İstanbul yeni ili qarla qarşıladı

İstanbulun şimalında yeni ilin ilk saatlarında güclü qar yağışı müşahidə olunub. Qarla örtülən yollarda nəqliyyat vasitələri çətinliklə hərəkət edib.

SİA Türk CNN xəbər saytına istinadən məlumat verir ki, İstanbulun şimalındakı rayonlarda qarın qalınlığı 20 santimetrə yaxınlaşıb. Sarıyer, Beykoz, Arnavutköy, Ümraniye və Çekmeköydə yollar, evlərin damları və avtomobillərin üzəri ağ örtüklə örtülüb.

Sarıyerin Böyükdərə prospektində nəqliyyat vasitələri hərəkətdə çətinlik çəkib. Sürüşərək yolda qalan avtomobillər də olub.
Şimal Mərmərə avtomagistralının Sarıyer hissəsində də güclü qar yağışı müşahidə olunub. Bəzi nəqliyyat vasitələri yolda qalıb, bəzi sürücülər isə avtomobillərini yol kənarına çəkərək qarın dayanmasını gözləyiblər.

Qarla örtülmüş yoxuşları qalxa bilməyən nəqliyyat vasitələri yolda uzun növbələr yaradıb. Bəzi vətəndaşlar yolda qalan avtomobilləri xilas etmək üçün səfərbər olublar.

Qar təmizləyən texnikalar gecə boyu fasiləsiz işləyib, eyni zamanda duzlama işləri də aparılıb.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə