"Visa" və "Mastercard" Rusiyada fəaliyyətini dayandırıb

Qlobal ödəniş xidməti şirkətləri "Visa" və "Mastercard" Ukraynanın işğalı səbəbindən Rusiyadakı fəaliyyətlərini dayandırdıqlarını açıqlayıblar. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, "Visa" şirkəti tərəfindən verilən açıqlamada bir neçə gün ərzində Rusiyada buraxılmış "Visa" kartları ilə başlayan bütün əməliyyatların ölkə xaricində artıq işləməyəcəyi qeyd edilib. 25 ildir Rusiyada fəaliyyət göstərən "Mastercard", Rusiya bankları tərəfindən buraxılan kartlarının bundan sonra "Mastercard" şəbəkələri tərəfindən dəstəklənməyəcəyini qeyd edib.

Rusiya Mərkəzi Bankı isə "Visa" və "Mastercard"ın Rusiyada normal fəaliyyətini davam etdirəcəyini bəyan edib. Rusiya Mərkəzi Bankından verilən açıqlamada ölkədə "Visa" və "Mastercard" ilə edilən əməliyyatların Milli Ödəniş Kart Sistemi ilə həyata keçirildiyi bildirilib. Rusiyada bu kartlarla əməliyyatların davam etdiriləcəyinə işarə edilən açıqlamada, "Rus banklarının çıxardığı "Visa" və "Mastercard" kartları, müddəti bitənə qədər Rusiyada normal fəaliyyət göstərməyə davam edəcək."

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə