Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Bu gün yeniyetmə və gənc stolüstü tennisçilər arasında ölkə birinciliyinə yekun vurulub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkil etdiyi yarışın son günündə şəxsi, qoşa və qarışıq qoşa növlərində qalib və mükafatçılar müəyyənləşib.

2005-2008-ci il təvəllüdlü idmançıların şəxsi yarışından Aylin Əsgərova ilə Adil Əhmədzadə qalib ayrılıb. 2009-cu il və daha kiçik yaşlı stolüstü tennisçilər arasında isə Yağmur Məmmədli və Onur Quluzadə ölkə çempionu adını qazanıb.

2005-2008-ci il təvəllüdlülərin qoşa yarışında Aysu Ağayeva – Aylin Əsgərova və Adil Əhmədzadə - Rüstəm Hacılı tandemi qələbə çalıb. 2009-cu il və daha kiçik tennisçilər arasında isə Şəbnəm Mansurova – Aynur Ağayeva və Onur Quluzadə - Ömər Aslanlı cütü bütün rəqiblərinə qalib gəlib.

Nəhayət, qarışıq-qoşa yarışlarında 2005-2008-ci il təvəllüdlülərdən Tahir Qubadovla Mərziyyə Nurmətova, 2009-cu il və daha kiçik yaş qrupunda isə Onur Quluzadə ilə Yağmur Məmmədli çempion adına layiq görülüb.

Xatırladaq ki, mayın 1-də start verilən ölkə birinciliyinin ilk günündə iştirakçılar komanda yarışlarında bacarıqlarını göstərmişdilər. Nəticələrə əsasən 2005-2008-ci il təvəllüdlü qızlar arasında Sumqayıt, oğlanlar arasında Bakı 1 kollektivi 1-ci yeri tutmuşdu.

2009-cu il və daha kiçik təvəllüdlü qızların mubarizəsindən Bakı 1, oğlanların mübarizəsindən isə Şabran komandası qalib ayrılmışdı.

Qalib idmançılara diplom və medallar təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə