ABŞ 75 ölkə üçün immiqrant vizalarını dayandırır

ABŞ Dövlət Departamenti Ermənistan və daha 74 ölkənin vətəndaşlarına immiqrant vizalarının verilməsinin dayandırılacağını rəsmən təsdiqləyib.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, qərar ABŞ hökuməti yeni miqrantların “Amerika xalqının hesabına yaşamayacağına” əmin olana qədər qüvvədə qalacaq.

Məlumata görə, söhbət bütün viza növlərindən deyil, yalnız immiqrant vizalarından gedir. Daha əvvəl ABŞ-ın bu ölkələrin vətəndaşlarına bütün vizaların verilməsini dayandıracağını bildirsə də, sonradan yayımlanan açıqlamada qərarın yalnız immiqrant vizalarına şamil edildiyi dəqiqləşdirilib.

Dövlət Departamentinin “X” sosial şəbəkəsində yaydığı bəyanatda qeyd olunub ki, ABŞ hökuməti sosial müavinətlərdən qəbuledilməz dərəcədə yüksək istifadə edən 75 ölkənin vətəndaşları üçün immiqrant vizalarının emalını müvəqqəti dayandırır.

Qurum vurğulayıb ki, bu dondurma ABŞ hakimiyyəti potensial miqrantların ölkə üçün maliyyə yükünə çevrilməyəcəyinə əmin olana qədər davam edəcək. Dövlət Departamentinin sözçüsü Tommi Piqqot bildirib ki, nazirlik mövcud səlahiyyətlərindən istifadə edərək, gələcəkdə ABŞ üçün “yük” ola biləcək şəxsləri köçürülməyə yararsız hesab edə bilər.
Qərarın yanvarın 21-dən qüvvəyə minəcəyi açıqlanıb. Ermənistanla yanaşı, məhdudiyyətlər Rusiya, İran, İraq, Braziliya, Misir, Tayland və bir sıra digər ölkələrin vətəndaşlarına da şamil ediləcək.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə