Mənim indi, yaşımın bu ahıl vaxtında da yaxşı yadıma gəlir ki, Azərbaycanda müstəqilliyimizin ilk illərində, onun təmiz ab-havasını udduqca, ürəyimizdə bir qaynar həyat eşqi baş qaldırır. Amma o vaxtkı gəncliyimizin humanist hisslər qaynağına düşüb axırdıq...

Obrazlı desək, elə bil ki, daşan çaylar, əsən küləklər, uçan quşlar, dağ şəlalələri donub qaldığı yerdən birdən-birə hərəkətə gəlmiş, qopan tufanlara, çaxan şimşəklərə qarışmaq üçün bir bəhanə gəzirmiş. Bəlkə də bu, adi bir meh bəhanəsi imiş. Həmin meh də əsdi və Azərbaycan yenidən müstəqil oldu.

1920-ci il aprel “inqilabı”ndan sonra Bakıya İrandan çoxlu axın oldu. Bu insan axını o cümlədən, Mir Cəlalın ailəsini, onun ata-anasını, böyük qardaşı Mir Xəlili də özü ilə gətirmişdi. Ata-anası burada qərar tutmayıb, sonralar İrana, Əndəbilə qayıtdılar.

Hələ o zaman, 1927-ci ildə “Zəhmət” adlı qızetə yazdığı məqalədə gənc yazıçı Mir Cəlal İran mühacirlərinin vəziyyəti barədə açıq söhbət aparır və yazırdı: “Hər bir hüquqdan məhrum olan vətənini tərk edən İran mühacirləri xarici ölkələrdə də yaxalarını düşmənlərdən qurtara bilmirlər: bütün iranlı ayağı dəyən ölkələrə nümayəndə göndərilən fars “zadəgan” konsulları hüquq müdafiəsi üçün gəldiklərini unudaraq, sanki ac qurd kimi şikar izindən yorturlar. Bu “mübarək qədəm”lərin iranlılar üzərində yürütdükləri cəlladlar bəzən İranda icra edilən istibdadı geridə qoyar”.

“Molla Nəsrəddin” məcmüəsi və başqa Azərbaycan mətbuatının səhifələri də həmin vaxtı daima İran mühacirlərinin konsullar əlindən çəkdikləri fəryad və hıçqırıqları öz səhifələrində tez-tez və ətraflı yazırdılar.

“Molla Nəsrəddin” jurnalı belə yazırdı: “Bu “alicənablar” təyin oldunduqları yerə çatar-çatmaz iranlıların vətənfüruş ağsaqqallarını çağırıb yağlı bəzəkli vədlər ilə onların boş damarlarını əllərinə alırlar. Bundan sonra daha hər şeyi bitmiş və bütün mühacirlərin ovsarı konsul cənablarının əlinə keçmiş olur ... Bu hal, zənnimcə, hər bir mühacirin gözü ilə gördüyü bir həqiqətdir...”

Burada deyilənlər təkcə İran mühacirlərinin didərgin həyatını, məişətini göstərən adi bir qəzet xəbəri (informasiyası) olsa da həm də qədim bir xalqın bioqrafik taleyi haqqında Mir Cəlalın “Bir gəncin manifesti”ndən qabaqkı manifestiydi.

Sonralar Mir Cəlal Gəncə şəhərində, necə deyərlər, bir yazıçı, ziyalı kimi ayağa qalxdı. Ona görə də bütün ömrü boyu Gəncə şəhərini doğma vətəni sayırdı. Gəncəlilər də onu sevirdilər və bu dahi şəxsiyyətə həmişə hörmətlə yanaşırdılar.

Böyük ədibin Gəncə həyatı onun ədəbi-ictimai-pedaqoji fəaliyyətində bütöv bir mərhələ təşkil edir.

1946-cı ildə Mir Cəlalın böyük oğlu Arif Paşayev Ukraynada ali texniki ixtisas alıb qayıtmışdı. Bu həmin illər idi ki, televiziya ekranları yavaş-yavaş evlərə qədəm qoyurdu. Buna görə də Arif Paşayevin ixtisasına respublikamızda böyük ehtiyac vardı.

