Hövsanda humanitar tibbi aksiya keçirilib

Bu gün Milli Məclisin deputatı Sevinc Fətəliyevanın təşəbbüsü, Səhiyyə Nazirliyinin, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya İnstitutunun rəhbərliyinin dəstəyi ilə Səyyar Klinika tərəfindən Suraxanı rayonun Hövsan kəndində (88 saylı Poçt şöbəsinin qarşısında) humanitar tibbi aksiya keçirilib. SİA-nın xəbərinə görə, aksiyanın keçirilməsində məqsəd sakinləri operativ şəkildə erkən müayinə-müalicə etmək, onların səhhətləri ilə bağlı olan problemlərin həll olunmasına kömək göstərməkdən ibarətdir.

Saat 10-00-dan başlayan aksiya davam etməkdədir. Hazırda aksiya çərçivəsində 100-dən çox insan müayinə edilib. Müayinə edilənlər aksiya təşkilatçılarına öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, hazırda dünyada 7 milyard insandan 300 milyonu müxtəlif göz problemlərindən, 40 milyondan çoxu isə korluqdan əziyyət çəkir. Bu rəqəm hər il 45 mindən başlayaraq həndəsi silsilə ilə artmaqda davam edir. Vaxtında müayinə və müalicə etməklə korluq hallarının 80 faizinin qarşısını almaq mümkündür.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə