Keçmiş baş nazir İrakli Qaribaşvili beş il müddətinə azadlıqdan məhrum edilib

Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvili beş il həbs cəzasına məhkum edilib və bir milyon lari cərimə olunub.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, keçmiş baş nazir həmçinin "cinayətkar fəaliyyət yolu ilə əldə etdiyi və evində axtarış zamanı müsadirə etdiyi vəsaitlər dövlətə müsadirə olunacaq".

Qaribaşvili günahını tam etiraf edib və məhkəmə tərəfindən qəbul edilmiş prokurorluqla "prosessual razılaşma" imzalayıb.

Keçmiş hökumət başçısı Gürcüstan Cinayət Məcəlləsinin 194-cü maddəsinin 3-cü hissəsi - külli miqdarda qanunsuz gəlirlərin yuyulması ilə ittiham olunub.

İstintaq müəyyən edib ki, Qaribaşvili Gürcüstan hökumətində xidmət edərkən gizli şəkildə qanunla qadağan olunmuş bizneslə məşğul olub.

Qaribaşvili külli miqdarda qanunsuz gəlir əldə edib və mənşəyini gizlətmək üçün aktiv bəyannamələrində pulları qohumlarından hədiyyə kimi aldığını bildirib.

Qeyd edək ki, Qaribaşvili 2013-2015 və 2021-2024-cü illərdə Gürcüstanın Baş naziri olub. Bundan əlavə, o, müxtəlif illərdə Daxili İşlər naziri və Müdafiə naziri vəzifələrini tutub.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə