Böyük Britaniya etirazları "terrorçuluq" kimi təqdim edir

Böyük Britaniya etirazları "terrorçuluq" kimi təqdim edir

Böyük Britaniya hakimiyyəti Fələstinlə həmrəylik aksiyalarında iştirak edən vətəndaşları terrorçuluq qanunları ilə təqib etməyə başlayıb. Hüquq müdafiəçiləri bunun ölkədə etiraz və söz azadlığına ən ciddi hücum olduğunu deyirlər.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, iyul ayında Leyboristlər hökuməti "Palestine Action" qrupunu Terrorçuluğa Qarşı Qanuna əsasən qadağan edib. Qrup silah sənayesini hədəf alan birbaşa etiraz aksiyaları ilə tanınır. Qərarın ardından qrupa dəstək göstərənlərə 14 ilədək həbs cəzası tətbiq oluna bilər.

Metropolitan Polisi sentyabrda Parlament meydanında keçirilən aksiyada 474 nəfəri həbs edib. Bu, son 10 ildə tək bir tədbir çərçivəsində aparılan ən kütləvi həbsdir. Həbs olunan 466 nəfər Terrorçuluq Qanununa əsasən saxlanılıb.

Həbs edilənlər arasında səhiyyə işçiləri, əlil arabasında olan görmə məhdudiyyətli şəxs və keçmiş Quantanamo məhbusu Moazzam Beqq də var idi. Onların əksəriyyəti "Mən soyqırımın əleyhinəyəm. Palestine Action-u dəstəkləyirəm" yazılmış plakatlar tutublar.

Amnesty International UK-nin rəhbəri Saşa Deşmux bildirib: _"Etirazçılar zorakılığa çağırış etmirdilər və onları terrorçu kimi təqdim etmək absurddur"

Amnesty-nin Hüquq direktoru Tom Sauterden isə qeyd edir ki, Barclays bankının şüşələrini sındıran 5 aktivistə "terrorçuluq əlaqəsi" ilə cəza verilə bilər. _"Cinayət ziyanına görə terrorçu kimi cəzalandırmaq tamamilə qeyri-mütənasibdir"

BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk də qərarı "qeyri-mütənasib" adlandırıb və bunun "söz, dinc toplaşma və birləşmə azadlıqlarına icazə verilməz məhdudiyyət" olduğunu bildirib.

Təhlükəsizlik üzrə dövlət naziri Den Jarvis qərarı "milli təhlükəsizlik infrastrukturuna milyonlarla funt ziyan" və "intimidasiya kampaniyası" ilə əsaslandırıb. Lakin MI5-in bir hissəsi olan Birgə Terrorçuluq Analizi Mərkəzinin məxfi hesabatında qeyd olunur ki, qrupun fəaliyyətinin əksəriyyəti "terrorçuluq kimi təsnif edilə bilməz" - əsasən qrafiti, oturma aksiyaları və xırda vandalizm olub.

Human Rights Watch-un hesabatında vurğulanır ki, Böyük Britaniya "demokratik təminatların çökdüyü ölkələrdə tətbiq olunan etiraz nəzarəti taktikalarını" mənimsəyir. Hesabata görə 2024-2025-ci illərdə dinc aksiyalara görə insanlara çoxillik həbs cəzaları verilib.

Hüquqşünaslar xəbərdarlıq edir: terrorçuluq anlayışının genişləndirilməsi həm etiraz hüququnu boğur, həm də həqiqi terror təşkilatlarına qarşı qanunun gücünü zəiflədir.

Böyük Britaniyada "Palestine Action" qrupunun qadağan olunması etirazların terrorçuluq kimi yenidən təsnif edilməsi kimi qiymətləndirilir və ölkədə söz azadlığı ilə bağlı ciddi müzakirələrə səbəb olub.

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə