Aviaqəzanın necə baş verdiyinə aydınlıq gətirilməlidir - Türkiyəli ekspert - VİDEO

Rusiya Prezidenti Vladimir Putinin üzrxahlığından sonra aviaqəzanın necə baş verdiyinə aydınlıq gətirilməlidir. SİA xəbər verir ki, bunu türkiyəli siyasi ekspert Oğuzhan Bilgin "Haber Global" telekanalının efirində deyib.

Onun sözlərinə görə, Rusiya tərəfinin təyyarənin quş sürüsü ilə toqquşması, daha sonra göyərtəsində qaz balonunun partlaması kimi iddiaları ortaya atması hadisənin ört-basdır edilməsinə yönəlib:

"Bu baxımdan, Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyevin sonuncu telefon danışığında hadisə ilə bağlı üzrxahlığından sonra qəzanın necə baş verdiyinə aydınlıq gətirilməli və ya qəza şəraitini bilə-bilə təyyarənin həmin ərazilərdəki hava limanlarına enişinə icazə verməməsi ilə bağlı araşdırmanın nəticələri açıqlanmalıdır".

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib. Dekabrın 29-da isə 3-ü ekipaj üzvü olmaqla 24 nəfərin nəşi ölkəyə gətirilib.

Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Qeyd edək ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə