Bəhruz Quliyev: Ölkəmizdə keçirilən seçkilərin nəticələri seçicilərin rəyi əsasında formalaşır - MÜSAHİBƏ - SƏS TV

“Səs” Media Qrupun rəhbəri, siyasi ekspert Bəhruz Quliyevin sechki-2018.az saytına müsahibəsi

- Bəhruz müəllim, aprelin 11-də keçiriləcək prezident seçkilərinin işıqlandırılmasında və beynəlxalq ictimaiyyətə çatdırılmasında ölkə mediasının da üzərinə mühüm vəzifələr düşür. Sizcə, Azərbaycan mediası bu prosesə tam hazırdırmı?

- Azərbaycanda dövlətin diqqət və qayğısı sayəsində kifayət qədər peşəkar, beynəlxalq standartlara cavab verən media mövcuddur. Ölkəmizdə jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, redaksiyaların maddi-texniki təchizatının yaxşılaşdırılması, media təşkilatlarının müstəqil fəaliyyətinin dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlər milli mediamızın keyfiyyətcə yeni inkişaf mərhələsinə daxil olmasını şərtləndirib. Birmənalı şəkildə deyə bilərik ki, Azərbaycan mediası regionun ən güclü mediasıdır. Mediamız ölkəmizin həyatında böyük əhəmiyyət kəsb edən tədbirlərin, mühüm hadisələrin işıqlandırılmasında üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. Biz bunu daha əvvəlki seçkilərdə, həmçinin ilk Avropa Oyunlarının, ordumuzun Aprel zəfərinin, Formula – 1 yarışlarının və digər mühüm tədbirlərin işıqlandırılmasında aydın şəkildə müşahidə etmişik. Eyni zamanda, mediamızın seçki proseslərinin işıqlandırılmasında böyük təcrübəsi var. Media təmsilçiləri aprelin 11-də keçiriləcək prezident seçkilərinin Azərbaycanın demokratik inkişafı baxımından əhəmiyyətini düzgün qiymətləndirir. Ona görə də hesab edirəm ki, mediamız prosesin yüksək səviyyədə işıqlandırılması, dünya ictimaiyyətinə çatdırılması istiqamətində geniş fəaliyyət göstərəcək, xalqımızın bununla bağlı gözləntilərinə layiqincə cavab verəcək.

- Artıq seçkilərə 40 gündən də az vaxt qalır. Bu günə qədər müşahidə olunanlar Azərbaycan dövlətinin bu seçkilərə yüksək hazırlığını göstərir. Siz, seçkiöncəsi mühiti və müvafiq qurumların prosesə hazırlığını necə dəyərləndirirsiniz?

- Aprelin 11-də Azərbaycan vətəndaşları növbəti dəfə öz konstitusion hüquqlarından istifadə edərək, ölkəmizin gələcək inkişafı ilə bağlı mühüm qərar verəcəklər. Qeyd etmək lazımdır ki, ölkəmizdə insan hüquqlarının qorunması, vətəndaş cəmiyyətinin inkişafı istiqamətində qanunvericilik bazasının formalaşdırılması Azərbaycanın demokratik inkişafını şərtləndirir. Bu mənada seçkilərin azad və ədalətli, beynəlxalq standartlara uyğun keçirilməsi də mühüm əhəmiyyətə malikdir. Tam əminliklə deyə bilərik ki, ölkəmizdə keçirilən seçkilər və onun nəticələri bilavasitə seçicilərin rəyi əsasında formalaşır. Azərbaycanda sağlam, demokratik tələblərə cavab verən seçki mühiti mövcuddur. Seçki komissiyalarının və müvafiq qurumların da bu sahədə kifayət qədər təcrübələri var. Azərbaycanda “exit-poll”ların təşkili, müşahidəçilik institunun inkişafı prosesin şəffaflığını təmin edəcək mühüm məqamlardır. Ölkəmizdə hazırda ictimai-siyasi durum sabitdir, inkişaf hədəfləri aydındır və prezident seçkiləri bu hədəflərin reallaşdırılması baxımından böyük önəm daşıyır. Seçicilər öz demokratik hüquqlarından istifadə edərək, aprelin 11-də səsvermə məntəqələrinə gedərək, öz namizədlərinə səs vermək imkanından yararlanacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...