"Dövlət başçısının bölgələrə səfəri xalqımızın rifahına hesablanmış addımlardır" AÇIQLAMA-ÖZƏL

“Azərbaycanda milli iqtisadiyyatın 11 əsas istiqamətini müəyyənləşdirən, əhatə edən Strateji Yol Xəritəsi tərtib olunub. Strateji Yol Xəritəsinin tətbiqinə başlanandan sonra Azərbaycan iqtisadiyyatında sıçrayışlı inkişaf, müsbət dəyişiklər geniş vüsət almmağa başlayıb. Cənab prezidentin bölgələrə səfəri, yeni-yeni müəssisələrin açılışı, yeni iş yerlərinin meydana gəlməsi, infrastruktur layihələrinin həyata keçirilməsi dediklərimizə əyani sübutdur”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Sentyabrın 19-da ölkə başçısı İlham Əliyevin cənub bölgəsinə - Masallı və Biləsuvar rayonlarında səfərini xatırkadan deputat söyləyib ki, dövlət başçısının səfərləri zamanı müxtəlif obyektlərin, bir sıra infrostruktur layihələrinin açılması həmin ərazidə turizmin, eləcə də yoxsulluğun tamamilə aradan qaldırılmasında möhüm töhvələr verəcək: “Bütün bunlar Azərbaycan iqtisadiyyatının inkişafına xidmət göstərir. Yeni sahibkarlıq mühitinin meydana gəlməsi, müəssisələrdə yeni iş yerlərinin açılması təbii ki, Azərbaycan vətəndaşının rifahına hesablanmış addımlardır. Həm də işsizliyin minimuma endirilməsi deməkdir. Bütün bunlar həm də Azərbaycan iqtisadiyyatının yüksək inkişaf tempinin göstəricisidir”.

Azərbaycanda böyük turizm potensialının mövcudluğunu dilə gətirən A. Badamov söyləyib ki, turizm potensialımızın ən zəngin bölgələrindən biri də Azərbaycanın cənub bölgəsidir: “Ötən gün cənab prezidentin həmin istiqamətdə yol infrostrukturunun açılışında iştirak etməsi, yeni layihələrin meydana gəlməsi, turizm sektoru üzrə yeni obyektlərin açılışlarının həyata keçirilməsi təbii ki, cənub zonasının cəlbediciliyini artıracaq. Ümumilikdə götürdükdə, Azərbaycanda turizmin inkişaf etdirilməsi iqtisadiyyatın inkişafı üzrə strateji yol xəritələrindən biridir. Düşünürəm ki, açılışı olan hər bir turizm obyekti və bu istiqamətdə açılışı həyata keçirilmiş infrostruktur layihələri Azərbaycanda bu sahənin cəlbediciliyi artırır. Eyni zamanda, bizim öz turizm imkanlarımızdan istifadəni yaxşılaşdırır. Cənub bölgəsində həm meşəlik, həm dağlıq ərazilər, eləcə də dəniz mövcuddur. Bu da eko turizminin, turizmin ayrı-ayrı sahələrinin inkişafında böyük potensial deməkdir. Cənab prezidentin iştirakı ilə baş tutan açılışlardan sonra cənub bölgəsinə turist axını daha da artacaq. Biz bunu gələn ilin göstəricilərində əyani olaraq görəcəyik”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə