Poeziyamızda imzası olan şair Adil Qasımlı – 80

Çağdaş ədəbiyyatımızda zamanı düzgün qiymətləndirən, dövrün ruhunu, ahəngini duyan, ədəbi mühitə yeniliklər gətirən qələm sahiblərinin söz dünyasına baş vurarkən dünənə boylanır, həyatın axarını və nəbzini duyursan. Bu işıqda bu günümüzlə bağlı düşüncələr sənin gələcəyə olan yoluna bir mayk kimi işıq saçır. Elə tanınmış şair, əməkdar incəsənət xadimi Adil Qasımlının sənət dünyasını vərəqlədikcə mənəvi rahatlıq və nostalji hisslər səni tərk etmir. Cəmiyyətdə cərəyan edən hadisələrə münasibəti olduqca maraqlıdır. Şair dövrün sosial, ictimai, mədəni hadisələrinə biganə qalmayan və qələmi ilə zamanın tablosunu özünəməxsus bir şəkildə yaratmağa çalışan şairin 80 illik yubileyi ilə əlaqədar olaraq nəşr edilmiş "Adil Qasımlı - 80" jurnalı qarşımızdadır. Jurnala tanınmış şairin həyat və yaradıcılığı haqqında müxtəlif illərdə dövrü mətbuatda çap edilmiş məqalələr, əsərlərinə yazılmış rəylər və təhlillər yer alıb. Onun yaradıcılıq yolunun müxtəlif dövrlərini özündə əks etdirən ədəbi nümunələr də jurnala daxil edilib.

Xatırladaq ki, "Pambıqçı qızlar" adlı ilk şeiri 1958-ci ildə "Şərq qapısı" qəzetində dərc olunan şair dövri mətbuatda vaxtaşırı çıxış edib. Sonralar "Pıçıltılar", "Biz görüşəndə", "Dağlar, qalalar, babalar", "Qaranquş ömrü", "Sənə dönərəm", "Salam sevgi" şeirlər kitabları çap olunub. "Aylı gecənin qaranlığında" adlı pyesi C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Dram Teatrında tamaşaya qoyulub.

Jurnalda sözə ehtiyatla yanaşan, bədii təfəkkürdən yaranan ideyaları şeir dili ilə poetikləşərək oxuculara təqdim olunmuş bir şair irsinə və düşüncəsinə münasibəti görürük. Belə ki, yaradıcılıq yolu ilə diqqəti cəlb edən şairin söz dünyası haqqında tanınmış simalar fikirlər söyləmişlər. Filologiya elmləri doktoru professor Bəkir Nəbiyev yazırdı: "Adil Qasımlının şeirləri yeni ruhu ilə cəlbedicidir. Onun qələmə aldığı lövhələr canlı obrazları ilə yadda qalır". Akademik İsa Həbibbəyli isə yazır ki, Adil Qasımlının şeir yaradıcılığı həmişə özünün dərin lirizmi, səmimilik və poetik zərifliyi ilə diqqəti cəlb etmişdir.

Onun "Azərbaycan", "Səni səsləyirəm" və başqa şeirlərində müəllifin çırpınan qəlbinin səsi, istisi, vətənə olan segisi, ilahi hissləri dil açır. "Vətən və xalq taleyi onun yaradıcılığının əsas mövzusudur. Qədim diyarın təbiəti, uca dağları, qalaları, tarixin min bir fırtınasını görmüş abidələri, füsünkar gözəllikləri onun şeirlərinin ilham mənbəyidir" deyə ədəbiyyatşünas alim Yavuz Axundlu yazırdı.

Özünün deyimi, yaradıcılıq manevri ilə seçilən və sevilən, sözlü-söhbətli simalar sırasında yeri olan şair Adil Qasımlı sənət dünyasının söz bulağından su içməklə, mənəvi aləmini zənginləşdirək, 80 illik bir ömür zamanında yaratdığı həyat çələngini oxucusunun ixtiyarına vermişdir. Bu çələngdə insana, sənətə olan məhəbbət və şeirə olan vurğunluq özünün büruzə verir.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə