Zəlzələ nəticəsində Tərtərdə 3 ev dağılıb

Baş verən zəlzələ nəticəsində Tərtər rayonunda 3 ev uçulub.

SİA xəbər verir ki, bu barədə Tərtər rayon Icra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Ramiz Şabanov məlumat verib.

Komissiya sədri bildirib ki, rayonun İsmayılbəyli və Evoğlu kəndlərində 3 ev və bir mal tövləsi dağılıb, 6 evə ziyan dəyib:

"Hələlik dəqiqləşdirmələr aparılır. Ziyan dəyən evlərin sayı arta bilər".

Qeyd edək ki, noyabrın 15-də Ağdam rayonunda zəlzələ baş verib. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata əsasən, yerli vaxtla saat 23:48-də rayon ərazisində 5.7 bal gücündə zəlzələ baş verib. Zəlzələ episentrdə 5.7 bal, yaxın yaşayış məntəqələrində isə 3-5 bala qədər hiss olunub. Zəlzələnin dərinliyi 25 km olub.

Digər təkan isə saat 02:02:27-də Bərdə rayonu ərazisində qeydə alınıb. Zəlzələ episentrdə 3 bala qədər hiss olunub. Zəlzələnin dərinliyi 25 km olub. Zəlzələ ətraf rayonlarda hiss olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə