Texasdan olan adi amerikalı santexnik Mark Oberxolserin adı səhvən "İŞİD" terror təşkilatının üzvləri sırasına yazılıb. Buna səbəb isə onun öz pikapını yaşadığı şəhərdə fəaliyyət göstərən avtosalonların birinə satması olub. SİA "vesti.ru"ya istinadən xəbər verir ki, onun satdığı "Ford" markalı pikap sondaran Suriyada peyda olub. "İŞİD" terrorçularının əlinə keçən başı bəlalı pikapla müxtəlif fotoşəkillər və təbliğat videoları yayılıb. Vaxtilə Markın iş dalınca sürdüyü və uşaqlarını məktəbə daşıdığı pikapın üzərinə qara "İŞİD" bayrağı və zenit topu yerləşdirilib.
Lakin terrorçular bir detalı unudublar. Belə ki, santexnik Mark reklam məqsədi ilə pikapın üzərinə çalışdığı firmanın emblemini və mobil telefonunun nömrəsini vurmuşdu. "İŞİD"-çilər isə həmin yazıları silməyiblər. Məhz fotoşəkillərin və videoların yayılmasından sonra Markın pikapı məşhurlaşıb. Bundan sonra ona çoxsaylı zənglər gəlməyə başlayıb. Zəngedənlər santexniki terrorçuluqda ittiham ediblər, ona hədə-qorxu gəliblər. Mark deyir ki, ona gün ərzində 200-dək telefon zəngləri gəlir və təhdilərdən sonra o ailəsini müdafiə etməkdən ötrü özünə odlu silah da alıb.
"Zəng edənlər deyirlər ki, mən terrorçuyam və evimə gəlib mənimlə haqq-hesab çürüdəcəklər. Ümumiyyətlə, fiziki zorakılıqla bağlı mənə qarşı olan təhdilər artmaqda davam edir" -deyə, Mark Oberxolser bildirib.
Ancaq bu da son deyil. Bir neçə gün sonra Marka Federal Təhlükəsizlik Bürosundan və Milli Təhlükəsizlik Agentliyindən olan "qonaqlar" baş çəkiblər. Onlar santexnikin maşınının Suriyaya necə gedib-çıxması ilə maraqlanıblar. Mark isə avtosalona işarə edib. Bəlli olub ki, pikap Türkiyəyə satılıb. Ondan sonra isə həmin avtomobilin Suriya ərazisinə keçməsi bəlli olub.
Artıq santexnik pikapını satdığı avtosalonu məhkəməyə verməyə hazırlaşır. Onun məqsədi mənəvi çətinliyə uğradığına görə bir milyon dollar təzminat almaqdır.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB