ABŞ-a bəzi uçuşların dayandırılması SƏBƏBİ AÇIQLANDI

Bir çox böyük beynəlxalq aviaşirkətlər 5G texnologiyasına keçid zamanı yarana biləcək potensial risklərə görə bəzi ABŞ uçuşlarının qrafikinə düzəlişlər edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, aviaşirkətlər ABŞ-da 5G texnologiyasının tətbiqinin təyyarələrdə texniki problemlər yarada biləcəyindən ehtiyat edərək uçuşları ləğv edib və ya təyyarə modellərini dəyişiblər.

"Emirates", "Air India", "All Nippon Airways", "Japan Airlines", "Lufthansa" və "British Airways" kimi şirkətlər 5G qeyri-müəyyənliyini əsas gətirərək bəzi uçuşlarda dəyişiklik etdiklərini açıqlayıb. Bəzi hava yolu şirkətləri uçuşları dayandırarkən, bəziləri ən çox texniki çətinliklərlə qarşılaşacağı gözlənilən "Boeing 777" model təyyarələrinin uçuşlarını dayandırıb. "Virgin Atlantic" və "Air France-KLM" kimi bəzi hava yolları şirkətləri heç bir uçuşu ləğv etmədiklərini, lakin vəziyyəti izlədiklərini bildirib.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə