Venesuelada fövqəladə vəziyyət elan olunub, Maduro ABŞ-ni hərbi təcavüzdə ittiham edib
Venesuela Prezidenti Nikolas Maduro Venesuelaya hücumla əlaqədar fövqəladə vəziyyətin tətbiq edilməsi haqqında fərman imzalayıb. SİA TASS-a istinadən xəbər verir ki, bu barədə Venesuelanın xarici işlər naziri İvan Xil Pinto bildirib.
"Prezident Nikolas Maduro Venesuela Konstitusiyasına, fövqəladə vəziyyətlər və milli təhlükəsizlik haqqında qanuna ciddi şəkildə uyğun olaraq, müvafiq vaxt və şəraitdə həyata keçirmək üçün bütün milli müdafiə planlarını aktivləşdirib", - o yazıb.
"Venesuela Bolivar Respublikası Birləşmiş Ştatların hazırkı hökuməti tərəfindən ölkənin paytaxtı Karakas şəhərinin mülki və hərbi bölgələrində, həmçinin Miranda, Araqua və La Quayra ştatlarında Venesuela ərazisinə və əhalisinə qarşı törədilmiş son dərəcə ağır hərbi təcavüzü pisləyir və beynəlxalq ictimaiyyətə bəyan edir", - Pinto bildirib.
O vurğulayıb ki, bu akt "Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin, xüsusilə də suverenliyə hörmət, dövlətlərin hüquqi bərabərliyi və güc tətbiqinin qadağan olunmasını təsbit edən 1 və 2-ci maddələrinin şəkildə kobud pozulmasıdır".
"Bu təcavüz beynəlxalq sistemdə, xüsusən də Latın Amerikası və Karib regionunda sülh və sabitliyi təhdid edir, milyonlarla insanın həyatını ciddi təhlükə altına qoyur. Bu hücumun məqsədi Venesuelanın strateji ehtiyatlarını, xüsusən də neft və faydalı qazıntılarını ələ keçirmək, ölkənin siyasi müstəqilliyini zor gücü ilə sarsıtmaq cəhdidir. Bu cəhd iflasa məhkumdur", - xarici işlər naziri qeyd edib.
"Biz Latın Amerikası, Karib regionu və bütün dünya xalqlarını və hökumətlərini bu imperialist təcavüzə qarşı fəal həmrəyliyə çağırırıq", - XİN başçısı bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB