İran qapalı “milli internet” şəbəkəsi yaratmağı planlaşdırır

İran hakimiyyəti ölkədə məhdud sayda veb sayta çıxış imkanı verən qapalı daxili internet şəbəkəsi yaratmağı planlaşdırır. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İranın rəqəmsal texnologiyalar üzrə mütəxəssisi Əmir Rəşid məlumat yayıb.

Məlumata görə, İran hökuməti əsasən yerli axtarış sistemləri, naviqasiya xidmətləri, mesajlaşma tətbiqləri və hətta ölkə daxilində fəaliyyət göstərəcək, Netflix-ə bənzər yayım platformasının daxil olduğu “milli internet” modeli üzərində işləyir. Daha əvvəl dövlət televiziyası IRIB İranda əlçatan olacaq veb saytların siyahısını dərc edib.

Nəşr qeyd edir ki, bu təşəbbüs İranın milli internet yaratmaq səylərinin bir hissəsidir. Sözügedən şəbəkə xarici dünyadan xeyli dərəcədə təcrid olunmuş, hökumət tərəfindən idarə edilən və Çinin internet modelinə bənzər “yüngülləşdirilmiş” bir sistem kimi qiymətləndirilir.

İnternet monitorinq xidməti NetBlocks isə yanvarın 8-də İranda hazırkı etirazlar başlayandan bəri ilk dəfə olaraq ölkə üzrə internetin tamamilə kəsildiyini qeydə aldığını açıqlayıb. Xatırladaq ki, cümə axşamı günü İranda son illərin ən böyük etiraz aksiyaları baş verib. Etirazlara 1979-cu ildə devrilmiş İran şahının oğlu Rza Pəhləvinin çağırışı təkan verib. Bundan sonra isə mövcud hakimiyyətin tərəfdarları da küçələrə çıxıblar.

İranda etirazlar 2025-ci ilin dekabr ayının sonlarında milli valyuta olan İran rialının kəskin devalvasiyası fonunda başlayıb. Əvvəlcə əsas narazılıq qiymət artımı və məzənnə dəyişiklikləri ilə bağlı olsa da, sonradan bir sıra şəhərlərdə aksiyalar polislə toqquşmalara çevrilib və siyasi xarakter alıb. Hadisələr zamanı həm etirazçılar, həm də təhlükəsizlik qüvvələri arasında itkilərin olduğu bildirilir.

İranın Ali Milli Təhlükəsizlik Şurası isə baş verən iğtişaşların təşkilində ABŞ və İsraili ittiham edib.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə