəbi, piketdən sonra daha aydın bəlli olur. Bəlli olur ki, şəhərin mərkəzi yerlərində mitinq keçirmək istəyi küçə və mey­danların onsuz da qə­lə­bəlik olması ilə sıx bağlıdır və bu, öz siyasi gücünə arxayın olmamağın aydın ifadəsidir.

-Həm bu yazı, həm piket mövzusunda yazılan bir çox fikirlər göstərir ki, meydan sulayan ya­lanlar yığışdırılmalıdır, meydan elmi həqiqətə, sosial tədqiqatların nəticələrinə verilməlidir. Hələ ötən ilin fevralında Sosial Tədqiqatlar Mərkəzi yaratması və bu Mərkəzin formalaşmaq mərhələsini başa vuraraq, son vaxtlar, ictimai fikri ardıcıl və düzgün şəkildə qidalandırması da dediklərimizə hakimiyyətin baxışını bir daha ifadə etməkdədir.

Əvəzində radikal siyasi düşərgədə nə görürük? – Baxın, mitinqin keçirilməsini məqsədəuyğun saymırsan - bir problem; mitinq üçün ünvan müəyyənləşir – başqa problem; piketin keçiril­mə­si­nə icazə verilir – bir başqa problem… - Problem də, problem. Nə təsadüfdir, mən bu sətirləri yazarkən “yutub”un çarxı fırlanıb keçmiş səfir Arif Məmmədovun Qənimət Zəhidlə bir söh­bətinə dayandı; vaxtı ilə sauna üçün sinov getməsi barədə paylaşım edən keçmiş səfir, ma­ra­qlıdır, yenə hamamda çimərkən ona gələn bir zəngdən danışırdı. Sözü o idi ki, bəs, keçmiş səfir o zamankı Baş nazir Artur Rasizadə ilə görüş üçün müraciət edibmiş və bəs deməzsənmi, heç gözləmədəyi şəkildə, anındaca qəbula dəvət edilib; bu operativ qəbul imkanı səfiri möhkəmcə təəcübləndiribmiş… Təəcübləndiribmiş ki, Baş nazir necə ola bilər ki, səfiri dərhal qəbul etsin; onun fikrincə, Baş nazirin köməkçisi ən azı 2-3 günə geridönüş etməliymiş, daha 3-4 gün sonrakı görüş vaxtını bildirməliymiş və s. Təsəvvür edirsizmi? Bir səfir, öz ölkəsinin Baş nazirininin onu operatib qəbul etməsi faktını məxsərəyə qoyur.!? – Siz necə bilirsiz, gec qəbul olununca “Baş nazirin işinin-gücünün adı nədir? – O səfiri qəbul etməyib də, kimi qəbul edəcək? Nə yaman va­cib işi varmış?” deməyəcəkdimi? – Tez qəbul edilir - belə, gec qəbul edilir - elə… Çünki özü nə elədir, nə belə, (rəhmətlik Fikrət Sadıq demiş) elə-belədir…

-Və nəhayət sözlərimi Azərbaycan Prezidentinin köməkçisinin (haqqında danışdığımız) yazı­sın­dakı bu təsbit kimi təsbitlərlə bitirmək istərdim:

“…Ən acınacaqlısı isə budur ki, ötən dövr ərzində ölkəmizdə yüksələn ictimai şüur da bu radikalların dağıdıcı instinktlərini sağalda, dəyişə və çağdaşlaşdıra bilməyib.

Ölkəmizi və xalqımızı təmsil edən hər bir siyasi partiyanın gələcək milli müqəddəratımızı həll edə biləcək effektiv təsisata, ümummilli məsələlərin həlli ilə bağlı rasional təkliflər verə biləcək düşüncə mərkəzinə və təkmil idarəçilik institutuna çevrilməsi, müxalif düşərgənin başdan-başa yenilənməsi, müasir, vətənpərvər, bacarıqlı gənclərin önə çıxması ictimai həyatımızın ən vacib məsələlərindən biri olaraq qalır"-deyə, Ə.Qoşalı fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...