Türkiyənin Kahramanmaraş vilayətinin valisi Mükerrem Ünlüere fəlakət zonasında Azərbaycan Fövqəladə Hallar Nazirliyi qərargahının üzərində dalğalanan bayraq təqdim edilib. SİA xəbər verir ki, vilayətin valisinə bu bayrağı Azərbaycan diasporunun Kahramanmaraşda fəaliyyət göstərən diaspor strukturunun – Azərbaycan Təhsil, Mədəniyyət və Həmrəylik Cəmiyyətinin rəhbəri Tural Şahbazlı təqdim edib.
O bildirib ki, xilasetmə əməliyyatı başa çatdıqdan az sonra qərar verib ki, 2023-cü ilin fevralında baş vermiş zəlzələ zonasına ilk gələn Azərbaycan xilasedicilərinin qərargahı üzərində dalğalanan bayrağı qoruyub saxlasın.
“Xalqlarımızın həmrəyliyinin və qardaşlığının daha bir rəmzi olan bu bayrağı Kahramanmaraşın rəhbərinə təqdim etmək qərarına gəldim”, - deyə Cəmiyyətin rəhbəri vurğulayıb.
Qeyd edək ki, dağıdıcı zəlzələlərin episentrinə çevrilən Kahramanmaraşda Azərbaycandan 700-dən çox xilasedici çalışıb və onlar dağıntılar altından 17-si uşaq olmaqla 53 nəfəri xilas edə biliblər.
Bundan başqa, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasetmə dəstələri təbii fəlakət qurbanlarının 755-nin, o cümlədən 174 uşağın meyitini dağıntılar altından çıxarıblar.
Azərbaycan tərəfinin səyləri nəticəsində əyalətdə səhra xəstəxanası da yerləşdirilib, gündəlik isti yeməklərin paylanması təşkil edilib.
Bundan başqa, Azərbaycan hökuməti evlərini itirmiş insanların yerləşdirilməsi üçün Kahramanmaraşın uyğun strukturlarına 830 çadır təhvil verib.
Bütün xəbərlər Facebook səhifəmizdə