Lakin Mir Cəlal oğlunun təhsilini davam etdirməsini istədi və beləliklə də ona yeni uçuşlar üçün düzgün istiqamət verdi. “Get, elm dalınca”, - dedi.

O, müdrik atasının məsləhətlərini eşitdi. Səsi Moskvanın, Odessanın nüfuzlu təhsil ocaqlarından gəldi. Adı, soyadı sayılıb-seçilən fiziklər, akademiklər sırasında çəkilməyə başladı. Çoxlu ixtiralar elədi. Elm sahəsində yüksək pilləyə qalxdı. Alim oldu. Azərbaycan Milli Aviasiya Akademiyasıının rektoru vəzifəsinə irəli çəkildi.

Yeri gəlmişkən deyim ki, bəşər tarixində nadir hallarda təkrarlanmalar olur.

Arif hələ yeddi yaşında ikən, Bakıda Qaqarin adına Pionerlər sarayının fəal üzvü kimi, onun düzəltdiyi aeroplan modeli havada 18-20 dəqiqədən artıq uçmuş və birinci yeri tutmuşdu. Deməli, onun taleyi aviasiya ilə bağlı olub...

Arif müəllim mötəbər bir ailə ilə də qohum oldu... Nəsir İmanquliyevi mən yaxından tanıyırdım. Respublikanın tanınmış şəxsiyyətlərindən biri kimi böyük nüfuz sahibiydi. Onun jurnalistlik fəaliyyəti mətbuat işçiləri üçün ayrıca bir universitet rolunu oynayırdı. “Bakı” və “Baku” qəzetlərinin Baş redaktoru vəzifəsində çalışırdı. Gün ərzində ölkədə baş verən hadisələr qısa və aydın şəkildə bu qəzetlərdə oxuculara operativ çatdırılırdı. Bu qəzetlər iki dildə, Azərbaycan və rus dillərində nəşr olunurdu. Bu qəzetləri almaq üçün, qəzet köşklərinin qarşısında uzun növbələr yaranardı. Mən özüm də vaxtilə o sıralarda dayanmışam.

Deyirlər “gəlin ocağa çəkər”. Bu, həyat təcrübəsində özünü göstərdi. Böyük ədib Mir Cəlalın ailəsilə görkəmli ictimai xadim Nəsir İmanquliyevin ailəsi qohum oldu. Və bu hörməti ailələrin yetirməsi xanımlar xanımı Mehriban xanımı unudulmaz Ulu öndər öz ailəsinə gəlin gətirdi.

Cənab Prezidentimiz İlham Əliyevin həyat yoldaşı, Respublikanın Birinci vitse-prezidenti, ölkənin Birinci xanımı Mehriban Əliyeva həmişə xalqın yanındadır. O, hələ 2004-cü ildə Azərbaycan şifahi xalq yaradıcılığını, eləcə də musiqi irsimizi toplamaq və qoruyub saxlamaq sahəsindəki fəaliyyətinə görə YUNESKO-nun xoşməramlı Səfiri kimi yüksək ada layiq görülüb.

Həm öz ölkəmizdə, həm də dünyanın bir çox ölkələrində xeyirxahlığı və mərhəmətilə seçilən, sevilən Mehriban xanım hər duyan qəlbdə bir abidə kimi ucalır.

Dünyanın elə bir tanınmış ölkəsi yoxdur ki, orada ən nüfuzlu mətbuat səhifələrində onun haqqında Azərbaycana sevgi, məhəbbət dolu təqdimatlar, məqalələr, çıxışlar dərc olunmamış olsun.

Bütün bunları gördükcə mən də bir ziyalı və həyatını Azərbaycan elminə həsr edən şərqşünas kimi çox sevinirəm. İnanıram ki, Azərbaycan yüksək təfəkkürü, ağlı, zəkası olan, xalqımızın sözünü dünya səviyyəsində yüksək səviyyədə deyə bilən bacarıqlı rəhbərlərin möhkəm əllərindədir.

Bax buna görə də insan yaşamaq istəyir.

Cümşüd MURADOV,

qocaman şərqşünas,

“Qızıl” qələm mükafatı laureatı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...