Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında Qəzzada İsrail ilə fələstinli müqavimət qrupları arasında atəşkəsin bərpası və girovların azadlığa buraxılması çağırışı edilib.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Qəzzada təcili, şərtsiz, daimi atəşkəs və girovların azad edilməsi tələbinin yer aldığı qətnamə BMT Baş Assambleyasında 9 əleyhinə və 158 lehinə səslə qəbul olunub, 13 ölkə bitərəf qalıb. Bununla bərabər iclasda üçüncü dəfə nəticəsi olmayan atəşkəs qətnaməsi təsdiqlənib.
Baş Assambleyada digər bir səsvermə isə BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyinin dəstəklənməsini nəzərdə tutan qətnamə ilə bağlı idi. 9 əleyhinə və 159 lehinə səslə qəbul edilən qətnamədə İsrailin BMT ofislərinin fəaliyyətinə mane olmasından narahatlıq ifadə olunub.
Türkiyənin BMT-dəki daimi nümayəndəsinin müavini Aslı Güvən də Baş Assambleyada çıxış edib. Türkiyənin Fələstinin ədalətli mübarizəsinə dəstəyini bir daha vurğulayan Güvən atəşkəs təkliflərinə veto qoyan ölkələrə etirazını bildirib: “Veto atəşkəs qərarını dayandıra bilər amma həqiqəti susdura və ya ədalətə olan ehtiyacı azalda bilməz. Həqiqətlər vetoya məruz qala bilməz. Tarix kimin səssiz qaldığını, kimin isə sülh tərəfdarı olduğunu xatırlayacaq.”
İsrailə silah ötürülməsinin dayandırılması çağırışını bir daha təkrarlayan Güvən deyib: “Bu, işğalın sona çatdırılması və mülki şəxslərin qorunması üçün hüquqi, humanitar və əxlaqi bir zərurətdir.”
Bütün xəbərlər Facebook səhifəmizdə