Metabolik sindromun səbəbləri nədir? - HƏKİM AÇIQLADI

“Metabolik sindrom bir yox bir neçə sistem orqanı zədələyən, daha çox ürək-damar xəstəliklərinin risk faktorlarını artıran bir pataloji haldır”. Bu sözləri SİA-ya açıqlamasında həkim terapevt Sübhan Hacıyev deyib.

Onun sözlərinə görə, bu patoloji hal özündə bir kompleks xarakter daşıyır: “Çünki bu zaman orqanizmdə maddələr mübadiləsinin pozulması nəticəsində gedən dəyişikliklər tək bir orqanı yox, bir neçə orqanı zədələmiş olur. Maddələr mübadiləsinin pozulması nəticəsində ilk olaraq orqanizmdə yağ mübadiləsi yəni, lipid spektr pozulduğu üçün xolesterinlərin damarlarda yığılıb qalması nəticədə daralma və bəzən də ağır hallarda tam tutulmaya gətirib çıxarır. Bu da həm ürək-damar, eyni zamanda beyin qan dövranını poza bilir. Bunun nəticəsində orqanizmdə insulinin qandan toxumalara keçmədiyi üçün insulinin damarları zədələdiyi faktor üzə çıxır, insulinə qarşı dirənclik yaranır, yəni insulin rezistentliyi artır və nəticədə şəkərli diabet əmələ gəlmiş olur”.

Sübhan Hacıyev sözlərinə belə davam edib: “Metabolik sindrom deyildiyində biz daha çox müasir zamanın bir xəstəliyi, daha doğrusu bəlası kimi qəbul edirik. Xüsusilə də günün birinci yarısında və səhərlər insanların heç qidalanmadığı bir dönəm ortaya çıxır ki, bu da lipik spektrın pozulmasının əsas səbəblərindən biridir. Ondan sonra insanlar daha çox fast fudlara və mənşəyi məlum olmayan yağda qızardılmış, daha çox doymuş yağlardan istifadə olunmuş qidalara üz tutduqları üçün bu problemlərlə üzləşirlər.

Zaman-zaman oturaq iş, idmanın həyatımızda olmaması, yürüşlərin edilməməsi piylənməyə gətirib çıxarır ki, bu da özündə bir çox problemləri ehtiva edir və nəticədə bu problemlər birinci növbədə ürək-damar sisteminə öz zədəsini vurur. Eyni zamanda metabolik sindrom irsi xarakter də daşıya bilər. İnsanlarda, xüsusilə də birinci dərəcəli qohumlarında piylənməyə meyllilik varsa, bu insanlar gənc yaşlarında bu cür xəstəliklərə daha diqqətlə yanaşmalıdırlar. Əgər özləri idman və düzgün dietaya riayət edərək arıqlaya bilmirlərsə, bunun üçün altda yatan səbəbləri araşdırmalıvə dietoloqlarla bu problemlərin öhdəsindən gəlməlidirlər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə